Gənc sosial işçilər üçün təlim proqramının üçüncü mövsümünə tələbə qəbulu elan edilirbackend

“İrəli” İctimai Birliyi gənc sosial işçilər üçün həyata keçirilən “Essentials of Social Work” təlim proqramının üçüncü mövsümünə tələbə qəbulu elan edir.

İctimai.az xəbər verir ki, üç aylıq təlim proqramı çərçivəsində seçilmiş gənclər bu sahənin peşəkar mütəxəssisləri tərəfindən müxtəlif təlim və görüşlərdə iştirak edərək, öz biliklərini nəzəri və praktiki modullar vasitəsi ilə artıracaqlar.

Ümumilikdə 75 akademik saatı əhatə edən proqram boyunca sosial işçi təcrübələri, empatiya burulğanı, ahıllar, əlilliyi olan şəxslər, qazilər, bullinqə məruz qalmış uşaqlar, sağlamlıq imkanı məhdud uşaqlarla sosial iş, sosial psixologiya, effektiv ünsiyyət, stressin idarə edilməsi və digər mövzularda təlimlər keçiriləcək. Həmçinin proqram müddətində müxtəlif sosial xidmət müəssisələrinə səfərlər də nəzərdə tutulub.

Həyata keçirilən proqramın əsas məqsədi gənclərə sosial iş sahəsini qeyri-formal təhsil metodları ilə öyrətmək, habelə gənc təlimçi və fasilitatorların, potensial sosial işçilərin hazırlanması, onların bilik və bacarıqlarının artırılması yolu ilə gənclərlə keyfiyyətli işə nail olmaqdır.

Qeyd edək ki, təlim proqramının ilk iki mövsümündə ümumilikdə 100-ə yaxın gənc iştirak edib. Proqramda iştirak etmək istəyən 17-23 yaş arasında, sosial iş üzrə ixtisaslaşan, bu sahəyə maraqlı, yüksək motivasiyalı, təşəbbüskar, komandada işləmək bacarığına malik gənclər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.