İyunun 28-də İranda İsraillə münaqişə zamanı həlak olan hərbi komandirlərin, nüvə alimlərinin və mülki şəxslərin, ümumilikdə 60-dan çox insanın dəfn mərasimi keçirilir.
Bu barədə Press TV kanalı məlumat yayıb.
Mərasim Tehranın İnqilab meydanında başlayıb. Dəfn mərasimində İran prezidenti Məsud Pezeşkian iştirak edir.
Tasnim xəbər agentliyinin məlumatına görə, İsrail hərbçiləri Baş Qərargah rəisi Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri Hüseyn Səlami də daxil olmaqla, 20-yə yaxın nüvə alimi və yüksək rütbəli iranlı zabitləri qətlə yetiriblər.
İyunun 25-də İslam Respublikası Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Kermanpur bildirib ki, İran və İsrail və ABŞ arasında 12 gün davam edən münaqişə zamanı ümumilikdə 627 nəfər ölüb, 4870 nəfər yaralanıb.
İyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək “Aslan qalxması” əməliyyatına başlayıb. İran buna cavab olaraq “Doğru vəd 3” əməliyyatına başlayıb.