Yaşadığımız dövr gənc nəsli kiçik yaşlarından hərbi ruhda böyütməyi tələb edir. Gənc nəsli psixoloji və mənəvi baxımdan hərbi həyata hazırlamaq vacibdir, Vətəni qorumaq üçün həmişə hərbə hazır olmaq lazımdır. Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığının səmərəliliyi nəzarətdə olunmağı tələb edir.Bəşəriyyət tarixində hər xalq ölkəsinin sosial-iqtisadi və siyasi inkişaf şəraitindən asılı olaraq hərbi bədən tərbiyəsi sistemini yaradır, yetişməkdə olan gənc nəslin hərbi biliklərə yiyələnməsinə nail olur. Bu bir həqiqətdir ki, hər bir xalqın hərbi-fiziki sistemi özünəməxsus şəkildə qurulmuşdur.
Xalqımızın ümummilli lideri Heydər Əliyev “Fəal həyat mövqeyinin formalaşdırılması: mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri” adlı elmi-praktik konfransdakı məruzəsində demişdir: “Yaşlı nəsillərin əsgəri rəşadəti, xalqımızın döyüş ənənələri böyük mənəvi təsir qüvvəsinə malikdir. Vəzifəmiz mənəvi tərbiyə ilə hərbi-vətənpərvərlik tərbiyəsini əlaqələndirərək, döyüşçülərimizin sayıqlığının, mənəvi və ideya mətinliyinin, var qüvvələrinin vətənin müdafiəsinə vermək əzminin artmasına kömək etməkdən ibarətdir”.
Fərəhli haldır ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdiyi, milli istiqlal yoluna qədəm qoyduğu bir dövrdə hərbi-fiziki tərbiyənin yeniləşməsi mühüm vəzifələrdən biri kimi qarşıya qoyulub. Ölkədəki müəyyən çətinliklərə baxmayaraq, hərbi-fiziki tərbiyə ilə əlaqədar məsələlər bir an belə arxa plana çəkilməyib, əksinə, bu sahədə işlər böyük vüsətlə davam etdirilir. İnkaredilməz həqiqətdir ki, hərbi-fiziki tərbiyəyə laqeydlik nəticə etibarilə gənc nəslin sağlamlığına, hərbi işə, mənəviyyata böyük ziyan vura bilər.
Qeyd edilməlidir ki, müstəmləkəçilik və totalitar rejim xalqımızın yüz illər ərzində formalaşmış hərbi-fiziki tərbiyə ənənələrinə ağır zərbə vurmuşdur. İmperiya öz hegemonluğunu təmin etmək məqsədilə başqa sahələrdə olduğu kimi, hərbi-fiziki tərbiyə sahəsində də ayrı-seçkilik siyasəti yeritmiş, Azərbaycan xalqının hərbi siyasi dirçəlişinin qarşısını almaq üçün mütərəqqi milli hərbi-fiziki tərbiyə ənənələri imperiyanın hərbi-fiziki tərbiyəsinin müti əlavəsinə çevrimişdir. İmperiyanın hərbi-fiziki tərbiyəsi bütövlükdə əsarət altına salınmış xalqların, o cümlədən Azərbaycan xalqının bu sahədə milli ənənələrini məhv etmişdir. Mərkəzdə xüsusi niyyətlə hazırlanmış hərbi-fiziki tərbiyə sisteminin əsasında duran saxta beynəlmiləlçilik və xalqlar dostluğu prinsipləri bu işdə xüsusilə mənfi rol oynamış, əslində, başqa xalqlar kimi, Azərbaycan xalqını da milli dəyərlərdən ayrı salmaq və ümumbəşəri dəyərlərindən məhrum etmək məqsədi daşımışdır. Əsrlər boyunca formalaşmış hərbi-fiziki tərbiyə ənənələrinin aradan qaldırılmasına yönəlmiş imperiya siyasəti, əslində, xalq və cəmiyyət arasındakı dialektik əlaqəni pozmuş, hərbi-fiziki tərbiyənin humanist xarakterinə, demokratikliyinə, dini-mədəni əlaqələrinə mənfi təsir etmiş, xalqın dili və tarixi ənənələri, peşəkar-zabitləri, generalları sıxışdırılmışdır. Bu, milli dirçəliş yolunda ciddi maneəyə çevrilmiş, Azərbaycan xalqı ümumdünya hərbi-fiziki tərbiyə prosesindən, regionun bir çox xalqları ilə min illər boyunca formalaşmış tarixi-mədəni əlaqələrindən ayrı salınmışdır. Azərbaycanda hərbi təhsil müstəmləkə qanunları əsasında maliyyələşdirilmiş, onun maddi-texniki bazasının inkişafına əhəmiyyət verilməmişdir. Sevindirici haldır ki, totalitar rejimlə birlikdə onun üçün səciyyəvi olan hərbi-fiziki tərbiyə də iflasa uğramışdır.
Müstəqilliyimizi qoruyub saxlamaq üçün Azərbaycanın ərazi bütövlüyünü təmin etmək lazımdır. Dövlətimiz və xalqımız bu yolda çalışır. Bildiyimiz kimi, Azərbaycan öz müstəqilliyini ağır və çətin bir dövrdə əldə edibdir. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı başladığı təcavüz nəticəsində Azərbaycanda ictimai-siyasi vəziyyət gərginləş, Azərbaycanın torpaqlarının bir qismi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, respublikamızın ərazi bütövlüyünə xələl gəlmişdi. Sevinirik ki, Azərbaycanın öz vətənini tükənməz məhəbbətlə sevən, onun hər qarşısını göz bəbəyi kimi qorumaq naminə canından belə keçməyə hazır olan çox qeyrətli gəncliyi 44 günlük vətən müharibəsində Ali Baş Komandan Ulu Öndərin vəsiyyətini yerinə gətirdi.. Əgər xalqımızda yüksək vətənpərvərlik hissi olmasa idi, 44 günlük vətən müharibəsində əzmli Qələbə qazan bilməzdik.
Son otuz ildə dövlət tərəfindən gənclərin qayğılarına diqqət güclənmiş, problemlərin əməli həlli üçün konkret addımlar atılmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin gərgin əməyi nəticəsində 1994-cü ildə atəşkəs elan edilmişdir. Dövlətimiz gənc müharibə veteranlarını da yaddan çıxarmamışdır. Belə ki, 1994-cü ildə ” Veteranlar haqqında” qanun qəbul edilmişdir. Bundan sonra da bir sıra qanunvericilik aktları qəbul edilmiş, “Veteranlar haqqında” qanuna dəyişikliklər olunmuşdur.
Ümummilli lider Heydər Əliyev 1995-ci ilin martında ölkə gəncləri ilə görüşərək, onların sağlam ruhda tərbiyə almaları və əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.
2 fevral 1996-cı ildən Heydər Əliyevin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, ölkədə Gənclər Gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu deyilənləri reallığa çevirdi. Ümummilli lider Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Ulu öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm vermişdir.
Ümummilli lider Heydər Əliyevin gənclərin forumunda məzmunlu çıxışı gəncliyimiz üçün proqram sənədinə çevrilmişdir. Heydər Əliyev demişdir. “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına, əbədi olmasına həsr etməkdən ibarət olmalıdır. Mən gənclərimizə bu tövsiyəni verirəm. Öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək lazımdır, bu dildə yaxşı danışmaq lazımdır, bu dili ana dili kimi daim duymaq lazımdır, bu dili sevmək lazımdır” Ümummilli liderin bu sözləri gənclərimizin həyatda və cəmiyyətdə öz yerlərini tutmasında böyük əhəmiyyət kəsb etmişdir.
Bu sahədə üzərimizə düşən vəzifələri biz həyata keçiririk və keçirəcəyik. Ancaq üzərimizə düşən vəzifələr çox böyükdür. Məlumdur ki, ordu gənclərdən ibarətdir. İndi ordunun 90 faizini gənclər təşkil edir. Gənclər təşkilatının, gənclərin ən əsas vəzifəsi hər bir gənci, hər bir Azərbaycan övladını orduya xidmətə hazırlamaqdan ibarət olmalıdır. Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik. Ona görə də mən bunu gənclər təşkilatlarının əsas vəzifəsi hesab edirəm. Hər bir Azərbaycan gəncinə isə gənclik vaxtına qədər özünü orduda xidmət etmək üçün hazırlamağı tövsiyə edirəm”.
Azər Neməti
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının ərazi ilk partiya təşkilatının sədr müavini