“Həmrəyliyimiz ölkəmizin davamlı inkişafının rəmzidir” – Şahin İsmayılovbackend

Bildiyimiz kimi, 1991-ci ildən 31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu milli həmrəylik və bunun xüsusi olaraq bayram kimi qeyd edilməsinin çox böyük fəlsəfəsi var.

Həmrəylik gününün qeyd edilməsi tarixi zərurət və mənəvi ehtiyac idi. Ümummilli liderimizin uzaqgörən siyasəti bu birliyin gələcəkdə dünya azərbaycanlılarının təşkilatlanması, diaspor fəaliyyətinin stimullaşdırılması, milli mənsubiyyətimizin təbliği və ümumilikdə ölkəmizin inkişafında mühüm rol oynadı. Dünya azərbaycanlılarının həmrəylik günü müstəqilliyini yenidən bərpa edən ölkəmizin vətəndaşlarının həmrəy olmasında müstəsna rol oynadı. Ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət edən milli həmrəylik həm də gənc nəslin milli, vətənpərvərlik ruhunda böyüməsinə səbəb olmuşdur.

Azərbaycan gəncləri bunu xüsusən də 44 günlük haqq savaşımızda göstərdiyi şücaətlə sübut etdi. Dünyanın müxtəlif yerlərində həmrəylik gününün böyük təmtəraqla qeyd edilməsi insanlarımızın bu kimi ümummilli məsələlərdə daha həssas olmasını simvolizə edir. Həmrəyliyimiz ölkəmizin davamlı inkişafının rəmzidir.

2021-ci il ölkəmiz üçün kifayət qədər əlamətdar bir il oldu. Bu il baş verən əlamətdar hadisələrə qlobal pandemiya ilə mübarizənin davam etdirilməsi, post müharibə dövründə baş verən siyasi proseslər, böyük qayıdış üçün işğaldan azad edilən ərazilərdə sürətlə həyata keçirilən quruculuq işləri, bu hadisələrdən irəli gələn bir sıra fəaliyyətləri sadalaya bilərik. 2021-ci ildə xalqımız ilk dəfə olaraq Zəfər gününü qeyd etdi. Qürur hissi və coşqu ilə keçən Zəfər günü müqəddəs bayram kimi fərqlənirdi. Bu il ən çox diqqət çəkən məsələlərdən biri də təbii ki, sosial məsələlər idi. Dövlət bu istiqamətdə də öz missiyasını uğurla həyata keçirdi. Son dövrlərdə həyata keçirilən islahatlar, yeni çağırışlar daha çox və daha faydalı işlərin görülməsi üçün zərurət yaratdı. Bu proses də uğurla icra olunub və davam etməkdədir. Geridə qoyduğumuz  bir il ərzində demək olar ki, hər gün ölkəmiz üçün əhəmiyyət kəsb edən hər hansı bir hadisənin şahidi olduq. Bu və əldə olunan bütün uğurlar Prezident İlham Əliyevin başçılığı ilə göstərilən çoxşaxəli fəaliyyətin nəticəsidir. Bundan sonrakı dövrdə də bu proseslər sürətlə davam edəcək, dövlətimizin inkişafı, xalqımızın əmin-amanlığı və rahat yaşaması üçün yeni uğurların şahidi olacağıq.

Fürsətdən istifadə edib dünya azərbaycanlılarını həmrəylik günü münasibətilə təbrik edirəm. Əminliklə qeyd edə bilərik ki, biz bundan sonra da bir yumruq kimi birləşəcək, həmrəy olub ölkəmizin davamlı inkişafı, milli mənsubiyyətimiz kimi ideoloji məsələləri təmin edəcəyik.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov