İran rəsmiləri ailələrini ölkədən çıxarırlarbackend

İran rəsmilərinin ailələri Böyük Britaniyanın paytaxtı Londona sığınmağa cəhd edirlər.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Britaniya parlamentinin üzvləri İrandakı vəziyyət barədə ötən gün parlamentdə İran xalqının molla rejiminə qarşı ölkədə etirazlarla bağlı “təcili sual” qaldırıblar.

Britaniya parlamentinin üzvü Bob Stüart parlamentin iclasına qatılan xarici işlər nazirinin müavini Cillian Kiqana İran rəsmilərinin ailə üzvlərinin Britaniya pasportu əldə etmək səyləri ilə bağlı aldığı məlumatlar barədə sual ünvanlayıb.

O, nazirlik rəsmisindən soruşub: “Londonun İran rejiminin misionerlərinin sığınacaq məkanına çevrilməyəcəyi barədə parlamenti əmin edə biləcəkmi?”.

Stüart habelə tələb edib ki, “Böyük Britaniyada İranyönlü platformaların təmin edilməsinə xərclənən” pullara nəzarət edilməlidir.

Xarici işlər nazirinin müavini isə cavabında şayiələr haqda heç nə eşitmədiyini, amma məsələni araşdırıb sualı qaldıran parlamentariyə məlumat verəcəyini deyib.

Qeyd edək ki, bu məsələ Britaniya parlamentində İran rəsmilərinin ailə üzvlərinə və himayəsində olan şəxslərə viza və yaşayış icazələrinin verilməsinə yenidən baxılması üçün çoxlu müraciətlər edildiyi vaxta təsadüf edir.

Həmin müraciətlər arasında Britaniya parlamentinin saytında dərc edilmiş petisiyada hökumətdən “İran rejimi ilə əlaqəli şəxslər” üçün vizaların verilməsini və yenilənməsini dərhal dayandırmağı tələb edən petisiya da var.

Bu günədək 27 mindən çox Britaniya vətəndaşı və sakini bu petisiyanı imzalayıb.