İndoneziya və Azərbaycan arasında dövlət xidmətləri üzrə simpozium keçirilibbackend

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyinin birgə təşkilatçılığı ilə İndoneziya və Azərbaycan arasında dövlət xidmətləri üzrə simpozium keçirilib.

Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlayn formatda təşkil olunan simpozium 2017-ci il iyulun 24-də imzalanmış Anlaşma Memorandumu və onun davamı olaraq 2024-cü il iyulun 1-də Cakarta şəhərində imzalanmış Fəaliyyət Planı çərçivəsində keçirilib. Belə ki, hazırda İndoneziyada “ASAN xidmət” təcrübəsi əsasında yaradılmış 300-dən çox Dövlət Xidmət Mərkəzi fəaliyyət göstərir.

Əsas məqsəd dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmaların və idarəetmə mexanizmlərinin tətbiqi sahəsində bilik və təcrübə mübadiləsinin aparılması olub.

Açılış sessiyasında Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və İndoneziyanın inzibati və bürokratik islahatlar naziri Rini Vidyantini çıxış ediblər. Onlar dövlət xidmətlərinin daha səmərəli, şəffaf və vətəndaş mərkəzli şəkildə təşkilini, eləcə də iki ölkə arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələlərini vurğulayıblar.

İndoneziyalı nazir “ASAN xidmət”in dövlət xidmətlərinin göstərilməsində vətəndaşların etimadını qazanması ilə yanaşı, bu sahə üzrə beynəlxalq tərəfdaşlarını da ruhlandırdığını qeyd edib.

Simpozium çərçivəsində Dövlət Agentliyinin və İndoneziyanın Bürokratik İslahatlar Nazirliyinin müvafiq şöbələri tərəfindən aidiyyəti sahələr üzrə geniş təqdimatlar edilib, suallar cavablandırılıb.

Sonda tərəflər əməkdaşlığın gələcək mərhələlərinə dair fikir mübadiləsi əsasında qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Tədbir hər iki ölkədən ümumilikdə 300-ə yaxın iştirakçını əhatə edib.