İlham Əliyev Azərbaycan üzərindən Ermənistana qazın nəql edilməsindən DANIŞDIbackend

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında Azərbaycan ərazisindən Ermənistana qaz nəql olunmasından danışıb.

İctimai.az-ın məlumatına əsasən, Prezident deyib ki, buna səbəb Rusiyanın qaz kəmərində təmir işlərinin getməsidir.

“Biz buna “yox” deyə bilərdik, lakin “hə” dedik. Çünki bu başqa yanaşmadır, başqa jestdir”, – deyə İlham Əliyev əlavə edib.

Qeyd edək ki, bu ilin martın ortalarından etibarən Rusiya qazının Ermənistana tədarükü “Şimali Qafqaz – Zaqafqaziya” qaz boru kəmərinin (Rusiyadan Gürcüstan vasitəsi ilə Ermənistana qaz tədarükü üçün) təmiri ilə əlaqədar, müvəqqəti olaraq Azərbaycan ərazisindən həyata keçirilir.

Martın 16-da “Qazprom Export” MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Rusiya qazının Azərbaycan ərazisindən nəqli üçün qısamüddətli müqavilə imzalanıb.