Gömrük sahəsində yenilik: Prosedurlar asanlaşdırılacaqbackend

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (United Nations ESCAP) “Transsərhəd kağızsız ticarətə hazırlığın qiymətləndirilməsi” layihəsi cari ildə Azərbaycanda öz işinə start verib.

Oxu.Az-ın məlumatına görə, layihə üzrə Komissiyanın milli koordinatorları – Dövlət Gömrük Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, ESCAP-ın nümayəndə heyəti və beynəlxalq ekspertlər arasında ilk görüş keçirilib.

Bu layihənin məqsədi Azərbaycanın transsərhəd kağızsız ticarətə keçməsi üçün texniki və hüquqi hazırlıq üzrə qiymətləndirmələrdən, tövsiyələr və fəaliyyət planlarından irəli gələn hesabatların hazırlanmasıdır. Layihə BMT-nin beynəlxalq ekspert qrupu tərəfindən reallaşdırılacaq. Nəticədə, BMT ilə birgə konfrans təşkil ediləcək.

Qeyd edilib ki, layihə Rəqəmsal Ticarət Qovşağının yaradılması və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn tapşırıqların yerinə yetirilməsi, o cümlədən xarici ölkələrlə rəqəmsal imzaların qarşılıqlı tanınması dövlətin digər elektron xidmətləri ilə birlikdə transsərhəd kağızsız ticarətin inkişafında çox önəmlidir.