Gömrük Komitəsinin sədri vəzifəsinin həvalə olunduğu şəxs BİLİNDİbackend

Azərbaycan Prezidenti İlham Əliyev Şahin Soltan oğlu Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sənədlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Bağırova həvalə edilib.

Oxu.Az onun dosyesini təqdim edir:

Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə anadan olub. O, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.

1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlamış və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb. Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.

2010-cu ildə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni alıb.

2014-cü ilin yanvar ayından Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

Həmin ilin fevralın 3-də Prezidentin müvafiq sərəncamı ilə ona gömrük xidməti general-leytenantı rütbəsi verilib.

2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini vəzifəsindən azad edilib.

Qeyd: Ş.Bağırovun bioqrafiyası ayrı-ayrı vaxtlarda mediada çıxan məlumatlar əsasında hazırlanıb.