Gədəbəydə gənc oğlandan yetkinlik yaşına çatmayan sevdiyi qıza qarşı dəhşətli əməlbackend

Gədəbəy rayonunda 1998-ci il təvəllüdlü Nahid yetkinlik yaşına çatmayan sevgi münasibətində olduğu Gülşən (adlar şərti göstərilib – red.) ilə cinsi əlaqədə olub.

Demokrat.az-ın məlumatına görə, hadisə 30 avqust 2023-cü ildə, saat 23 radələrində Gədəbəy rayonunun kəndində baş verib.

Nahid kənddə yerləşən xalası Əminəyə məxsus yaşayış evində aralarında iki ildən çox yaş fərqi olmaqla onun üçün aşkar surətdə on altı yaşına çatmayan Gülşən ilə öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Hadisəni törədən Nahidin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonunun kəndində yaşayır: “Yaşadığım kənddə yerləşən “avtoyuma” məntəqəsində avtomobil yuyub ailəmi dolandırıram. Mən 2-ci Qarabağ müharibəsində könüllü iştirak etmişəm, üç medal almışam, bir dəfə yaralanmışam. Lakin yenidən sağaldıqdan sonra döyüşə qayıtmışam. Torpaqlar azad olunan günədək döyüşmüşəm”.

Nahidin ifadəsinə görə, 2023-cü ilin iyun ayında Gədəbəy rayonunun kəndində Gülşən ilə tanış olub: “Gülşən həmin il həmkəndlim Mahirəgilə qonaq gəlmişdi və həmin vaxtdan bir-birimizi gördük, aramızda sevgi münasibətləri yarandı. Mənim fikrim ciddi olub. 29 avqust 2023-cü ildə Gülşən ilə telefonla danışan zaman evlənmək üçün mənimlə qoşulub qaçmağı təklif etdim. Gülşən mənim təklifim ilə razılaşdı. Avqustun 30-da Gədəbəy rayonundan özümə məxsus VAZ-2111 markalı avtomobillə Gəncə şəhərinə Gülşənin dediyi ünvana getdim. Həmin yerdən Gülşəni götürərək, Gədəbəy rayonunun kəndində yaşayan xalam Əminənin evinə gətirdim. Xalamın evində Gülşən ilə ikimizə birlikdə yer saldılar. Həmin vaxt Gülşən ilə cinsi əlaqədə olmaq istədim. Gülşən mənə 16 yaşının tamam olmadığını dedi. Bu səbəbdən Gülşənlə onun öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə oldum. Gülşəni qaçıran zaman, eləcə də onunla cinsi əlaqədə olan vaxt ona qarşı hər hansı zorakılıq, fiziki və ya psixi təsir göstərməmişəm. Gülşən ilə ər-arvad münasibətlərində birlikdə yaşayırıq”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Gülşənin sözlərinə görə, Gəncə şəhərində valideynləri və digər ailə üzvləri ilə birlikdə yaşayır: “Gədəbəy rayonunun kəndində yaşayan xalam Mahirənin evinə qonaq getdim. Onlarda qalarkən təsadüfən həmin kənddə yaşayan Nahid ilə tanış oldum və telefon nömrələrimizi bir-birimizə verdik. Mütəmadi əlaqə saxladıq. Nahid mənimlə evlənmək istədiyini dedi və mənə ailə qurmaq məqsədilə qoşulub qaçmağı təklif etdi. Avqustun 29-da, saat 20 radələrində Nahidlə telefonla danışdım və danışıq zamanı Nahid birlikdə evlənmək məqsədilə Gədəbəy rayonuna getməyi təklif etdi. Mən də onun təklifi ilə razılaşdım”.

Zərərçəkmiş qeyd edib ki, avqustun 30-da, saat 21 radələrində Nahid ilə onun yaşadığı evin yaxınlığında görüşüb və Nahidin avtomobili ilə Gədəbəy rayonunun kəndinə, Nahidin xalasının yaşadığı evə gəliblər: “Həmin gecə saat 23 radələrində Nahidin təklifi ilə razılaşaraq könüllü razılıq əsasında qeyri-təbii yolla cinsi əlaqədə olduq. Mən Nahiddən şikayətçi deyiləm, bir ailə kimi birlikdə yaşayırıq. Mən hazırda hamiləyəm”.

Bu cinayət işinə Gədəbəy Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nahidin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddə tətbiq olunub. Ona 8 ay sınaq müddəti olmaqla 1 il müddətinə şərti cəza verilib.