Google rəsmi təqdimatdan əvvəl yeni Pixel Fold smartfonunun tanıtım videosunu YouTube-da yerləşdirdi. “The Verge” xəbər verir ki, videonun səhvən vaxtından əvvəl yayımlanması mümkündür.
Yalnız keçidlə baxıla bilən reklamda Milli Basketbol Assosiasiyasının (NBA) bir neçə ulduzu yer alıb. Onlar Google-un yeni qatlana bilən smartfonunun bəzi imkanlarını nümayiş etdirirlər – o, bükülmüş və açılmış vəziyyətdə göstərilir, həmçinin selfi çəkmək üçün 90 dərəcə bucaq altında stolun üzərinə yerləşdirilir. Bundan əlavə, istifadəçiyə iki displey arasında asanlıqla keçid etməklə videozəngin necə ediləcəyi göstərilir.
Eyni zamanda, reklamda yeni qurğunun heç bir texniki xarakteristikası açıqlanmır. Şayiələrə görə, əsas ekran 7,6 düym, xarici ekran isə 5,8 düym diaqonal alacaq. Pixel Fold-un mayın 10-da Google I/O 2023 təqdimatında təqdim ediləcəyi gözlənilir.















