İnsan intihar yolunu nə üçün seçir?backend

Birbaşa mətləbə keçirəm, insanlar arasında intihar halları niyə artır? Nədən son dönəmlər bu ictimai fəsad qlobal miqyasda qabarır, gündəmdən düşmür? Və tamamən təbii olaraq cəmiyyətdə ciddi narahatlıq doğurur.

İnsan niyə yaşamaq istəmir, yaxud niyə yaşaya bilmədiyi üçün suisidi – özünə qəsd yolunu seçir? Bu suallar bəşər tarixinin sübh çağından insanlığı düşündürür.

Tarixin bütün dönəmlərində elm adamlarının tədqiqat obyektinə çevrilən ölüm-qalım dilemması bu gün də aktualdır. Əslində, problem hər zaman aktual olub, amma bizim yaşadığımız müasir dövrdəki qədər qabarıq şəkildə ictimailəşməyib. Bu barədə bir qədər sonra.

Bütün dünyada az və ya çox dərəcədə problemə çevrilən intihar hadisələri sosial, mənəvi, psixoloji rakursdan elmi, bədii əsərlərdə, incəsənətdə, kinofilmlərdə də bu və digər şəkildə əks etdirilib.
Dahi U.Şekspirin faciəvi Hamletin dili ilə dünyaya car çəkdiyi ölüm-qalım dilemmasından yəqin ki, xəbərsiz olan bir kimsə yoxdur. Üzləşdiyi hadisədən sarsılan, çıxış yolu tapa bilməyən Hamletin monoloqu belə başlanır:

Ölümmü, qalımmı?
Sual budur, bu.
Taleyin dəhşətli zərbələrinə,
Müti bir qul kimi dözümmü, yoxsa…
Üsyanmı qaldırım silahlanaraq?

Əlbəttə, məqsədimiz dahi dramaturqun yaşadığı cəmiyyətin eybəcərliklərinə qarşı üsyankarcasına qələmə aldığı monoloqun mahiyyətini açmaq, onu təhlil etmək deyil. Sadəcə xatırlatmaq istədim ki, çarəsizlikdən doğan və insanı özünüqəsdə aparan, olsa-olsa, zaman və məkan fərqliliyi ilə səciyyələnən analoqlar hər zaman mövcud olub.

Tədqiqat və araşdırmalar göstərir ki, müharibələr, ağır təbii fəlakətlər, iğtişaşlar zamanı  yaranan streslərin təsir reaksiyası nisbətən azalır. Bu da təbiidir. Bütün diqqət qlobal problemə yönəlir. Fərdlərin daxili gərginlikləri ümumi problemin həllindən sonra başlanır. Söylənilənlərə son bir ilin prizmasından yanaşsaq, mənzərəni asanlıqla görə bilərik.

Öncə bütün planeti hörümçək toru kimi saran, dünya insanını, eləcə də Azərbaycanı səbəbi bilinməyən qorxunc COVİD-19 virusunun gətirdiyi ölüm təhlükəsi ilə hədələyən pandemiya, ardınca da yenidən torpaqlarımızı işğal etmək xülyasına düşən məkrli düşmən həmləsiylə başlanan ikinci Qarabağ savaşı diqqəti konkret nöqtəyə cəmləşdirdi. Şəxsi problemlər arxa plana keçdi. Fikrimcə, dərinlərə getməyə, təhlillər aparmağa ehtiyac yoxdur. Yəni bunu nəzərə almalıyıq ki, biz ölkə olaraq, xalq olaraq çox böyük sınaqlar qarşısında qaldıq, çətinliklər yaşadıq və hələ də yaşamaqdayıq.

Mətbuatda, saytlarda gedən mövzumuzla bağlı yazılarda, çıxışlarda intihar hallarını daha çox sosial səbəblərlə, maddi sıxıntılarla əlaqələndirən fikirlərə rast gəlirik. Təbii ki, bu və ya digər səbəblər, hətta səbəbsizlik intihara apara bilər. Amma maddi çətinliklər, sıxıntılar, laqeydlik üzündən hər kəsmi canına qəsd edir? Öncə bir qədər intihar nədir sualı üzərində dayanaq.

Tədqiqatlar göstərir ki, özünəqəsd biri digəri ilə əlaqədə olan sosial mühit və fərdi psixoloji problemlərin təsiri ilə əlaqəlidir. Bəzi tədqiqatlar isə psixi cəhətdən sağlam olmayan şəxslərin daha çox intihar yolunu seçdiyini göstərir.

İntihara cəhdin qarşısı alına bilərmi, ölümü seçən insanı yenidən həyata qaytarmaq olarmı? Öncə intiharla bağlı bəzi rəqəmlərə, faktlara diqqət yetirək.

Araşdırmalara görə, dünyada hər 40 saniyədən bir intihar hadisəsi baş verir. Faciəli ölüm sayına görə kişilər ilk sırada gəlir. İntihara cəhd halları qadınlarda daha yüksəkdir. Risk qrupuna daha çox yeniyetmələr və yaşlılar daxildir. İntihar edənlərin 90-95 faizini psixi cəhətdən sağlam olmayan şəxslər təşkil edir. Yəni depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozuntusu kimi ruhi rahatsızlıqları olanlar, həmçinin, narkotik vasitə və alkoqol asılığından əziyyət çəkənlər üzdəniraq bir “sevgiylə” ölümün ağuşuna atılırlar.
Payız və qış aylarında intihar hallarının nisbətən artdığı müşahidə olunur. Psixologiyada payız, qış depressiyaları terminləri də öz əksini tapır. Depressiv vəziyyətlərin də intihara aparması diqqətə alınmalıdır.

İnsan niyə özünə qəsd edir, niyə yaşamaq əvəzinə ölümü seçir, buna səbəb nədir? Səbəblər çoxdur və fərqlidir. Təbii ki, yığcam bir yazıda bütün səbəblər haqqında geniş məlumat vermək mümkün deyil. Odur ki, daha çox müşahidə olan səbəblər üzərində dayanaq.

Çarəsizlik və ümidsizliyə qapılan bəzi insanlar intihar yolunu seçir. İnsan çətinliyə düşür, özünə qapanır, ətrafdan yardım gözləmir, problemi özü həll etmək istəyir, yaxud yaxın çevrəsi yardım əli uzatmır və həmin şəxs ümidsizliyə qapılır. Onun üçün bircə yol qalır: həyatdan, yaşamaqdan xilas olmaq!
Amma çarə hər zaman var. Özünü könüllü şəkildə öldürən şəxs bununla yaxınlarına, doğmalarına nə qədər acı yaşatdığını dərk etmək gücündə olsaydı, bəlkə də bu addımı atmazdı.

İnsanın yaxındakı faciəni dərk etməsi, həyata tutunması, yaşamına davam edə bilməsi, yanlış addım atmaması üçünsə, mütləq şəkildə ailəsinin, doğmalarının, yaxın çevrəsinin yanında olması, anlayış göstərib düşdüyü durumdan xilas etməsi gərəkdi.

Tanıdığımız şəxs intihar edir, üzülürük, heyifsilənirik, sakit insan idi, niyə özünə qəsd etdi, niyə həyatdan küsdü deyib, dərdlənirik. Amma intihara cəhd edənin hərəkətlərində mütləq şəkildə fərqliliklər hiss olunur. Bunlara diqqət yetirilərsə, zamanında o insana dəstək verilərsə, faciənin qarşısı alınar.

Sağalmayan, uzun sürən, davamlı ağrı verən xəstəliklər intihara səbəb ola bilər. Heç bir maddi çətinlik çəkməyən, daim övladlarının diqqəti, qayğısı ilə əhatə olunan xəstə qadın uzun sürən xəstəlikdən bezir, uşaqlarının ona çəkdiyi əziyyətə dözmür və canına qəsd edir.

Səbəblərdən biri də psixi xəstəliklər, narkotik və alkoqol aludəçiliyidir. Burada irsi xəstəliklər, genetik faktorlar da nəzərə alınmalıdır. Əgər psixi sağlamlığında problem olan şəxsin nəslində intihar edən olubsa, bu, mütləq nəzərə alınmalı və həmin şəxsə ailə və yaxın çevrə tərəfindən həssaslıqla yanaşılmalı, o, daim diqqət altında olmalıdır.

Narkotika və alkaqola meyilli şəxslərin ailələri də diqqətli olmalı, problemin qarşısını vaxtında almalı, ehtiyac yarandıqda mütəxəssisdən məsləhət almalıdırlar. Bütün hallarda ən yaxın çevrənin duyarlı olması gələcəkdə baş verəcək faciənin qarşısını ala bilər.

Tənhalığın səbəb olduğu intiharlar daha çox yaşlılar arasında baş verir. Tənha insanlar toplumdan uzaq düşür, ünsiyyətsizlikdən əziyyət çəkir, özünə qapanır və son nəticədə belə yaşam tərzindən bezərək çarəni ölümdə axtarır. Övlad himayəsinə möhtac qalan yaşlı insanın bütün maddi tələbatı ödənsə də, ahıl vaxtda onun daha çox mənəvi dəstəyə, ünsiyyətə ehtiyacı olur. Bu ehtiyaclar ödənmədikcə, zamanla sonu faciə ilə nəticələnən depressiv vəziyyət kəskinləşir.

Yeniyetmə və gənc nəsli intihara aparan səbəbləri yaşlı nəsillə bağlı səbəblərlə eyniləşdirmək olmaz. Yeniyetməlik dönəmi insan həyatının ən həssas mərhələsi sayıla bilər. Bu dövr mürəkkəbliyi ilə fərqlənir. Şəxsiyyətin formalaşdığı bir vaxtda yeniyetməyə fərqli yanaşma tələb olunur. Bu yaşlarda intiharlar daha çox ailənin yeniyetməni anlamaması, onu diqqətə almaması, bəzi hallarda aşağılaması səbəbindən baş verir. Burada tibbi-bioloji məqamlar da var təbii ki. Hormonal dəyişikliklərin təsiri və sair. Valideyn övladından bir çox halda onun gücündə olmayanları gözləyir, bəzən də həmin yaşda özünün arzuladığı, amma əldə edə bilmədiklərini övladı vasitəsilə reallaşdırmaq istəyir. Unutmaq olmaz ki, yeniyetmə yaşda hələ baş verən hadisələri tam dərinliyi ilə anlamaq gücündə deyil. Birinin övladı sadə bir peşənin sahibi olmaq istəyir, amma valideyn maddi sıxıntı çəkməsinə baxmayaraq, repetitora pul xərcləyir ki, onun oğlunu və ya qızını ali məktəbə hazırlaşdırsın.

Bir-iki il əvvəlki intihar hadisəsini xatırlayıram. Ana yeganə oğlunu yetərli bal toplamadığı, ali məktəbə daxil ola bilmədiyi üçün “əməyimi, zəhmətimi heçə vurdun, müəllimlərə nə qədər pul tökdüm”, deyib günahlandırır. Bütün ilboyu vaxtını hazırlıqlarda keçirən və müsbət nəticə əldə etməyən yeniyetmə onsuz da gərgindir, düşdüyü vəziyyətdən məmnun deyil. Qınaqlar, danlaq və təhqirlər emosiyalarını, duyğularını tənzimləmək gücündə olmayan gənci intihara sürükləyir. Yeganə oğlununun faciəsinə dözməyən ana da özünə qəsd edir.

Bəli, yaşından asılı olmayaraq insanlar fərqli səbəblər üzündən intihar edirlər. Bəs cəmiyyət, dövlət, toplum, çevrə və mütəxəssis olaraq faciələrin qarşısını almaq üçün biz nələr etməliyik? Bu işdə KİV-in, radio və televiziyaların, məktəb və ailə psixoloqlarının, psixoloji mərkəzlərin, həmçinin, dini qurumların üzərinə böyük məsuliyyət düşür. Bu sahədə çox ciddi maarifləndirmə aparılmalıdır. Bəzi saytların intihar hadisələrini reytinq xatirinə şou xarakterli yazıya çevirməsi yolverilməzdir. Son bir ildə baş verən gərgin hadisələr onsuz da insanlarda yetəri qədər həyəcan, təşviş yaradır. Bütün detalları ilə ekrana, efirə, sosal şəbəkələrə yansıdılan faciəli hadisələr insanları neqativə kökləyir.

Uzun sürən pandemiya şərtləri, sosial izolyasiya, təcridolma və digər şərtlər insanları kifayət qədər yorub. Ünsiyyət azlığı, doğma və yaxınlarla təmasların sıfıra endirilməsi, kütləvi tədbirlərin olmaması da öz təsirini göstərir. Qeyri-müəyyənlik, illərlə vərdiş edilən gündəlik rutin həyatdan uzaqlaşmaq gərginliyi artırır, sabah bizi nə gözləyir sualı zəif xarakterli insanlarda ümidsizlik yaradır. Bu baxımdan radio-televiziyalar maarifləndirici verilişlərə üstünlük verməlidir. Toplum indi daha ayıq olmalı, kütləvi bəlaya çevrilən laqeydliklə ardıcıl mübarizə aparılmalı, hər kəs yaxın çevrəsində sarsıntı keçirənə yardım etməlidir. Psixoloqlar, psixoterapevtlər, həkimlər və mətbuat işçiləri əməkdaşlıq etməli, problemə kompleks yanaşılmalıdır.

Biz xalq olaraq yumruq kimi birləşdik, düşmən tapdağında olan torpaqlarımızı azad etdik. Güc birlikdədir, biz bunu yaxşı bilirik. Gözəl günlər üçün, gələcək həyatımız üçün yenə əl-ələ, çiyin-çiyinə verərək ulularımızdan qalan, qan yaddaşımız olan yardım etmək, dərd ortağı olub, qəmimizi paylaşmaq, şad günümüzdə sevincimizi paylaşmaq ənənələrimizi davam etdirməli, yaşatmalıyıq.

İnsan həyatı hər şeyin fövqündədir. Gəlin bunun fərqinə varaq. Ətrafımıza, çevrəmizə, doğmalarımıza qarşı duyarlı olaq. Əzizlərimiz üçün sonradan soyuq və cansız məzar başında göz yaşı tökməkdənsə, sağ ikən onların bizə uzanan əlini tutaq, onlara anladaq ki, hər bir kəsin ən dəyərli sərvəti yaradanın nəsib etdiyi, yalnız bir dəfə verilən, həm də yaşamaq üçün verilən ömürdür!

Təranə Paşayeva

Psixologiya üzrə fəlsəfə doktoru