İlin sonuna qədər qarşıya qoyulan vəzifələrin icrası üçün uğurlu strategiya hazırlanmışdırbackend

Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə ictimaiyyətin görülən işlərlə tanışlığını təmin etdi. Xalqımız bu məlumatları analiz etdikdə ölkəmizin iqtisadi və siyasi gücünün hansı səviyyədə olduğunu görür. Eyni zamanda ilin sonuna qədər planlaşdırılan işlərlə bağlı məlumatların bəyan edilməsi bir çox nüanslara görə vətəndaşlar üçün xoş xəbər, müjdədir. Prezident İlham Əliyev Qarabağda görülən bərpa işləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq və bir sıra digər məsələlərə toxundu.  İlin birinci rübündə görülən işlər təhlil edilərkən qarşıya qoyulan məqsədlərə çatmağımız aydın şəkildə görünür. Davamlı xarakter daşıyan işlər bütün sahələri əhatə edir.

İctimai.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov aprelin 12-də cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə ilə bağlı danışarkən deyib.

“Prezident müşavirədə iqtisadi göstəricilərdən bəhs edərkən ümumi daxili məhsulun 6.8 faiz, qeyri-neft iqtisadiyyatımızın 10 faizdən çox artması, sənaye istehsalı sahəsində artımın təxminən 4 faiz olmasını bildirdi. Bu rəqəmlər kifayət qədər yaxşı göstəricidir.  Bu onu göstərir ki, iqtisadiyyatın şaxələndirilməsi və bu sahədə planlaşdırılan işlərin tam həcmdə icrası baş tutmuşdur. İxracın idxalı üstələməsi, xüsusən də qeyri-neft ixracımızın 45 faiz artması iqtisadi gücümüzdən xəbər verir. Xarici ticarətin balansına nəzər saldıqda müsbət saldo ilin ilk üç ayında 5 milyard dollardan çox olmuşdur. Dövlət büdcəsi profisitlə icra olunmuş, vergi orqanları bu ilin 3 ayında proqnozdan əlavə 500 milyon manatdan çox və gömrük orqanları 200 milyon manatdan çox vergi toplamışdır. İslahatlar prosesinin müsbət təsiri uğurlu nəticələrin əldə olunmasında özünü göstərir.

Ölkə başçısı torpaqlarımızın işğal altında olduğu müddətdə də, postmünaqişə dövründə də ikili standartlarla üzləşdiyimizi qeyd etdi. O, açıq şəkildə missiyasını yerinə yetirməkdənsə məkrli siyasətlə məşğul olan dairələri ifşa etdi, bununla yanaşı Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi təsisatların fəaliyyətini müsbət qiymətləndirdiyini vurğuladı. Ali Baş Komandan ciddi mesaj ötürərərək bölgədə sülhün əldə edilməsi üçün Ermənistanın silahlandırılmasına son qoyulmasının vacibliyini də vurğuladı. Ölkəmizlə dost münasibətlərini qorumaq istəyən ölkələr bu çağırışa əməl etməlidirlər.

Azərbaycan dövləti regionda söz sahibinə çevrilmiş, bütün sahələrdə güc toplamışdır. İlin sonuna qədər qarşıya qoyulan vəzifələrin icrası üçün uğurlu strategiya hazırlanmışdır. Əminliklə deyə bilərik ki, bu ilin sonuna qədər və ümumilikdə bundan sonrakı dövr üçün nəzərdə tutulan bütün işlər tam həcmdə yerinə yetiriləcək. Bütün bunlar Azərbaycan xalqının əmin-amanlıq içində yaşaması üçündür”.