İkinci Qarabağ müharibəsinin başlanmasında ən böyük məsuliyyət Ermənistanın üzərinə düşürbackend

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil oldu və onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərdi. Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələndi. Həm Birinci Qarabağ müharibəsi, həm də atəşkəs müqaviləsinin qüvvədə olduğu dövrdə Ermənistan tərəfindən törədilmiş müxtəlif kateqoriyalı beynəlxalq cinayətlərin cəzasız qalması və dünya ictimaiyyəti tərəfindən bu əməllərə lazımi münasibətin və diqqətin göstərilməməsi Ermənistanın növbəti dəfə bu cür cinayətlər törətməkdən çəkinməməsinə səbəb oldu. Ermənistan bu addımları ilə sülh prosesini pozmaqda davam edərək münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirirdi. Eyni zamanda, Ermənistanın məqsədi Azərbaycan ərazilərinin ilhaqına nail olmaqdan ibarət idi.

Təəssüf ki, Təhlükəsizlik Şurasının qətnamələri düz 27 il kağız üzərində qaldı. Ermənistan beynəlxalq hüququ və Təhlükəsizlik Şurasının qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxartdı, əksinə, işğalı davam etdirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xəttini tutdu. Azərbaycan rəhbərliyi daim BMT-nin platformasından beynəlxalq ictimaiyyətin diqqətini artıq keçmişdə qalmış Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməklə yanaşı, bu qurumun özünü də bu məsələdə səylərini artırmağa, qətnamələrinin tələblərini yerinə yetirmək üçün təsirli mexanizmlər həyata keçirməyə çağırıb. Hələ 1994-cü ilin sentyabrında BMT Baş Məclisinin iclasında nitq söyləyən Heydər Əliyev bu tribunadan Azərbaycanın haqq səsini dünyaya çatdırdı, Ermənistanın ölkəmizə qarşı təcavüzünü və onun ağır nəticələrini beynəlxalq aləmə bəyan etdi. Əfsuslar olsun ki, nə qətnamələrin müəllifi olan BMT, nə də danışıqlar prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ilk gündən işğalçı Ermənistana heç bir təzyiq göstərmədi. Baxmayaraq ki, son onilliklərdə ayrı-ayrı dövlətlərlə bağlı qətnamələrin ən qısa vaxtda icra olunmasına dair təcrübədə nümunələr mövcuddur.

Ermənistanda N.Paşinyanın hakimiyyətə gəlişindən sonra da danışıqlar prosesinə əngəllər törədilməyə başlandı. 2019-cu ilin martında Ermənistanın müdafiə naziri Nyu-Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı “yeni torpaqlar üçün yeni müharibə”nin zəruriliyi haqqında bəyanat verdi. Əvvəlcə danışıqlarda Dağlıq Qarabağın ayrıca tərəf kimi iştirak etməsini təkid edən Paşinyan isə 2019-cu ilin avqustunda Xankəndinə etdiyi qanunsuz səfəri zamanı “Qarabağ Ermənistandır və nöqtə” deməklə sülh prosesinə ağır zərbə vurdu. İki ay sonra Rusiyada keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun illik iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq ictimaiyyət qarşısında Ermənistan Baş nazirinin məsuliyyətsiz sözlərinə də münasibət bildirdi: “Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. 2020-ci ilin mayında Şuşada qondarma “Dağlıq Qarabağ Respublikası”nın prezidentinin andiçmə mərasiminin keçirilməsi, parlamentin və paytaxtın Şuşaya köçürülməsi planı, Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərlər və s. təxribatçı davranışlarla Ermənistan hökuməti Dağlıq Qarabağ probleminin dinc yolla həll edilməsinin mümkünsüzlüyünü dünya ictimaiyyətinə göstərdi.

Ermənistanın bu təxribatları Ali baş komandanın əmri ilə Azərbaycan Ordusunu əks tədbirlər görməyə vadar etdi. 27 sentyabr 2020-ci il tarixdən davam edən hərbi əməliyyatlarda Azərbaycan ordusu böyük şücaət göstərərək üstünlük əldə etdi. Üçtərəfli bəyannamənin imzalanmasına qədər 44 günlük müharibə ərzində təqribən 300 yaşayış məntəqəsi, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər düşməndən azad edildi. Düşmən dövlət müharibə gedişində hər cür çirkin əməllərə əl atdı, mülki əhalini atəşə tutdu, Gəncədə, Bərdədə və digər yerlərdə insan tələfatı ilə nəticələnən terror aktı törətdi, yaşayış mənzilləri bombalandı. Əslində baş verən bütün bu hadisələr düşmənin olduqca rəzil, gücsüz durumda olduğunu göstərirdi. Azərbaycan dövləti isə tam əksi olaraq beynəlxalq hüquq normalarına, müharibə qaydalarına riayət edərək, öz torpaqları uğrunda haqq savaşı apardı. Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bəzi dövlətlər bir daha gördülər ki, Azərbaycanda xalq-dövlət birliyi mövcuddur. Bu birlik yumruq halında birləşmişdir. Ölkə başçısının dediyi kimi “Bu yumruq düşmənin başını əzən yumruqdur, qələbəni dəmir yumruq hesabına qazandıq, düşməni qova-qova dayandıq torpağımızda. Müharibə nəticəsində Ermənistan təkcə hərbi cəhətdən sarsılmadı, iqtisadiyyatı da çökdü, ölkəni xaos bürüdü, xalq və dövlət qarşıdurması baş verdi. Ermənistan bir ölkə olaraq təkcə regionda deyil, dünyada nüfuzunu itirdi. Ermənistan baş nazirinin məğlubiyyətə imza atması Azərbaycanın uzun illərdən bəri apardığı haqq savaşının möhtəşəm təntənəsi idi. Prezident İlham Əliyevin böyük fəxrlə imza atdığı qələbə bəyanatı Qarabağ münaqişəsinin birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə nəticələndi. Azərbaycan bu tarixi qələbə ilə yeni reallıqlar yaratdı. Düşmənin uzun illərdir formalaşdırdığı mif darmadağın edildi. Bu uğur Azərbaycan Prezidentinin və xalqının qətiyyətinin, dəmir iradəsinin, sərt və dəyişməz mövqeyinin göstəricisidir.

Əfəndi İbrahimli

YAP Səbail rayon təşkilatının əməkdaşı