İcra başçısı və millət vəkilləri qan vermə aksiyasında iştirak ediblər- FOTOLARbackend

Birinci vitse-prezident Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Gəncə də qoşulub. 

“Qafqazinfo” xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərliyi ilə könüllü qanvermə aksiyası təşkil olunub. Aksiyada Gəncədən olan millət vəkilləri, habelə rayon icra hakimiyyətlərinin başçıları iştirak ediblər.

Niyazi Bayramov, millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə və Müşfiq Cəfərov, habelə Kəpəz və Nizami Rayon İcra Hakimiyyətlərinin başçıları Eldəniz Xudiyev və Nizami Hacıyev Məzkəzi Qan Bankının Gəncə Regional bölməsinə gələrək qan veriblər. Aksiyada yerli icra strukturları ilə yanaşı, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların işdə olan və sağlamlığı imkan verən əməkdaşları da iştirak ediblər.

Həkim hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

İctimai.az