“İnkişaf ləngiməsinin daha tez aradan qaldırılması üçün vaxtında  tədbir görmək lazımdır”backend

Müasir dövrdə valideynlərin ciddi narahatlığına səbəb olan problemlərdən biri də övladlarının inkişafdan geri qalmasıdır. Xüsusilə də, son dövrlər bu problem daha geniş vüsət almağa başlayıb. Bəs bunun yaranma səbəbləri nələrdir? Valideynlər belə olduqda nə etməlidirlər?

Bu barədə suallarımıza cavab tapmaq üçün  psixoloq Fövqiyyə Mirzəyeva ilə həmsöhbət olduq.

-Fövqiyyə xanım, son zamanlar valideynlərin narahatlığına səbəb olan məsələlərdən  biri də  uşaqlardakı   inkişaf ləngiməsidir. Sizcə bunun   səbəbi nədir? Nəyə görə müasir dövrdə bu problemə daha çox rast gəlinir?

-İlk öncə onu qeyd etmək istiyərdim ki, uşaqlarda yaranan  inkişaf  geriliyinin əsas növlərindən biri  nitq ləngiməsidir. Müasir dövrdə daha çox rastlanan problemlərdən biridir. Nitq ləngiməsi bir neçə patologiyadan ibarət  ola bilər. Bunlara əsasən, müxtəlif bətndaxili patologiya, dölün inkişafının pozulması(toksikoz,viruslu,endokrin xəstəliklər,rezus qan uyğunsuzluğu, travma ), doğuş zamanı travma, okisgen çatışmazlığı(asfeksiya), uşağın ilk yaş dövrlərində keçikdiyi  xəstəliklər, beyin silkələnməsi, kəllə beyin travması, irsi faktorlar, əlverişsiz sosial-məişət şəraitini  daxil etmək olar. Uşaqlarda yaranan  inkişaf geriliyi valideynlərin ciddi problemlərindən ən başlıcasıdır desək, daha doğru olar. Xüsusilə də son zamanlar,  müasir dövrdə doğulan uşaqlarda bu halların daha çox  olması faktı  qaçınılmazdır. Ümumiyyətlə  bir çox valideynlər uşaqların inkişaf geriliyini anlamır, anlasalar da qəbul etmək istəmir və yaxud  qəbul etməkdə  çətinlik çəkirlər. Valideynlər  elə zənn edirlər ki, uşaqlar böyüdükcə lazımi bilik, bacarıq və vərdişləri  əldə edəcəklər. Əslində isə bu vəziyyət inkişaf geriliyinin daha da pisləşməsinə gətirib çıxarır. Nitq ləngiməsi təkcə inkişaf geriliyindən deyil, digər ciddi, patoloji problemlərdən də xəbər verir. Uşaqların fiziki inkişafında, qaçma, oturma, durma, tutma hərəkətlərində  geriləmə müşahidə oluna bilir. Amma zehni geriləməsi, daha çox qavrama prosesinin formalaşmaması, məqsəd, səbəb, nəticə anlayışlarının olmaması  kimi müşahidə olunur. Bu qüsurlar ilk 4 yaşına kimi loqopedlər tərəfindən müayinələr nəticəsində müəyyən olunur. Qeyd edim ki, kəkəlmə də nitq qüsurunun bir növdür.Erkən seansları daha  çox effektli olur.

Bəs belə olduqda nə etmək lazımdır? Müalicələrin uşaqlarda yaranan inkişaf ləngiməsinə müsbət təsiri olurmu?

– İnkişaf geriləməsini  ata və ananın qəbul etməsi çətin bir prosesdir. Bu problemi aradan qaldırmaq üçün ən əvvəl valideyn uşaqda olan qüsuru qəbul etməli və bu vəziyyətdən çıxmaq üçün mütəxəssislərə müraciət etməlidir. Məsələn, psixoloji şöbələr, loqopediklər, psixoloqlar və.s qeyd etmək olar. Nə qədər tez müraciət olunarsa, o qədər tez nəticə əldə edə bilərik. Bu autizmli uşaqlara da aiddir. Onlara müayinə 2 yaşında, nitq qüsurlu uşaqlara isə 4  yaşından gec olmayaraq başlanılır. Zamanında göstərilən müdaxilə uşaqlarımızın yaşınauyğun davranmasına səbəb olacaq. Belə hallar baş verdikdə, uşağın mütəxəssislər tərəfindən müalicə olunması vacib şərtdir. Əsasən də müalicə nevropatoloq, psixoloq, loqoped, pediatr, ortoped və s. mütəxəssislərin nəzarəti ilə kompleks şəkildə aparılmalıdır. Belə uşaqlar hər gün eyni saatda yatmalı, eyni vaxtda oyanmalıdır.İnkişaf ləngiməsinin daha tez aradan qaldırılması üçün vaxtında  tədbir görmək lazımdır.

-Fövqiyyə xanım, valideynlərə bu barədə nəyi tövsiyə edərdiniz? Yəni valideynlər nə etməlidir?

– Bunu qeyd edim ki, valideynlər belə olduqda uşaqları ilə daha çox zaman keçirməli, onların sağalmasına inanmalı, uşaqlarında yaranan inkişaf geriliyini qəbul etməlidir. Valideynlərə bu mövzularda maariflənməyə və övladlarında olan qüsurları qəbul edib aradan qaldırılması üçün mütəxəssislərə müraciət etmələrini tövsiyə edərdim. Uşaqlarda nitqin formalaşması prosesinə düzgün müdaxilə olunmalıdır. Nitqdə olan qüsurlar vaxtında valideynlər və ya mütəxəssislər tərəfindən aşkarlanmalı və korreksiya edilməlidir. Valideynlərə uşaqlarını müşahidə etmələrini, onlara maraq və qayğı göstərmələrini inadla   tövsiyə edirəm. Hər hansı bir problem hiss etdikdə narahat olub dərhal mütəxəssisə  mütləq şəkildə müraciət etsinlər. Son olaraq onu da qeyd edim ki,  bu problemin aradan qaldırılması üçün valideynlər uşaqların sosiallaşmasına da dəstək olmalıdırlar. Bu problemlərin erkən diaqnostikası müvafiq müalicənin aparılmasına, bəzi hallarda isə onlardan tamamilə qurtulmağa şərait yaradacaq. Nitq inkişafının ləngiməsinin müalicəsinin  kompleks şəkildə aparılması lazım olan  amillərdəndir.

 Mehriban Xəlilli