İctimai Şuralar üçün onlayn portal yaradılırbackend
Azərbaycanda ilk dəfə  İctimai Şuralar üçün vahid onlayn platforma yaradılır.
Son dövrlər ölkəmizdə ictimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərin yaradılması və inkişafı üçün müxtəlif addımlar atılmaqdadır.  Bu prosesdə vətəndaş cəmiyyət təşkilatlarının rolu artırmaq üçün mərkəzi və yerli icra  hakimiyyətləri yanında İctimai Şuraların yaradılması və fəaliyyətinin genişləndirilməsi də günün vacib tələblərindən biridir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 27 fevral 2020-ci il tarixli sərəncamı ilə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Fəaliyyət Planının 5.5. maddəsində “İctimai Şuraların əhəmiyyətinin artırılması, dövlət orqanlarında yaradılmış ictimai şuraların sayının çoxaldılması, şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, ictimai şuraların fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi və dövlət qurumlarının rəsmi internet resurslarında əks etdirilməsi” qeyd olunur.
Ölkə başçısının sərəncamı ilə bağlı ötən bir ildə müxtəlif müzakirələr aparılmış və İctimai Şuralar ilə bağlı müəyyən çatışmamazlıqların olması diqqətə çatdırılmışdır.
Bu baxımdan Milli Fəaliyyət Planına qeyd olunun istiqamətlər üzrə tövhələr vermək məqsədi ilə İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin ekspertləri tərəfindən  İctimai Şuralar üçün onlayn portalın yaradılması”  təşəbbüsünə start verilmişdir.
Təşəbbüs Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən  “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” layihəsi çərçivəsində həyata keçirilir.
 Bu təşəbbüs çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən İctimai Şuralar üçün mərkəzləşdirilmiş onlayn platforma – www.publiccouncil.az  (www.ictimaishura.az) saytı hazırlanacaq.
Layihənin əsas hədəfi İctimai Şuralar barədə ictimaiyyətin məlumatlılığını artırmaq və onlarla qarşılıqlı əlaqə yaratmaqla, fəaliyyət göstərdikləri dövlət qurumlarının fəaliyyətində şəffaflığının artırılmasına yardımçı olmaqdır.
Layihənin məqsədi informasiya mübadiləsi, ictimaiyyətlə qarşılıqlı fəaliyyət üzrə ictimai şuraların potensialı genişləndirmək,  ictimaiyyətin məlumatlandırılması və seçkilər də daxil olmaqla İctimai Şuraların fəaliyyətinə nəzarətin artırılmasına dəstək verməkdir.
Layihə çərçivəsində İctimai Şuraların vahid bazası yaradılacaq, İctimai Şuralara keçirilən seçkilər haqqında məlumatlar veriləcək, seçki dövründə maarifləndirmə kampaniyası,  mövzular ilə bağlı debatlar təşkil olunacaq, İctimai Şuraların fəaliyyəti haqqında ictimaiyyət məlumatlar veriləcək. Yaradılacaq www.publiccouncil.az  (www.ictimaishura.az) saytında İctimai Şuraların məlumatlarının müstəqil yeniləməsi üçün funksionalıq təmin olunacaq və hər bir ictimai şura üçün subsaytlar formalaşdırılacaq.
Qeyd edək ki, bu təşəbbüs Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə, “Family Health International” (FHI 360),  Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz (İCNL) və MG Consulting təşkilatları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Təşəbbüsün icrası jurnalist-ekspert Cəsarət Hüseynzadəyə həvalə olunmuşdur.