Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) xəbər verir ki, Arif Ağayev ADY sədrinin müavini vəzifəsinə təyin edilib.
Arif Ramiz oğlu Ağayev 1980-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2002-ci ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib. 2011-2012-ci illərdə Böyük Britaniyanın Kembric Universitetində Biznesin idarə edilməsi üzrə magistr dərəcəsi alıb.
Arif Ağayev müxtəlif illərdə fərqli beynəlxalq məsləhətçi şirkətlərdə çalışıb, biznesin inkişafı, regional layihələr üçün maliyyə təhlilləri, sahibkarlığın inkişafı və kommersiya təhlili kimi istiqamətlərdə böyük təcrübə əldə edib.
2023-cü ilin iyun ayından ADY sədrinin müşaviri vəzifəsində çalışan Arif Ağayev sərmayələrin idarə olunması, beynəlxalq maliyyə qurumları ilə əlaqələr və strateji hədəflərin icrasına nəzarətə məsul olub. ADY-də çalışdığı müddətdə Arif Ağayev əməliyyat səmərəliliyi və sərmayələr proqramlarına rəhbərlik edib.