Azərbaycanın telekommunikasiya sahəsində tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Elektromaqnit sahəsinin (EMS) insan sağlamlığına potensial təsiri mövzusunda ətraflı araşdırma aparıb. Araşdırmalar zamanı Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Qeyri-İonlaşdırıcı Radiasiyadan Mühafizə üzrə Beynəlxalq Komissiya (ICNIRP), Elektrik və Elektron Mühəndisləri İnstitutu (IEEE), Beynəlxalq GSM Assosiasiyası (GSMA) və s. bu kimi nüfuzlu təşkilatların yayımladığı materiallar, o cümlədən beynəlxalq təcrübə təhlil edilib, həmçinin beynəlxalq standartların Azərbaycan Respublikasında tətbiq olunan normalara uyğunluğu öyrənilib.
EMS elektrik və maqnit sahələrinin birləşməsi olub, həm təbii mənbələr tərəfindən, həm də süni mənbələr olan bütün radioelektron vasitələr (REV) tərəfindən ətraf mühitə yayılan elektromaqnit dalğalarının yaratdığı enerji şüalanmalarıdır. EMS-lər intensivliklərinə və tezliklərinə görə, adətən, iki kateqoriyaya bölünürlər: 1. Aşağı, orta və qismən yüksək tezlikli mənbələrdən (görünən işıq tezliklərinə qədər) yayılan qeyri-ionlaşdırıcı şüalanmalar (elektrik xətləri, radiodalğalar, mobil telefonlar, baza stansiyaları, “Wi-Fi” modemlər, mikrodalğalı sobalar, və s.). Bunlar atomları və ya molekulları ionlaşdıra bilməyən aşağı enerji səviyyələrinə görə insan sağlamlığına və ətraf mühitə təsirsiz hesab olunur; 2. Daha yüksək tezlikli mənbələrdən (ultrabənövşəyi şüalar və daha yüksək) yayılan ionlaşdırıcı şüalanmalar (günəş radiasiyası, rentgen aparatları, atom radiasiyası və s.) atomları və ya molekulları ionlaşdıraraq potensial olaraq hüceyrə və DNT zədələnməsinə səbəb ola bilir.
Spektrin yüksək hissələri saniyədə milyardlarla dövrə qədər tezliklərə malik olan ionlaşdırıcı şüalanmaların tibdə, nüvə enerjisində və digər sahələrdə istifadəsi diqqətlə idarə olunur. Qeyri-ionlaşdırıcı elektromaqnit spektrinin orta hissəsində isə hər gün televiziya, radio, mikrodalğalı sobalar, baza stansiyaları, mobil telefonlar və digər radio texnologiyalar üçün istifadə etdiyimiz radiotezliklərdən yayılan elektromaqnit sahələri mövcuddur. Belə qeyri-ionlaşdırıcı radiodalğalar insan sağlamlığı və ətraf mühit üçün təsirsiz hesab edilir. Lakin belə radiodalğaların yaratdığı EMS-nin təsiri də şüalanmaya məruz qalma intensivliyindən, tezliyindən, müddətindən, həmçinin mənbənin gücündən və mənbəyə olan məsafədən asılı olaraq dəyişə bilər.
Bu səbəbdən istehsal olunan avadanlıqlar uzun müddət laboratoriya şəraitində yoxlanılır, beynəlxalq standartlara uyğunluqları gözlənilməklə, texniki uyğunluq sertifikatları ilə təmin olunurlar. Bu tip avadanlıqların istismarı texniki normalara uyğun aparılmalı, istismar qaydalarına ciddi riayət olunmalı, dövri olaraq texniki spesifikasiyaları yoxlanılmalıdır. İstismar norma həddindən artıq olduqda isə, bu amillərdən asılı olaraq kifayət qədər yüksək səviyyədə və uzun müddət EMS təsirinə məruz qalındığı halda radiodalğaların yaratdığı enerji sahələri insanlarda bədən hərarətinin müəyyən qədər yüksəlməsinə yol aça bilər.
Bunları nəzərə alaraq, ÜST 1996-cı ildə başlatdığı beynəlxalq EMS layihəsı çərçivəsində 0-300 QHs tezlik diapazonunda EMS təsirinə məruz qalmanın sağlamlığa təsirlərini araşdıraraq risklərin qiymətləndirilməsini həyata keçirir və vaxtaşırı bununla bağlı hesabatlarını dərc edir. ÜST 5G kimi yeni texnologiyaların tətbiqi zamanı və ictimai sağlamlıqla bağlı daha çox elmi nəticələr əldə olunduqca EMS təsirinə məruz qalmanın potensial sağlamlıq riskləri ilə əlaqədar elmi araşdırmalarını davam etdirir. Hazırda əsasən iki beynəlxalq təşkilat – Qeyri-İonlaşdırıcı Radiasiyadan Mühafizə üzrə Beynəlxalq Komissiya (ICNIRP) və Elektrik və Elektron Mühəndisləri İnstitutu (IEEE) EMS təsirinə məruz qalma limitləri ilə bağlı təlimatlar hazırlayır. Bir çox ölkələr bu təşkilatlar tərəfindən tövsiyə olunan təlimatlara əməl edirlər. Bu təlimatlar 300 QHs-ə qədər bütün radiotezlikləri əhatə edir. Dünyanın əksər ölkələri, o cümlədən Avropa ölkələri əsasən ICNIRP təşkilatının hazırladığı təlimatları qəbul edirlər.
ICNIRP təşkilatının məqsədi müxtəlif növ qeyri-ionlaşdırıcı şüalanmaya məruz qalma ilə bağlı insan sağlamlığı üçün riskləri araşdırmaq, EMS təsirinə məruz qalmanın məhdudlaşdırılması üçün beynəlxalq təlimatları hazırlamaq və belə təsirlərdən mühafizə ilə bağlı digər məsələləri həll etməkdir. ICNIRP absorbasiya olunmuş (udulmuş) enerjini qiymətləndirmək üçün 100 kHs – 30 MHs aralığında Sahə gərginliyi, 30 MHs – 2000 MHs aralığında Sahə gərginliyi və Enerji selinin sıxlığı, 2000 MHs – 300 QHs aralığındakı tezliklər üçün isə sadəcə Enerji selinin sıxlığı göstəricilərinin ölçülməsini tövsiyə edir. Həmçinin BTİ-nin Radiokommunikasiya sektoru və Radio Rabitə Bürosu radiotezlik təyinatlarını müəyyən edirlər, BTİ-nin Telekommunikasiya və standartlaşdırma sektoru, ETSI (Avropa Telekommunikasiya Standartları İnstitutu) və 3GPP (3-cü Nəsil Tərəfdaşlıq Layihəsi) kimi standartlaşdırma qurumları, o cümlədən radio avadanlıqlar və son istifadəçi cihazları istehsalçıları da beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş EMS təsirinə məruzqalmanın maksimum səviyyələri üzrə standartlara, təlimatlara və tövsiyələrə uyğunluğu təmin edirlər. BTİ hazırladığı EMS Bələdçisini BTİ-nin 6 rəsmi dilində nəşr edir, həmçinin elektromaqnit sahələrinin ölçülməsi, monitorinqi və EMS təsirinin azaldılması vasitələrinə dair tövsiyələr hazırlayır. BTİ, eyni zamanda EMS-nin insan sağlamlığına təsiri ilə bağlı ITU-R SM.2452-0 nömrəli hesabat hazırlayıb. Hesabatda ICNIRP tövsiyələri bir çox inkişaf etmiş ölkələrin telekommunikasiya sahəsində tənzimləyici qurumları tərəfindən normativ hədlər olaraq qəbul olunub.
İctimaiyyət üçün tövsiyə olunan beynəlxalq SAR (Spesifik Absorbasiya Nisbəti) həddi 10 q kütlədə ölçülən 2 Vt/kq-dır. Ancaq ICNIRP təşkilatının son təlimatlarına əsasən, 2 QHs-dən yuxarı radiotezliklərdə elektromaqnit dalğasının bioloji toxumaya nüfuzetmə dərinliyi aşağı olduğuna görə Vt/kq ilə ölçülən ənənəvi SAR dəyəri absorbasiya olunmuş (udulmuş) enerjini qiymətləndirmək üçün istifadə edilə bilməz. Bu halda ən uyğun kəmiyyət Enerji seli sıxlığıdır (Vt/m2). Aşağıdakı cədvəldə 100 kHs – 300 QHs tezlik aralığında bədənin 30 dəqiqə ərzində EMS təsirinə məruz qalma ilə bağlı tövsiyə olunan səviyyələri qeyd olunub.
100 kHs – 300 QHs aralığında EMS təsirinə məruz qalma hədləri
Məruzqalma şəraiti Radiotezlik aralığı Elektrik sahə gərginliyi
Einc (Volt.m-1) Maqnetik sahə gərginliyi
Hinc (A.m-1) Enerji selinin sıxlığı
Sinc (Vt.m-2)
Sənayedə
təsiri 0.1 – 30 MHs 660/Fm0.7 4.9⁄Fm Tətbiq olunmur
>30 – 400 MHs 61 0.16 10
>400 – 2000 MHs 3Fm0.5 0.008Fm0.5 Fm⁄40
>2 – 300 QHs Tətbiq olunmur Tətbiq olunmur 50
Əhaliyə təsiri
0.1 – 30 MHs 300/Fm0.7 2.2/Fm Tətbiq olunmur
>30 – 400 MHs 27.7 0.073 2
>400 – 2000 MHs 1.375Fm0.5 0.0037Fm0.5 Fm⁄200
>2 – 300 QHs Tətbiq olunmur Tətbiq olunmur 10
Burada:
Fm: Tezlik (MHs)
Einc: Elektrik sahə gərginliyi Hinc: Maqnit sahə gərginliyi
Sinc: Enerji selinin sıxlığı
Texnologiyanın inkişaf tendensiyaları, xüsusilə mobil rabitə sahəsində yeni nəsil texnologiyaların tətbiqi, EMS təsirinə məruzqalma ilə bağlı zaman-zaman müxtəlif suallar doğurub. Bu suallar, adətən, hər on ildən bir təqdim olunan yeni mobil rabitə texnologiyaları fonunda daha da aktuallaşır və müxtəlif çevrələrdə mübahisəli diskussiyalara səbəb olur. Hazırda tətbiqinə yeni başlanılmış 5G texnologiyasının insan sağlamlığına təsiri ilə bağlı da çox sayda müzakirələrə və konspiroloji nəzəriyyələrə rast gəlmək olar. 5G-nin istifadə etdiyi aşağı və orta tezliklər özündən əvvəlki nəsillərdə istifadə olunur və EMS təsiri baxımından heç bir fərq yaratmır. Misal üçün, orta tezlik zolaqları sayılan 3500-3700 MHs tezlikləri uzun illərdir, ölkəmizdə MMDS (Çoxkanallı, Çoxfunksiyalı Paylama Xidməti) texnologiyası ilə naqilsiz Kabel TV yayım xidməti üçün, həmçinin sabit simsiz internet xidməti olan “Wi-Max” və 4G (LTE) üçün istifadə olunur. Millimetrik tezliklər (əsasən 24 QHs-dən başlayır) isə 5G tərəfindən ilk dəfə mobil rabitə sahəsində tətbiq olunmağa başlanılsa da, uzun müddətdir ki, radio rele xətləri, peyk rabitəsi, radar kimi müxtəlif radioxidmətlər tərəfindən istifadə edilməkdədir. Bu tezliklər üzrə EMS təsirinə məruzqalma hallarının insan sağlamlığına mümkün təsirləri ilə bağlı tədqiqatlar uzun illər əvvəl başlayıb. 5G texnologiyalarda istifadə olunan radio dalğalarının təsirinə məruzqalma hallarını tənzimləyən ətraflı beynəlxalq təlimatlar mövcuddur. Məruzqalma hədləri ICNIRP kimi müstəqil elmi təşkilatlar tərəfindən müəyyən edilib və bu hədlər əhalini qorumaq üçün əhəmiyyətli təhlükəsizlik normalarını ehtiva edir. Bu təlimatlar inkişaf etmiş ölkələrdə standart və tənzimləyici qaydalar olaraq geniş şəkildə qəbul edilib və həmçinin ÜST tərəfindən təsdiq olunub.
GSMA təşkilatının dərc etdiyi Elektromaqnit sahələri: Elm və Standartlar adlı hesabatda Amerika Birləşmiş Ştatlarında Mobil Telekommunikasiya Sənayesi Assosiasiyası (CTIA) və Nəzarət, Epidemiologiya və Nəticələr Proqramı (SEER) mobil cihazlardan istifadə ilə beyin xərçəngi arasında hər hansı əlaqənin olub-olmaması barədə statistik məlumatları araşdıraraq maraqlı bir nəticə əldə edib. Son bir neçə onillikdə ABŞ-də mobil telefon abunəçilərinin sayı sürətli şəkildə artıb, 1980-ci illərdə bir neçə min istifadəçidən 2019-cu ilə qədər yüz milyonlarla istifadəçiyə çatıb. Mobil cihaz istifadəsinin genişmiqyaslı artımına baxmayaraq, hər yüz min nəfərə düşən beyin xərçəngi xəstə sayı stabil tendensiya izləyib. Nəticələr xərçəng xəstəliklərinin faktiki olaraq EMS təsiri ilə bir əlaqəsinin olmadığını ortaya çıxarıb.
Mobil cihaz istifadəçiləri və beyin xərçəngi xəstələri tendensiyası
Ölkəmizdə EMS-nin insan sağlamlığına təsiri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 6 fevral 2015-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları” ilə tənzimlənir. Bu qaydalar “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmış, həvəskar və peşəkar radiorabitə, radio yayım, televiziya və radiolokasiya kimi radiotexniki obyektlərin yaratdığı EMS-nin insan sağlamlığına göstərəcəyi mənfi təsirinin qarşısının alınmasına yönəldilib. Sanitariya qaydaları Azərbaycan Respublikasının bütün ərazisində istifadə olunan 30 kHs-300 QHs tezlik diapazonunda işləyən bütün stasionar və səyyar stansiyalara şamil edilir. Ötürücü radiotexniki obyektlərin, avadanlıqların istehsalı, idxalı və istismarı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında Respublika Gigiyena və Epidemioloji Mərkəzi tərəfindən avadanlığa verilmiş sanitariya-epidemioloji rəyin olduğu halda həyata keçirilir.
Azərbaycan Respublikası ərazisində 30 kHs-300 MHs tezlik diapazonunda işləyən radiotexniki avadanlıqların insan sağlamlığına təsiri ilə bağlı normalar (hədlər) elektrik sahə gərginliyinin effektiv qiymətlərinə görə müəyyən edilir. Ölkə ərazisində 300 MHs-300 QHs tezlik diapazonunda işləyən radiotexniki avadanlıqların insan sağlamlığına təsiri ilə bağlı normalar isə enerji selinin sıxlığının orta qiymətlərinə görə müəyyən edilir.
30 kHs-300 QHS tezlik diapazonlu elektromaqnit sahələrin əhali üçün yol verilən səviyyələri
Tezlik diapazonu 30-300 kHs 0.3-3 MHs 3-30 MHs 30-300 MHs 0.3-300 QHs
Normallaşdırılan parametr Elektrik sahənin gərginliyi, E (V/m) Enerji selinin sıxlığı, ESS (mkVt/sm2)
Yol verilən səviyyələr 25 15 10 3 10
25*
* – dairəvi yayım rejimində işləyən antenalardan olan şüalanma hallarında.
30 kHs-300 QHs tezlik diapazonlu elektromaqnit sahələrin personalın iş yerlərində yol verilən səviyyələri
Parametr Tezlik diapazonları (MHs)
0.03-3.0 3.0-30.0 30.0-50.0 50.0-300.0 300.0-300000
Yol verilən hədd EEE , (V/m)2 · saat 20000 7000 800 800 –
Yol verilən hədd EEM , (A/m)2 · saat 200 – 0,72 – –
Yol verilən hədd EEESS , (mkVt/sm2) · saat – – – – 200
Maksimal YVS E, V/m 500 296 80 80 –
Maksimal YVS M, A/m 50 – 3,0 – –
Maksimal YVS ESS, mkVt/sm2 – – – 1000
Qeyd: Cədvəldə göstərilən diapazonlar tezliyin aşağı həddini istisna edir, yuxarı həddini daxil edir.
Azərbaycan Respublikasında tətbiq olunan “Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları” hazırlanarkən daha çox Rusiya Federasiyasında istifadə olunan normalara istinad edilib. Ona görə Azərbaycan Respublikasında müəyyən olunmuş EMS təsirinə məruzqalma normaları Rusiya Federasiyasında qəbul olunmuş normalarla eynilik təşkil edir.
2-300 QHs tezlik aralığında müəyyən olunan norma Azərbaycan Respublikasında 10 µVt/sm2 olduğu halda, ICNIRP təşkilatının tövsiyə etdiyi norma 1000 µVt/sm² (və ya 10 Vt/m²) göstərici ilə müəyyən edilib. Beləliklə, bu onu göstərir ki, Azərbaycan Respublikasında tətbiq olunan normativlər ICNIRP tövsiyələrindən 100 dəfə daha sərtdir. Başqa sözlə, ICNIRP tövsiyələri olduqca yumşaqdır və bu da onu göstərir ki, mobil operatorlara məxsus baza stansiyalarının işlədiyi tezlik zolaqlarında EMS-nin insan sağlamlığına təsiri tövsiyə olunan norma həddindən çox aşağıdır. Misal üçün, Respublika Gigiyena və Epidemioloji Mərkəzi tərəfindən mobil operatorların istismar etdiyi radiobaza stansiyalarına verilən sanitar-epidemioloji rəylərdə radiodalğa siqnallarının enerji selinin sıxlığı maksimum 1.5 µVt/sm2 olaraq müşahidə edilib. Əksər hallarda isə radiobaza stansiyalarının radiodalğa siqnallarının enerji selinin sıxlığı 0.1 µVt/sm2-0.5 µVt/sm2 arasında dəyişir. Bu isə Azərbaycanda hazırda müəyyən olunmuş normadan ən azı 20 dəfə az göstərici deməkdir.
Avropa İttifaqına üzv dövlətlərdə və Böyük Britaniyada ICNIRP məhdudiyyətlərinin qəbulunda fərqli yanaşmalar mövcuddur. Almaniya, Yaponiya, İngiltərə, Avstraliya, İsveçrə və digər inkişaf etmiş bəzi ölkələr ICNIRP tövsiyələrini və müəyyən etdiyi normativləri (10 Vt/m²) olduğu kimi qəbul etdiyi halda, bəzi ölkələr isə öz normalarını tətbiq edirlər. Misal üçün, Bolqarıstanda qəbul olunmuş norma Azərbaycanla eynidir (10 µVt/sm²). Xorvatiyada bu norma ICNIRP tövsiyəsinin 16%-ni (1.6 Vt/m²), Yunanıstanda 70%-ni (7 Vt/m²) təşkil edir. Türkiyədə isə bu norma ICNIRP tövsiyəsinin təxminən 50%-nə bərabərdir (4.88 Vt/m2).
Beləliklə, Azərbaycan Respublikasında təsdiq olunmuş normalar beynəlxalq standartlarla müqayisədə kifayət qədər sərtdir və mobil rabitə şəbəkələrində qurulan bütün baza stansiyalarının, o cümlədən 5G antenalarının istismarından öncə effektiv şüalanma gücü bu sahəyə nəzarət edən qurumlar tərəfindən ölçülərək insan sağlamlığına təsiri təsdiq edilmiş normalar daxilində olmaları yoxlanılır. Müsbət haldır ki, adətən bu ölçmələrin nəticəsinin müəyyən olunmuş normalardan dəfələrlə aşağı olduğu müşahidə edilir. Normalara cavab verməyən ötürücülərin istismarı qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.2-ci maddəsinə əsasən, ətraf mühitin mühafizəsi məqsədilə elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin pozulmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
İnsanların EMS təsirinə məruzqalma halları fərqli miqyaslarda baş verir. Əgər məruzqalma halları müəyyən olunmuş normalar çərçivəsində və ötürücü radiotexniki cihazlardan uyğun mühafizə məsəfəsində olarsa, bu zaman insan sağlamlığı üçün hər hansı bir təsir yaranmır. Mühafizə məsafəsi avadanlıqların çıxış gücündən, istifadə olunan tezliklərdən, antena və digər texniki parametrlərdən asılı olaraq dəyişir. Bu məsəfələr antenaların yayım istiqaməti nəzərə alınmaqla ICNIRP tərəfindən müəyyən edilmiş aşağıdakı formul ilə hesablanır:
d=√( 30xP^(G/10) )/E
Burada:
d: Mühafizə məsafəsi (metr)
P: Ötürücü radiotexniki cihazın çıxış gücü (Vatt)
G: Anten gücləndirmə əmsalı (dBi)
E: Elektrik sahə gərginliyi (Volt/metr)
Azərbaycanda “Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları”, eyni zamanda sanitariya-mühafizə zonası adlanan ötürücü radiotexniki obyekt ilə yaşayış binası arasında əhalinin sağlamlığının qorunması məqsədilə xüsusi ayrılmış zona hesab olunan mühafizə məsafələrini də müəyyən edir. Sanitariya-mühafizə zonası və məhdudiyyət zonası, ötürücü radiotexniki obyektin tərkibində olan bütün mənbələrin yaratdığı elektromaqnit sahələrin cəmləşdirilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş metodik göstərişlərə əsasən təyin olunur. Sanitariya-mühafizə zonalarının və məhdudiyyət zonalarının sərhədləri hesablama metodu ilə müəyyən edilir və elektromaqnit sahələrin səviyyələrinin ölçülməsinin nəticələrinə görə dəqiqləşdirilir. Sanitariya-mühafizə zonalarının və məhdudiyyət zonalarının sərhədlərinin müəyyən olunması zamanı binaların konstruksiyalarından, kommunikasiyalardan, elektrik xətlərindən və digər elementlərdən əks oluna bilən ikincili EMS təsirindən qorunmasının zəruriliyi nəzərə alınmalıdır. Həmin təyin olunmuş zonalar yaşayış və digər sosial məqsədlər üçün istifadə oluna bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 may tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi qaydası”na uyğun olaraq baza stansiyalarının yaydığı elektormaqnit sahəsinin ətraf mühitə təsiri də ölçülərək qiymətləndirilir. Dövlət ekoloji ekspertizası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən həyata keçirilir və müvafiq ekoloji ekspertiza rəyi verilir.
Qeyd edək ki, elektromaqnit dalğalarının insan sağlamlığına və ətraf mühitə təsirini qiymətləndirən digər səlahiyyətli qurumlarla yanaşı, müvafiq sahədə tənzimləyici qurum olan İKTA da gələcəkdə qanunvericilik çərçivəsində mülki təyinatlı radiorabitə şəbəkələrində, iş yerlərində və digər qapalı məkanlarda EMS təsirini vaxtaşırı ölçərək riayət edilməli olan hədlərə uyğunluğunun müəyyən edilməsi istiqamətində tədbirlər görməyi planlaşdırır. BTİ-nin tövsiyələrinə və beynəlxalq təcrübəyə uyğun olaraq yaxın gələcəkdə EMS təsirinin riayət edilməli olan hədlərinin, o cümlədən mühafizə məsafələrinin ICNIRP təşkilatının qəbul etdiyi norma və standartlara uyğunlaşdırılması ilə bağlı ictimai müzakirələrin aparılması nəzərdə tutulur. Həmçinin baza stansiyalarının və digər radioötürücülərin qanunvericiliyə uyğun şəkildə quraşdırılması, o cümlədən qəbul edilmiş normalar daxilində fəaliyyət göstərmələri üçün ciddi tənzimləmə və nəzarət mexanizmlərinin yaradılması Agentliyin hədəfləri arasında yer alır.