Populyar yuxu monitorinq proqramları və qadcetləri (izləyicilər) bir çox insana gecə istirahətini yaxşılaşdırmağa kömək edir, lakin bəzi istifadəçilər üçün onlar stress və narahat düşüncələrə səbəb olur. Bu barədə norveçli psixoloq Haakon Lundekvam Berge xəbərdarlıq edib. Onun sözlərini Mirror nəşri sitat gətirir.
Mütəxəssis müntəzəm olaraq yuxu izləyicilərindən istifadə edən minə yaxın insanın iştirak etdiyi son araşdırmadan danışıb. Bunlar istirahətin müxtəlif parametrlərini izləyən cihazlar və ya proqramlardır: müddət, fazalar, xoruldama, oyanmaların tezliyi və s. Onlar yuxu problemlərini (yuxululuq, yuxusuzluq, tez-tez oyanma) müəyyən etməyə kömək edir və yaxşılaşdırılması üçün tövsiyələr verir.
İştirakçıların təxminən 15%-i yuxunun nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını, 2,3%-i isə pisləşdiyini bildirib. Ən çox görülən mənfi təsir, respondentlərin 17% -i tərəfindən bildirilən gecə istirahətinin keyfiyyəti ilə bağlı artan narahatlıq idi.












