Gənc Mühasiblər İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi layihənin icrası başa çatıb. Layihənin əsas məqsədi Azərbaycanda mühasibatlıq sahəsində təhsilin keyfiyyətini artırmaq, gənclərin karyera inkişafına dəstək göstərmək və mütəxəssis hazırlığını təşviq etməkdir.
Layihə çərçivəsində mühasibatlıq sahəsində bilik və bacarıqlarını artırmaq istəyən hər kəs üçün açıq olan innovativ rəqəmsal platforma yaradılıb. Bu platforma ölkədə ilk dəfə onlayn mühasibatlıq dərsləri və kursları təqdim etməklə yanaşı, gənclərin məşğulluğunu dəstəkləyən, sahəyə dair xəbərlər və faydalı məlumatları bir araya gətirən vahid mərkəz rolunu oynayacaq.
Platforma interaktiv kurslar, qiymətləndirmə sistemləri, sertifikasiya imkanı, CV bazası və karyera dəstəyi vasitəsilə istifadəçilərin peşəkar inkişafına xidmət edəcək.
Layihə çərçivəsində platformanın saytının təqdimat mərasimi də keçirilib. Təqdimat mərasiminin açılışına Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva başlayıb. Daha sonra Gənc Mühasiblər İctimai Birliyinin əməkdaşlıq etdiyi Financial Chain Corporation şirkətinin direktor müavini Valid Hüseynov layihə barədə fikirlərini bölüşüb. Sonra isə saytın təqdimatı üçün söz icraçı direktor Qərənfil Rəhmanovaya verildi. Sayt iştirakçılara təqdim edildikdən sonra sayt haqqında fikirlər və suallar səsləndirildi.
Bu təşəbbüs Azərbaycanda mühasibatlıq sahəsində rəqəmsallaşmaya töhfə verməklə yanaşı, gənclərin bilik və bacarıqlarını artırmaq, həmçinin əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanmasına xidmət edir.