Güclü ordu, güclü dövlətbackend

Heydər Əliyev: “Hərbi peşə, zabitlik peşəsi, Vətəni müdafiə işi müqəddəsdir”

Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə qorunub saxlanılır və inkişaf etdirılır. Bu isə Ümummilli Lider Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ulu Öndər Heydər Əliyev deyirdi ki, XX əsrin sonunda öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri məhz Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun layiqli varisidir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrin quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verib, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaradıb. Lakin hələ yaxın keçmişdə Azərbaycan ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qaldı. Həm xaricdən, həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idı. Belə ki, Sovet hakimıyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar zamanından fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi – azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsınə imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçivanski adına ixtisaslaşdırılmış ilk hərbi məktəbi təşkil etdi. Bu liseydə azərbaycanlı uşaqlar təhsil alaraq, sonradan ölkənin ali hərbi məktəblərinə daxil olmaq, zabit peşəsinə yiyələnmək imkanı əldə etdilər. Məhz Heydər Əliyevin uzaqgörənliyi nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olunmuşdu.

Bu gün C.Naxçivanskı adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Lakin bu nailiyyətlər asanlıqla əldə edilməmiş, çox mürəkkəb və çətin tarixi inkişaf yolu keçmişdir. Bu da Ümummilli Lider Heydər Əliyevin gücü və siyasi iradəsi nəciəsində olmuşdur. Dahi lider deyirdi ki, hərbi peşə, zabitlik peşəsi, Vətəni müdafiə işi müqəddəsdir. Buna görə də ulu öndər daimi bu hərbi məktəbi diqqətdə saxlayır, burada olan bir çox açılış və tədbirlərdə iştirak edirdi.

Bu gün Azərbaycan ordusunun sıralarında vaxtı ilə C.Naxçıvanski adına Hərbi Liseyi bitirmiş yüzlərlə zabit və general xidmət edir. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci və İkinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Liseyin məzunları arasında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev kimi tanınmış hərbiçilərimiz vardır.

1991-ci ildə  Azərbaycan Respublikası yenidən dövlət müstəqilliyini bərpa edərkən artıq Ermənistanla müharibə vəziyyətində idi. O zaman Azərbaycana rəhbərlik edən şəxslər qətiyyətsizlik və iradəsizlik nümayiş etdirərək Silahli Qüvvələri yarada bilmədilər. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu. Amma Ulu öndər torpaqlarımızın erməni işğalından azad olunacağına əmin idi və çıxışlarında da bunu tez-tez qeyd edirdi: “Bizim ordumuz güclüdür. Ordumuzun gücü günü-gündən artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir”.

Ordu quruculuğunun möhkəmləndırılməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin apardığı islahatlar bu gün öz bəhrəsini verməkdədir. “Ordumuzun döyüş qabilıyyəti yüksək səviyyədədir, gündən-günə artır. Ordu quruculuğu prosesi uğurla gedir, orduda islahatlar dərinləşir”- deyən Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Ölkəmizdə hərbi sənaye sahələri formalaşdırılıb və müxtəlif hərbi sursatların istehsalı ildən-ilə artırılır. Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi üçün də hərbi hissələrdə quruculuq işləri davam edir. Qusarda, Gəncədə, bir çox bölgələrdə hərbi hissələr müasir formada qurulur, təmir edilir. Xüsusən, tibbi şərait müasir standartlara uyğunlaşdırılır. Həm hospitallar, həm də tibb məntəqələri üçün çox müasir avadanlıqlar alınır. Əsgərlər üçün çox müasir klublar, istirahət yerləri, NATO standartlarına uyğun təlim meydançaları yaradılıb. Bunlar hamısı ordu quruculuğunda görülən sistemli, məntiqi işin nəticəsidir. Elə məhz ordu quruculuğu istiqamətdində atılan addımların nəticəsi olaraq əsgər və zabitlərimiz Ali Baş Komandanın rəhbərliyi ilə əvəzsiz qəhrəmanlıq göstərərək 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdilər.

Güclü ordu güclü dövlət deməkdir. Ordunun gücü məhz dövlətin gücü kimi qəbul olunur. Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir.

Ağayev Nəbi Baba oğlu

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri