İnsanların həyatını minalardan bu yolla qoruya bilərik – AÇIQLAMAbackend

“Ermənistanın Azərbaycana qarşı yürüdülən işğalçılıq siyasəti təkcə həmin ərazilərdəki yaşayış məntəqlərini, mədəni-dini-tarixi abidələrimizi məhv etmək olmayıb, eyni zamanda, ekoloji terror törədiblər. Vaxtilə işğal altında olmuş torpaqlara beynəlxalq konvensiyalarla qadağan olunmuş çoxsaylı minalar basdırıb. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işləri ilə paralel olaraq həmin ərazilərin minalardan təmizlənməsi prosesini həyata keçirməkdədir. ANAMA 10 noyabr bəyanatından indiyədək 18 min hektardan çox ərazi təmizləyib, 48 mindən çox mina və partlamamış hərbi sursat aşkar edərək məhv edib. İşğaldan azad edilən ərazilərdə minatəmizləmə işləri fasiləsiz davam edir”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, minatəmizləmə işləri ilk olaraq magistral, dəmir yolu, obyekt və yaşayış yerləri üçün nəzərdə tutulmuş ərazilərdə aparılıb və bu işlər davam edir.

281005

“Bu müddət ərzində həmin ərazilərdə 22 230 partlamamış hərbi sursat, 17 426 piyada əleyhinə mina, 8 755 tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Amma həmin ərazilərdə hələ də çoxlu sayda mina və partlamamış hərbi sursat qalmaqdadır. Ərazilərin minatəmizləmə işi kifayət qədər çətin, uzunmüddətli və təhlükəli prosesdir. Ani ehtiyatsız davranış bədbəxt hadisə ilə nəticələnə bilər. Bu baxımdan mina təmizləyənlərin bu sahədə fəaliyyəti olduqca mürəkkəbdir. Ərazilərin müəyyən qismi hərbi sursatdan təmizlənsə də, mina təhlükəsi Azərbaycan vətəndaşlarının həmin ərazilərdə sərbəst fəaliyyəti üçün hələ də ciddi maneələr yaratmaqdadır. Məhz bu ehtiyatsızlıq üzündən 200-dək insan minaya düşüb və onlardan 30-dan yuxarısı həyatını itirib. Odur ki insanlarımız bu məsələyə həssas yanaşmalı və həyatlarını bilərəkdən təhlükəyə atmamalıdır”.

O əlavə edib ki, insanların Vətən həsərətini və işğaldan azad olunmuş əraziləri, o cümlədən öz ata yurdlarını görmək arzusunu anlamaq olar, amma bu arzuların reallaşması bəzən onların həyatı üçün baha başa gələ bilər: “Unutmaq olmaz ki, düşmən hətta hərbi zonalara daxil olmayan əraziləri belə minalanıb. Ermənilər minaların növlərini, relyefin müxtəlifliyini və basdırılma üsullarını məhz çoxlu sayda insan tələfatının olması üçün məqsədli şəkildə seçiblər. Nə zaman basdırılmasından asılı olmayaraq, hər bir mina, partlamamış hərbi sursat, əldədüzəlmə partlayıcı qurğular ölümcül fəsadlar törətməyə qadirdir. Odur ki bu məsələdə hər bir insan vətəndaş məsuliyyəti sərgiləyib, diqqətli olmalıdır. Çünki orada basdırılan minalar, eyni zamanda kustar üsulla hazırlanan partlayıcı vasitələr və partlamamış hərbi sursat da real təhlükə mənbələridir. Odur ki əhalimizi bir qədər də təmkinli olmağa, həmin minalanmış ərazilərə səfərlərdən çəkinməyə çağırırıq. Biz nəinki səfərlərdən çəkinməli, əksinə, mina təhlükəsizliyi məsələlərinə və ərazilərin minalardan təmizləməsi ilə əlaqədar fəaliyyətə dəstək olmalıyıq. Biz ətrafımızdakılara da bunu təlqin etməliyik”.

Deputat deyib ki, bu məslədə maarifləndirmə işlərinə ciddi ehtiyac var: “Biz bütün imkanlardan və resurslardan istifadə etməklə insanlarımızın həyatı üçün təhlükə mənbəyi olan mina təhlükəsindən xilas etməliyik. Bu məqsədlə maarifləndimə işlərini sürətləndirməliyik. Hesab edirəm ki, pik saatlarda radiolarda mina təhlükəsi ilə bağlı məsələlərə yer ayrılmalıdır, bundan əlavə olaraq, işğaldan azad olunmuş ərazilərə yaxın rayonlarda magistral yolların kənarında mina təhlükəsi ilə bağlı plakatlar yerləşdirilməlidir, əhaliyə maarifləndirici bukletlər paylanılmalıdır. Bu ərazilərə səfər edən şəxslərin mobil telefonlarına həmin ərazilərə yaxınlaşdıqda mina təhlükəsi ilə bağlı maarifləndirici SMS-lərin göndərilməsi təşkil edilməlidir, səfər iştirakçıları mina təhlükəsi ilə bağlı təlimatlandırılmalıdır, işğaldan azad olunmuş ərazilərə səfər niyyəti baxımından potensial risk daşıyan keçmiş məcburi köçkünlərin ölkə üzrə kompakt halda müvəqqəti məskunlaşdıqları yerlərdə mina təhlükəsi ilə bağlı plakatlar yerləşdirilməlidir. Bu işdə media və QHT-lər müstəsna rol oynaya bilər və onların bu rolundan maksimum faydalanmaq lazımdır. Yalnız cəmiyyətin bütün təbəqələrinin birgə fəaliyyəti nəticəsində insanlarımızı gözləyən təhlükədən qoruya bilərik”.