İşdən beş dəqiqə gec çıxan sevgilisini döyərək xəstəxanalıq etdibackend

Abşeron rayonunda 2001-ci il təvəllüdlü Tacir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı sevgi münasibətində olduğu Tamaraya (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə bu ilin aprelin 1-də, saat 20 radələrində Abşeron rayonu, Novxanı kəndində baş verib.

Tacir İlqar Abdullayev küçəsində boş ərazidə saxladığı “Mercedes Benz 190” markalı avtomobilin salonunda qabaq sağ oturacaqda sərnişin qismində əyləşmiş ailə həyatı qurmaq istədiyi tanışı Tamaranın işlədiyi yerdən nəzərdə tutulmuş vaxtdan bir neçə dəqiqə gec çıxdığına görə, qısqanclıq zəminində danlayıb.

Bununla kifayətlənməyən Tacir əl, yumruq zərbələri ilə Tamaranın sifət, baş və bədən nahiyələrinə qəsdən ardıcıl zərbələr vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Tacirin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tacir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O qeyd edib ki, zərərçəkmiş Tamaranı 2020-ci ildən tanıyır:

“Tamara ilə Azərbaycan İqtisad Universitetinin Zaqatala rayonunda yerləşən filialında təhsil almışıq. Həmin zamandan bu günə kimi aramızda olan sevgi münasibətlərindən hər ikimizin valideynlərinin xəbəri olub. Əvvəllər aramızda mübahisələri olsa da, ancaq dava-dalaşlarımız olmayıb. Tamara hər gün işdən saat 17:30-da çıxsa da, sonuncu dəfə 5-10 dəqiqə gec çıxdığı üçün aramızda mübahisə yarandı. Mən işdən saat 18:00-da çıxdım, avtomobillə Tamaranın yaşadığı Novxanı kəndində olan ünvana getdim. Həmin ünvanda olan zaman Tamaranın mobil telefonuna zəng etdim. Ona orada olmasını bildirdim və avtomobilə çağırdım. Tamara evdən çıxaraq idarə etdiyim avtomobilə əyləşdi. Mən avtomobili sürərək, olduğumuz yerdən bir qədər uzaqlaşdım. Maşında olan zaman Tamara işdən gec çıxdığı üçün onunla aramızda mübahisə yarandı. Mübahisə zəminində əsəbiləşərək yumruqla onun sifət və bədən nahiyəsinə vurdum. Bundan sonra Tamaranın burnu qanamağa başladı. Bir az söhbət etdikdən sonra Tamaranı aparıb yaşadığı ünvanın qarşısında düşürtdüm”.

İş üzrə zərərçəkmiş Tamaranın sözlərinə görə, polisə zəng vuraraq onun döyülməyi barədə məlumat verən şəxs bacısı Leyla olub:

“Barəsində şikayət etdiyimiz Taciri 2020-ci ildən tanıyıram. Tacir ilə birlikdə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında təhsil almışam. Həmin vaxtdan aramızda sevgi münasibəti yaranıb. Hazırda şirkətlərin birində satış və marketinq şöbəsində kiçik mütəxəssis vəzifəsində işləyirəm. İşlədiyim şirkətdə iş rejimi saat 08:00-dan, saat 17:30-dəkdir. Yəni, hər gün saat 17:30-da işdən çıxıram. Bu barədə Tacirin də məlumatı var. Tacir çox qısqancdır. Onun qısqanc olmasına görə aramızda bir neçə dəfə mübahisələrimiz olub”.

Zərərçəkmiş qeyd edib ki, Tacir mütəmadi olaraq işdə olan zaman ona saat 17:30-da zəng vurur:

“Buna səbəb isə mənim işdən gec çıxıb-çıxmamağımdır. Hadisə günü, saat 17:20-də Tacir mənə zəng vurdu və “telefonu söndürmə, işini gör qurtar, mən sənin işdən çıxmağını gözləyirəm” dedi. Mənim işlərim çox olduğu üçün işdən saat 17:35-də çıxdım. Bu səbəbdən də Tacir ilə aramızda telefonla danışan zaman mübahisə yarandı. Tacir məni anlamaq istəmədi. Bundan sonra telefonu söndürdüm. İşdən çıxaraq sərnişin avtobusu ilə evə gələn zaman fikirləşdim ki, Tacirin əsəbi sakitləşəndən sonra onunla danışaram. Tacirə zəng vurdum və mənə işdən çıxaraq söhbət etməyə gəldiyini bildirdi. Mən yaşadığım ünvana çatdıqdan bir müddət sonra Tacir yaşadığım ünvanın qarşısına gəldi. Zəng edərək küçədə məni gözlədiyini dedi. Buna görə də evdən küçəyə çıxdım və Tacirin idarə etdiyi “Mercedes” markalı maşınna əyləşdim. Tacir maşını idarə edərək ünvandan bir az uzaqlaşdı”.

Tamara qeyd edib ki, söhbət əsnasında Tacir ona “mən sənə demişəm, işdən vaxtında çıx” deyib:

“Həmin zaman Tacir əsəbi olub. Mən işimin çox olduğu üçün beş dəqiqə gec çıxdığımı desəm də, Tacir sakitləşmədi. Aramızda mübahisə yarandı. Tacir yumruqla məni vurmağa başladı. Mən başımı tutdum, Tacir mənim bədən nahiyələrimə hər iki əli ilə vurmağa başladı. Daha sonra başımı qaldıran zaman Tacir yumruqla sifət nahiyəmə, başıma bir neçə dəfə zərbə ilə vurdu. Bu zaman burnumdan qan axmağa başladı. Ancaq Tacir yenə də sakitləşmədi. Əksinə, yenə də mənə işdən vaxtında çıxmağımı dedi. Mən Tacirə burnumun sındığını və məni evə aparmağını söylədim.

Əvvəlcə o, məni evə aparmaq istəməsə də, sonradan əlimdən tutaraq, qan izlərini sildi. Sonra məni yaşadığım evin qarşısına apardı. Bu zaman Tacir mənə “get evə, bir saatdan sonra gəlib səni götürəcəyəm” sözlərini dedi.

Mən maşından düşərək evə getdim. Həmin zaman evdə yalnız bacım olub. Bacım mənə kim tərəfindən döyüldüyümü soruşdu. Mən də baş verənləri ona danışdım. Bacım isə anama zəng edərək bu barədə məlumat verdi. Anam klinikada tibb işçisi işlədiyi üçün mənə “taksiyə əyləş, gəl xəstəxanada səni gözləyirəm” dediyi üçün xəstəxanaya getdim. Orada ilkin olaraq mənə yardım göstərildi. Məlum oldu ki, burnum sınıb”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Tacirin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.