Bu gün Qərbi Azərbaycan İcması Gənclər Şurasının 2 fevral – Gənclər Gününə həsr olunan tədbir keçirilir. Tədbirin məqsədi ötən dövr ərzində İcmanın ictimai həyatında fəal iştirak edən gənclərin və bütövlükdə Gənclər Şurası ilə əməkdaşlıq edən gənclər təşkilatlarının mükafatlandırılması, eyni zamanda Gənclər Şurasının yenilənmiş strukturunun təqdimatı və bundan sonrakı dövrdə fəaliyyətimiz haqqında məlumat verməkdir.
Trend xəbər verir ki, bunu bu gün Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri, Milli Məclisin Gənclər və idman komitəsi sədri, deputat Şahin İsmayılov jurnalistlərə açıqlamasında deyib.
Ş.İsmayılov vurğulayb ki, gənclər təşkilatlarının Qərbi Azərbaycan məsələsində iştirakı çox böyük önəm daşıyır:
“Gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Gənclər və gənclər təşkilatları Qərbi Azərbaycan həqiqətlərini yerli və beynəlxalq platformalarda dəstəklənməsinə nə qədər töhfə versələr, bir o qədər yekun məqsədimizə çatmağımıza yardımçı olarlar”.
O qeyd edib ki, bu il üçün kifayət qədər önəmli işlər nəzərdə tutulub.
“Yerli və beynəlxalq səviyyədə işlərin icrası Qərbi Azərbaycan ideyalarının daha geniş coğrafiyada yayılmasına gətirib çıxaracaq”, – deyə o əlavə edib.