Fuad Heydərli: “Dünya Azərbaycanlılarının həmrəylik, birlik qurultayının Şuşada keçirilməsi böyük tarixi hadisədir”backend

Həmişə olduğu kimi, bu gün də Azərbaycan yenidən böyük bir tədbir qarşısındadır. Aprelin 21-25-də işğaldan azad olunmuş Şuşa şəhərində Dünya Azərbaycanlılarının V həmrəylik, birlik qurultayı keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, artıq bu böyük tədbirin təşkili ilə bağlı hazırlıq işləri başa çatmaq üzrədir. Möhtəşəm qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edəcək. Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük tədbiri olacaq. Dünya ölkələrində Azərbaycan diasporunun formalaşması prosesində, dünya azərbaycanlılarının təşkilatlanmasında, ümumiyyətlə, diaspor quruculuğunda ümummilli lider Heydər Əliyev böyük rol oynayıb. Ulu öndər 23 may 2001-ci ildə “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” imzalazdığı Sərəncam imzalayıb. Həmin il noyabrın 9–10-da isə Bakıda birinci qurultay keçirilib. Ulu öndər Heydər Əliyev həmin tədbirdə geniş nitq söyləyərək, Azərbaycan diasporu qarşısında duran taleyüklü vəzifələri müəyyənləşdirdi. Və o zaman Qarabağ probleminin həlli ölkə qarşısında, eləcə də diaspor təşkilatları üçün ən aktual vəzifə idi.

Azərbaycan diasporu bu gün öz inkişafının birlik və həmrəyliyinin yeni, ən yüksək mərhələsini yaşayır. Bu, ilk növbədə, Ulu Öndərimizin diaspor siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və zənginləşdirilməsi sayəsində mümkün olub. Bu Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçərək dünyada öz sözü və yeri olan dövlətə çevrilib. Bu, xaricdə yaşayan soydaşlarımıza əlavə güc verir, uğurlarımızı daha da möhkəmləndirmək naminə səyləri artırmağa sövq edir. Xüsusən 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdə, Qarabağın işğaldan azad edilməsində milli birliyimizin və həmrəyliyimizin rolu danılmazdır. Bir faktı qeyd etmək istəyirəm ki, bu gün xaricdə təhsil alan tələbələrimiz Azərbaycan diasporunun fəaliyyətinə güclü dəstək verirlər. Diaspor fəaliyyətimizin inkişaf etməsində və yeni texnologiyalardan yararlanmasında dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin xidmətləri danılmazdır. Həmçinin, tələbələrimiz istər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, istər Dağlıq Qarabağ problemi barədə obyektiv rəyin formalaşdırılması, həm də zəngin tarixi-mədəni irsimizin təbliğ olunmasında fəal iştirak edirlər. Azərbaycan dövləti öz növbəsində xaricdə təhsil alan tələbələrə, onların uğurlu fəaliyyətinə xüsusi diqqət yetirir, gənclərin fəaliyyətini stimullaşdıran addımlar atır. Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi qurultayı 30 il Azərbaycanda və dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların Qələbə Zəfərimiz olan Şuşada qürur duyduğumuz «Şuşa İli»ndə ilk dəfə tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə və coşqu ilə qeyd olunacaq. Çünki artıq torpaqlarımız işğaldan azad olunub.Bütün bunlar sübut edir ki, Dünya Azərbaycanlılarının V Qurultayının çağırılması, üstəlik, bu addımın torpaqlarımızın işğaldan azad olunduğu dövrdə atılması, eləcə də, soydaşlarımızın Ali Məclisinin Şuşada keçirilməsi hər birimiz üçün nəinki arzuolunan, həm də qürurverici faktdır. Qoy dostlarımız da, düşmənlərimiz də görsünlər ki, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasəti hər bir soydaşımızın istənilən arzusunun reallaşdırılmasını təmin etmək iqtidarındadır.

Fuad Heydərli,

YAP Səbail rayon təşkilatının təlimatçısı