İdeya yaşayır: Bayraq! (Rövşən Nəcəfov)backend

İdeya yaşayır: Bayraq! (Rövşən Nəcəfov)

Azərbaycan bayrağı dalğalanması üçün tarixin ən ağır sınaqlarından keçib. Bir dövlətin, bir millətin və bir ölkənin taleyi onun bayrağına bağlıdır. Üç rəngli bayraq dalğalandığı zaman, hər kəsin gözündə işıq yanır. Gözümüzün yaşı sevincdən axır yanaqlarımıza. Göz yaşlarımızı əllərimizlə silirik və tarixin bütün səhifələri yazılmağa başlayır…

Bayraq millətləri və dövlətləri ayırd edən simvoldur. Bir millətin varlığını, bir dövlətin müstəqilliyini təmsil edir. Bayraq elə bir dəyərdir ki, onun qarşısında diz çöküb, onu öpürük. Atalarımız bayrağımızın enməməsi üçün, fədakarlıqlar ediblər. Məhəmməd Əmin Rəsulzadə “Bir kərə yüksələn bayraq, bir daha enməz!” deyərək, həyatında bütün enişləri etdi. Bayrağı öz taleyinə yazdı. Bütün fədakarlıqlar gələcək nəslin bayrağa sahiblənməsi üçün olub. Müstəqilliyimizi ifadə edən bu mirasın yox olmaması üçün bütün səhflərimiz və düzlərimizlə taleyimizi onunla yazırıq. Gələcək nəslimizə qoyacağımız mirasın dəyərini özümüz də anlamalıyıq. Bayrağımızın yüksəlməsi üçün, biz enişlər edəcəyik. Tarix bizi endirəcək!

Bəzən, biz, bir parçanın insan taleyindən daha əhəmiyyətli olmasını qəbul edə bilmirik. Amma bir insanın yox, bir millətin taleyini yaşamış bir “parça” keçmişdə qalmadı. Biz onu görürük. Onun dili yoxdur bizimlə danışmağa. Bayraq dilsiz olsada, hər kəslə danışmağı bacarır. Özündə cəmlədiyi mavi, qırmızı, yaşıl rənglər, ağ aypara və səkkizguşəli ulduz vasitəsilə bizə ümumbəşəri dəyərləri izah edir. Əli bəy Hüseynzadənin, Məhəmməd Əmin Rəsulzadənin və Nəsib bəy Yusifbəylinin gerçəkləşdirdiyi ideya bu gün bizim milli kimliyimizdir. Müstəqilliyimizin ifadəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bayrağımız respublikamızın dövlət qurumlarının, diplomatik nümayəndəliklərinin binaları üzərində, beynəlxalq tədbirlər, mərasimlər və məclislərlə yanaşı, ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında dalğalandırılır. İdeya yaşayır. İdeya yaşadılır. Bu ideyadan fiziki olaraq imtina edə bilərik. Mənəvi olaraq isə bu ideya sonuncu dəfə gözümüzü bağlayacağımıza qədər bizimlədir. Dünyanın harasında olmağımızdan asılı olmayaraq, bu ideya bizim həyatımızın bir parçasıdır.

Himnimizin səsi hardansa gəlirsə, hansı şəraitdə dinlənilirsə bayraq bizimlə danışır artıq. Onu anlamaq üçün susuruq… Sözləri Əhməd Cavadın, musiqisi Üzeyir Hacıbəyova məxsus olan himnimiz qulağımıza gələcəyimizi pıçıldayır. Bayrağımıza sevgimiz artdıqca, vicdanımız, bizim üçün ən doğru olanı taleyimizə yazacaq. Bir insanın ən gözəl taleyi odur ki, onun son örtüyü onun bayrağı olar.

Bayraq bir millətin doğduğu ölümsüz övladıdır…

İctimai.az