İlham Əliyev: “Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisədir”backend

“Bu gün biz Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 30-cu ildönümünü qeyd edirik. Bu münasibətlə YAP-ın bütün üzvlərini ürəkdən təbrik edirəm”.

Bu sözləri YAP-ın yaradılmasının 30-cu ildönümü ilə bağlı Bakıda keçirilən tədbirdə Prezident İlham Əliyev deyib.

O, YAP-ın yaranmasını tarixi hadisə adlandırıb:

“O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdi. Bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdi.

Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər. Məhz buna görə ulu öndərə müraciət ünvanlanmışdır. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi. Onların tarixi qərarları ölkəmiz üçün yeni səhifə açılmasına gətirib çıxardı. Ulu öndərin sədrliyi ilə keçirilmiş bu konfransdan sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır”.