İki qurumdan yayılan saxta məlumatlarla bağlı AÇIQLAMAbackend

Bir sıra saxta sosial şəbəkə hesablarda edilən paylaşımlar vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından guya vətəndaşların ölkənin bank sektoruna investisiya qoymağa təşviq edən videomüraciət yayılıb.

İctimai.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Medianın İnkişafı Agentliyinin yayımladığı birgə məlumatda qeyd olunub.

Bildirilib ki, qeyd olunan videomüraciət “deep-fake” texnologiyası ilə hazırlanıb və heç bir reallığı əks etdirməyən saxta məlumatdır.

Birgə məlumatda cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladılıb ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları mötəbər informasiya mənbəyi olaraq daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır:

“Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatəsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.

“Deep-fake” texnologiyalarından istifadə edərək hazırlanmış qeyd olunan saxta və yalan videomüraciət, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”.