“Gənclərin Maarifləndirilməsində Kömək” İctimai Birliyi Zəngilan və Cəbrayıla səfər təşkil edibbackend

44 günlük Vətən müharibəsində əldə edilən böyük Zəfərdən sonra dövlətimizin qarşısında duran ilk vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidənqurulması prosesinin uğurla aparılması idi. Hazırda bərpa və quruculuq işləri ilə paralel olaraq bir sıra kənd və şəhərlərə əhalinin köçürülməsi prosesi başlayıb. Şübhə yoxdur ki, dövlətimizin əsas məqsədlərindən biri də öz doğma yurdlarına əbədi qayıdan gənclərimizin regiona inteqrasiyasını və bölgənin inkişafına töhfə vermələrini təmin etməkdir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclərin Maarifləndirilməsinə Kömək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənclər Qarabağda” layihəsinin əsas məqsədi işğaldan azad olunmuş ərazilərin bərpa-quruculuq prosesində gənclərin fəal iştirakını təmin etmək, onların potensial iştirakını təşviq etmək və Qarabağda yaradılan şəraitlə bağlı onlara ətraflı məlumat vermək, habelə işğaldan azad edilmiş ərazilərdə gənclərin fəallığını artırmaq, onların bu ərazilərdəki inkişaf proseslərinə töhfə verməsini təmin etmək və Azərbaycanın artan nüfuzunun təşviqinə dəstək olmaqdır.

Layihə çərçivəsində təşkilat tərəfindən ilk olaraq bir qrup gəncin Zəngilan və Cəbrayıl rayonlarına səfəri təşkil edilib.

Gənclər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin nümayəndələri ilə görüşüblər. Bu görüşlər zamanı gənclərə Cənab Prezident İlham Əliyevin göstərişi ilə bu bölgədə aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verilmiş, həmçinin “Böyüq Qayıdış”ın ilk ünvanı sayılan Zəngilan rayonunun Ağalı “ağıllı kənd” layihəsi ilə bağlı gənclərə ətraflı məlumat verilib.

Daha sonra iştirakçılar Cəbrayıl şəhərində müasir standartlara cavab verən Mehdi Mehdizadə adında orta məktəbi ziyarət ediblər. Gənclərə bu təhsil ocağında yeni yaradılmış şərait haqqında geniş məlumat verilib, hərbi otaq, kimya otağı və digər ixtisaslaşmış laboratoriyalar nümayiş etdirilib.