Füzulinin adı da, şanı da özünə qayıdıb Minlərlə füzulilinin öz ata-baba yurduna qayıtması təmin edilibbackend

Azərbaycan Ordusu 44 günük Vətən müharibəsində öz şərəfli missiyasını yerinə yetirərək erməni işğalındakı torpaqlarımızı azad etdi. Ali Baş Komandan İlham Əliyev tərəfindən Vətən müharibəsində ordumuz qarşısına qoyulan ən çətin əməliyyatlardan biri də Füzuli əməliyyatı idi. Hələ 5 yanvar 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin əmri ilə baş tutumuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. İşğal dövründə Prezident İlham Əliyev Füzuli rayonunun bizdə olan hissəsinə dəfələrlə səfər etmişdir. Cənab Prezident 12 dəfə bu rayonda olmuşdur. Bu dövürdə rayonun inkişafı ilə bağlı tikinti işləri görüldü, sosial layihələr icra edildi. 30 ilə yaxın müddətdə yerli sakinlərin bir hissəsi burada yaşamışdır. Lakin rayonun tam azad olunması vacib idi. Füzulinin alnması ordumuz üçün çox önəmli idi. Çünki bu rayonun alınması ilə digər işğaldakı rayonlara dəhliz açılırdı. Qəhrəman Ordumuzun böyük şücaət göstərərək Füzulini oktyabrın 17-də geri aldı. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Prezident İlham Əliyev 2021-ci ildə Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib ki, müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi, çünki böyük yaşayış məntəqəsi idi: “Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edildi. Füzuli uğrunda çox şiddətli döyüşlər gedirdi, bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi. Mən Füzulinin azad olunması xəbərini Azərbaycan xalqına çatdıranda artıq Azərbaycan xalqı və hesab edirəm, bütün dünya gördü ki, biz öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyik, heç bir qüvvə bizi dayandıra bilməz.
Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Bir daha demək istəyirəm ki, Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir”.
Vətən müharibəsində döyüşənlərin, şəhid olanların xatirəsi dövlətimiz və xalqmız tərəfindən hər zaman əziz tutulur. Qazilərimzə ehtiram edilir, yardımlar göstərilir. Cənab Prezidentin müvafiq sərəncamı ilə şəhidlərin adına ailə üzvlərinə, qazilərə medallar təqdim olunur. Bu baxımdan Prezident İlham Əliyevin sərncamı ilə “Füzulinin azad olunmasına görə” medal da təsis olunmuşdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bu medal həm də Füzuli uğurunda şəhid olanların ruhuna ehtiramdır.
Ermənitstan işğalda saxladığı digər rayonlar kimi Füzulidə də çox böyük dağıntılar, hərbi cinayətlər törətmişdir. Onu da deyək ki, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılıb. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir. Ermənistan bu hərbi cinayətlərin cavabını verməlidir.
Hazırda işğaldan azad olunan bütün rayonlarda, o cümlədən Füzulidə minatəmizləmə işi aparılır. Eyni zamanda bu ərazilər minalardan təmizləndikcə abadlıq-quruculuq iləri aparılır. Füzuli bizim tarixi, qədim yaşayış məskənimizdir. Azərbaycan dövləti Füzulinin adını da, şanını da özünə qaytarıb. Minlərlə füzulilinin öz ata-baba yurduna qayıtması təmin edilib. Okytabrın 17-si bütün füzulililər üçün əlamətdar gündür. 2023-cü il isə bu günü “Füzuli şəhər günü” kimi xalqımız qeyd etdi. Cənab Prezident bu günün önəmini nəzərə alaraq Füzuli rayonuna səfər etmişdir. Füzulililəri bu gün də tək qoymadı, onlarla bu tarixi günü birgə qeyd etdi. Həmin gün, həmçinin Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunda xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı konsert və təqdimatlar olub. Tamaşaçılar ifaları hərarətlə qarşılayıblar. Füzuli Şəhəri Günü möhtəşəm atəşfəşanlıqla başa çatıb. Bu günlər xaqlmız, füzulililər üçün unudulmazdır.

Paşa-zadə Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi