Görülən işlər və əldə olunan nəticələr ölkəmizin inkişafının növbəti və yeni mərhələsidir – Şahin İsmayılovbackend

Ölkə Prezidenti yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi zamanı geridə qoyduğumuz 2021-ci ilin yekunları ilə bağlı danışarkən ölkəmizin yüksək iqtisadi inkişaf göstəricilərə malik olmasını qeyd etdi. Prezident iqtisadi artımın 5 faizdən çox olmasını, qeyri-neft iqtisadiyyatımızın 7,2 faiz, ümumi sənaye istehsalının 5 faizdən çox, qeyri-neft sənayesinin 20 faizə yaxın, valyuta ehtiyatlarımızın 2.5 milyard manat artmasını vurğulayaraq dedi ki, bu cür göstəricilər dünya miqyasında ən yüksək göstəricilərdən hesab oluna bilər. Dövlətimizin başçısı bunları söyləməklə vətəndaşları post müharibə dövründə və pandemiya ilə mübarizənin davam etdiyi bir vaxtda inkişafımızın səngiməməsi, əksinə, daha da sürətlənməsini ilə bağlı məlumatlandırdı. Görülən işlər və əldə olunan nəticələr ölkəmizin inkişafının növbəti və yeni mərhələsidir.

Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri də Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə bağlı idi. Ötən dövr ərzində azad edilmiş ərazilərdə infrastruktur layihələri icra edilib və edilməkdədir, azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılıb, kiçik fermer təsərrüfatlarına kömək göstərilir, işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə gedir, burada hərbi xidmət aparmaq üçün lazımi şərait yaradılır, elektrik təsərrüfatının yaradılması prosesi davam edir, şəhərlərarası yolların inşası və tarixi abidələrin bərpası prosesi də sürətlə davam edir. Böyük qayıdış üçün kifayət qədər əhəmiyyətli işlərin görülməsinin şahidiyik. Təbii ki, bütün bunlarla yanaşı sosial və humanitar fəaliyyət də uğurla icra edilir. Dövlətin bu siyasəti ən önəmli işlərdən hesab olunur və hər zaman prioritet istiqamət kimi qəbul edilir. Şəhid ailələri və qazilər daim diqqətdə saxlanılır. Onların sosial təminatının yaxşılaşdırılması üçün lazım olan bütün addımlar atılır. Eyni zamanda digər istiqamətlər üzrə də sosial paket uğurla icra edilir.

Cənab Prezidentin yerli televiziya kanallarına müsahibəsi zamanı diqqət çəkən fikirlərdən biri də onun şəffaflıq, ictimai nəzarət, korrupsiya ilə mübarizə, islahatlar prosesinin davam etdirilməsi kimi ciddi tapşırıqlarını növbəti dəfə ictimaiyyət qarşısında qeyd etməsi oldu.

Ölkə başçısının “Şuşa İli”ndə ilk müsahibəsi xalqımızı görülən işlər və ümumi mənzərə ilə bağlı məlumatlandırmaqla yanaşı düşmənə bir daha açıq mesajın ötürülməsini də ehtiva edirdi. Birincisi, görülən işlərin və yüksək göstəricilərin əldə olunması düşmənə göz dağıdır. Onlar bilməlidirlər ki, Azərbaycan hər sahədə inkişaf edir. Digər məsələ isə ondan ibarətdir ki, Müzəffər Ali Baş Komandan revanşist qüvvələrin hər zaman layiqli cavab alacaqları, ölkəmizdə hərbi quruculuq işlərinin davam etdirilməsini qətiyyətlə vurğuladı.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov