Psixoloq: “Övladlarımızın həyatlarına qərar verməyək, xəyal qurmağı öyrədək və özü kimi formalaşmalarına, şəxsiyyət kimi inkişaf etmələrinə şərait yaradaq.”
Bu dəfəki müsahibimiz hər zaman uşaqlara olan sevgi və diqqəti ilə seçilən Psixoloq Zəhra Zahidovadır.
Zəhra xanımın İslahat.az xəbər portalına müsahibəsini təqdim edirik:
Bu sahəni seçməyinizin səbəbi nədir? Digər peşələrdən üstünlüyü nə olub sizin üçün?
Uşaqların hər bir davranışının arxasında yatan sirr mənim üçün maraqlı olub. Bəzən ağlayaraq, bəzən inadlaşaraq, bəzən oyun zamanı… Əslində, onların bizə hansı ismarıcı göndərdikləri məni düşündürüb. Hər dəfə seanslarda uşaqların daxili dünyasına səyahət edərkən, içimdəki uşağı bir daha kəşf edirəm. Hamımız böyümüş uşaqlarıq. Yaşadığımız çətinliklərə rəğmən, içimizdəki uşağın səsini dinləməliyik. Bir insanın xoşbəxt olması üçün uşaqlıq arzularını həyata keçirməsi yetərlidir. Başqa peşələrlə müqayisədə, uşaqların daxili dünyalarını kəşf edirəm. Əslində ağlayaraq, aqressiv davranış sərgiləyərək bizə nə demək istədiklərini anlayıram.
Uşaq psixoloqu olmaq necə hissdir?
Uşaqlarla aramızdakı güvənin formalaşması, kimsə ilə bölüşə bilmədikləri hadisələri mənimlə bölüşmələri, güvən bağının yaranması, ən əsası məni özlərinə dost bilmələri mənim üçün qürurverici haldır. Hər seansın sonunda uşaqların gözlərində yenidən parlayan işığı görmək məni peşəmə daha da bağlayır.
Təcrübənizdə hansı metodları ən təsirli hesab edirsiniz?
Hər bir uşaq individualdır. Hər bir uşağın xarakter və xüsusiyyətləri fərqli olduğu kimi onlara yanaşma metodları da fərqlidir. Seanslarımda ən sıx rastlaşdığım – uşaqlarda yaş böhranlarıdır və ya hiperaktivlik sindromu və s. Həmin uşaqlarla tanış oluruq, aramızda izah olunmayan duyğu alış-verişi yaşayırıq. Daha sonra diaqnostik qiymətləndirmə aparılır və kiçik motorik inkişafetdirici oyunlardan istifadə olunur.
Uşaq psixoloqu olmağın ən yaxşı cəhəti nədir sizin üçün?
Uşaqları gələcəyə sağlam təfəkkürlü yetişdirmək. Əgər bir uşağa əxlaq və mərhəmət öyrədə bilərsənsə, ən güclü müəllim sənsən. Övladlarımızın həyatlarına qərar verməyək, xəyal qurmağı öyrədək və özü kimi formalaşmalarına, şəxsiyyət kimi inkişaf etmələrinə şərait yaradaq.
Uşaqlar üçün uyğun müalicə metodunu necə təyin edirsiniz?
Uşaqlara müxtəlif metodlarla yanaşırıq. Valideyn müraciət etdikdən sonra uşaqla diaqnostik qiymətləndirmə aparılır. Qiymətləndirmə nəticəsinə uyğun olaraq seanslar təşkil olunur.
Hansı yaş qrupu uşaqlarla işləmək daha asan və həlledicidir: erkən uşaqlıq yaşı yoxsa məktəb yaşlarında?
Hər yaş dövrünün öz xüsusiyyətləri var. Məktəb yaşlı uşaqlarda “Mən funksiyası” formalaşdığına görə, dərketmə funksiyası inkişaf etdiklərinə görə onlarla iş aparmaq daha həlledicidir. Lakin hər yaşa məxsus uşaqların dünyaları fərqli və rəngarəngdir. Onlarla tanış olmaq, iş aparmaq əvəzedilməz duyğudur.
Çətin yola gələn uşaqlarla necə dil tapırsınız?
Uşaqlar gözləri ilə görürlər yalnız. Nə görürlərsə, onu da təqlid edirlər. Bir uşaq dəyərsizlik hissi yaşayırsa, hissiz (duyarsız) olmağa başlayar. Diqqət çəkmək üçün ana-atasının ətrafında ərköyünlük edər. Özünü olduğundan fərqli göstərər. Onların nə demək istədiklərini hiss etmək lazımdır. O zaman uşaqlarla dil tapmaq zənn etdiyimiz qədər çətin olmaz.
Uşaqların psixologiyasına faydalı olacaq 3 kitab tövsiyyə edə bilərsinizmi?
Xüsusən, mən hər zaman pasiyentlərimə nağıllar kitabını məsləhət görürəm. Aqressiv olmayan, pozitiv psixologiyaya köklənən. Məsələn:
“Duyulmak İstiyorum” – Ebru Albayrak;
“Necə danışmalı ki, uşaqlar dinləsinlər, necə dinləməli ki, uşaqlar danışsınlar” – Adele Faber&Elaine Mazlish;
“Uşaqla necə ünsiyyət saxlamalı?” – Y.B.Qippenreyter.
Cəmiyyətimizə nə kimi məsləhətlər verə bilərsiniz?
Uşağa sayğılı davranmaq lazımdır ki, onlar da elə bir şəxsiyyət olsunlar.
– Uşağınızı dinləyin.
– Uşağınızı görün.
– Təşəkkür edin.
– Qaydaları başa salın.
– Başqalarının yanında şəxsiyyətinə toxunacaq təhqirlər etməyin.
Hər bir canlının sevməyə, sevilməyə, dəyər görməyə haqqı var. Uşaqların kiçik yaş dönəmlərində sevgi, diqqət, qayğı göstəririk. Daha sonra yeniyetməlik dövründə deyirik ki, sən artıq böyümüsən. Sarılmırıq, sevgi göstərmirik. Hər yaşda insanın sevgi hissinə ehtiyacı var. Necə ki, 70-80 yaşındakı nənə-babalarımıza onlara yetərincə sevgi və diqqət vermədiyimizdə bizdən küsürlər. Nəyə görə deyirlər yaşlandıqca uşaqlaşır insan? Çünki, insanların hər yaşda duyğuları hiss etmələrinə ehtiyacları var. Uşaqlara göstərdiyimiz davranış ona sərf etdiyimiz sözlərdən daha çox qiymətlidir. Eviniz kirlənirsə, divarlarda kiçik barmaq izləri varsa, əşyalar ətrafa səpələnirsə, səs-küy evdən çölə çıxırsa, paltaryuyan maşın paltarlardan dolub daşırsa, yaşayan və yaşanan evlərdən birinə sahibiniz. Bəlkə də 10-15 il sonra tərtəmiz evləriniz olduğunda bu günləri anacaqsınız.
Hər bir zaman evlərinizdən uşaq səsləri, uşaq gülüşləri eşidilsin!
Səma Qurban
İslahat.az