Həyətdə oynayan uşaqlara narkotik təklif edildi, DİN hərəkətə keçdi – FOTObackend

Abşeron rayonu, Xırdalan şəhərində uşaqlara və gənclərə açıq şəkildə narkotik vasitələr təklif edilib.

Bu barədə vətəndaş Lalə Bağırova sosial şəbəkədə məlumat yayılıb.

O bildirib ki, hadisəyə Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksində şahid olub:

“Bu şəkildə gördüyünüz və kameralarımıza düşməyən 14-15 yaşlarında oğlanlar ötən gecə saat 21:45-22:00 radələrində Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksinin 11 saylı küçəsinin blok girişləri tərəfdə oynayan uşaqlara “konfet, saqqız” adı ilə ağ həblər təklif ediblər.

Bizim uşaqlar “biz bilirik bunlar nədir” dedikdə, onlar “sizin bilmədiyiniz şeylərdəndi” cavabını veriblər. Bir sözlə, uşaqlar təlaşla bizə zəng vurdular ki, narkomanlar həyətdə uşaqlara nəsə təklif edirlər. Öz aralarında isə danışırlarmış ki, uşaqları maşına basıb aparsınlar. Demək istədiyim budur ki, belə hallar çox kütləviləşib”.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ araşdırılır:

“Artıq sözügedən məsələ barədə məlumatlıyıq, müvafiq araşdırma aparılır”.