İlham Əliyev növbəti dəfə hər bir azərbaycanlının prezidenti olduğunu sübut etdi – İlham Məmmədov backend

“COVİD-19 bir həqiqəti hafizələrdə canlandırdı, dünyanın əşrəfi insan həm də gözəlliyin elə özüymüş. Gözləriniz önünə böyük-böyük şəhərləri, onların dünyaca ünlü məkanlarını, təbiətin ən ecazkar mənzərəli guşələrini gətirin. Məlum səbəbdən insan ayağı çəkildiyindən hərdən fotoları sosial şəbəkələrdə paylaşılan məkanlar cəlbedici deyil, əksinə miskindir, yazıqdır insanlarsız. Amma ümid edirik ki, tezliklə koronavirus haqqında keçmiş zamanda danışacağıq”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputatın sözlərinə görə, pandemiya dövründə virusun təhdid etdiyi hər bir ölkədə onun daha artıq yoluxmalara səbəb olmasının qarşısını almaq, bu bəladan mümkün qədər az itki ilə çıxmaq üçün tədbirlər görülür, önləmlər alınır: “Amma ölkəmizdə cənab Prezidentin rəhbərliyi altında virusla mübarizədə həyata keçirilən işlərin bənzəri yoxdur. Virusun dünyaya yayılma təhlükəsinin ilk günlərindən ölkə sərhədlərinin bağlanması, lazım olan diaqnostik və müalicə ləvazimatlarının alınması, ölkənin hər yerində dezinfeksiya işlərinin aparılması, epidemiyanın qarşısının alınmasında ən effektiv yolun, təbii ki, hələlik sosial məsafənin, izolyasiyanın olması səbəbilə bütün təhsil müəssisələrinin, iaşə xidməti obyektlərinin, əksər istehsal sahələrinin bağlanması və s. bunun sübutudur. Bütün bunlar,doğrusu böyük vahiməyə səbəb olacaq, insanların psixoloji vəziyyətinin heç də xoş olmayan duruma düşməsini qaçılmaz edən səbəblər kimi baş verərdi, o zaman ki, Prezident öz xalqının yanında olmasını bəyan etməsəydi, işsiz-gücsüz, karantin qaydalarına görə evdə qalan vətəndaşlarının sosial ehtiyaclarının ödənilməsi istiqamətində dünyaya nümunə olan addımlar atmasaydı. Amma bunlar edildi və edilməkdədir. Hər bir azərbaycanlı öz gözü ilə gördü, qulaqları ilə eşitdi. Cənab Prezident 2020-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə dair keçidiyi videomüşavirədə açıq şəkildə bəyan etdi: ”Burada biz iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır – insanların sağlamlığı”. Aprelin 17-də cənab Prezidentin əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və vergilər naziri Mikayıl Cabbarovun da iştirak etdiyi videotoplantı formatında iclasda dövlət başçısı öz seçiminə sadiqliyini, özünün söylədiyi kimi, hər bir vətəndaşın, hər bir azərbaycanlının Prezidenti olduğunu növbəti dəfə təsdiq etdi: ”Bu pandemiya dövründə bizim əsas prioritetlər insanların sağlamlığı,onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır”. İclasda o da xüsusi olaraq diqqəti çəkdi ki,dövlət başçısı verdiyi göstərişlərin icrasını da şəxsi nəzarətində saxlayır:”Aprelin 14-də birinci rübün yekunlarını müzakirə edərkən mən bir çox tapşırıqlar verdim. Təbii ki, bu tapşırıqların hamısı yerinə yetirilir və siz tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar mənə müntəzəm məlumat verməlisiniz”.

İ.Məmmədov qeyd etdi ki, cənab Prezident əlavə tapşırıqlar veriləcəyini bildirib, çünki pandemiya davam edir: “Baxmayaraq ki, Azərbaycanda vəziyyət nəzarət altındadır, biz öz tədbirlərimizi vəziyyətə uyğun şəkildə görməliyik”. Və cənab Prezidentin tapşırıqlarından biri ilkin mərhələdə 200 min adama verilməsi nəzərdə tutulan yardımların ölkə əhalisinin 600 min nəfərinə şamil edilməsi oldu. Mən hesab edirəm ki,ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq.Yəni, 200 min əvəzinə 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid insanlar aztəminatlı ailələrin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır. Onların da problemini dövlət öz üzərinə götürür”. Tam mənasıyla dövlətin öz vətəndaşı ilə olmasını, onun ancaq izolyasiya şərtinə əməl etməklə sağlamlığının qayğısına qalmasını ifadə edən bu mövqe əslində Azərbaycan insanı üçün yeni deyil. Azərbaycan vətəndaşı təbii fəlakət, hansısa qəza nəticəsində ağır duruma düşəndə dövlətinin dəstəyini görüb, Prezidentinin qayğısı ilə əhatə olunub”.

 

Deputat sonda isə vurğulayıb ki, bu qayğı güclü zəlzələlərin evləri dağıdaraq yaşanmaz hala gətirdiyi, düşmən təxribatı nəticəsində atılan mərmilərdən çoxlu sayda insanın evinin darmadağın olduğu vaxtlarda da olub, ehtiyatsızlıq səbəbilə neçə-neçə ailənin qazanc yeri olan ticarət obyektlərinin yanaraq yararsız hala düşdüyü zamanlarda da: “Bütün hallarda maddi itkiyə məruz qalan insanlar arxalarında güclü dövləti görüblər, dövlətin başçısının dəstəyini hiss ediblər.Məhz bu səbəbdəndir ki, bu çətin dönəmlərdə xalq öz rəhbərinin arxasındadır, onu sevir, dəstəkləyir. Hər gün dövlət qurumlarına ünvanlanan çoxlu sayda minnətdarlıq məktubları və mesajlar da bunu təsdiq edir. Bu günlər də gəlib keçəcək. Azərbaycan tarixinin ən ağır dönəmlərindən şərəf və ləyaqətlə çıxdığı kimi, koronovirusun yaratdığı böhranlı günləri də başa vuracaq. Cənab İlham Əliyevin yaratmağa nail olduğu dayanıqlı iqtisadiyyat xalqın rifahını təmin etmək gücündədir.Yeri gəlmişkən, dünya birliyi ölkələrinin əksəriyyətinin pandemiya ilə mübarizədə yardıma ehtiyacları olduğunu bəyan etdikləri halda, Azərbaycan “gözəgörünməz düşmənlə” təkbaşına mübarizə aparır. Həm də hər gün xoş nəticələr verən mübarizə. Bizim isə bu mübarizədə cəmiyyət və fərd olaraq əsas vəzifəmiz cənab Prezidentə dəstək olmaqdır”.

İctimai.az