İŞĞALA SONbackend

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabr hər il “Anım Günü” kimi təsis edilmişdir. Vətən müharibəsində şücaətlə vuruşmuş, torpaqlarımızın işğaldan azad olunması uğrunda canını fəda etmiş qəhrəman oğullarımıza, o cümlədən bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
2020-ci il Azərbaycan üçün mühüm hadisələrin baş verdiyi il olmuşdur. Sentyabrın 27-də sürətli əks-hücuma keçən Azərbaycan ordusu düşmənin müdafiə xəttini yararaq işğal altında olan ərazilərimizi işğalçılardan azad etməyə başladı. Azərbaycan 44 günlük müharibə dövründə “Dəmir yumruq” əməliyyatı həyata keçirməklə erməni qəsbkarlarını darmadağın etdi. Nəticədə Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur oldu.
Azərbaycanın xarici və daxili siyasət baxımından 2020-ci ildə əldə etdiyi ən mühüm nailiyyət sentyabrın 27-də başlanan və 44 gün davam edən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi əməliyyatıdır. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na kimi davam etmiş 2-ci Qarabağ müharibəsi münaqişənin 30 ilə yaxın diplomatik yolla həll oluna bilməməsi fonunda baş vermiş və Azərbaycan ordusunun müstəsna uğurları ilə nəticələnmişdir. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli birgə bəyanat isə Dağlıq Qarabağ münaqişəsinə köklü dəyişiklik gətirmişdir. Sözügedən birgə bəyanatın maddələri tərəflər üçün fərqli mənalar ifadə edir. Birgə bəyanat Azərbaycan üçün uğurlu hesab olunsa da, Ermənistan barədə bunu söyləmək olmaz. Birgə bəyanatı imzalamış Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan xalqının müxtəlif təhqirləri və şiddətli reaksiyaları ilə üzləşmişdir.
44 günlük müharibə Cənubi Qafqaz regionunda geosiyasi və geoiqtisadi vəziyyəti kökündən dəyişdirmiş, eləcə də yeni reallıqlar və regional əməkdaşlıqla bağlı yeni imkanlar yaratmışdır. Müharibə zamanı Azərbaycan 5 şəhər, 4 qəsəbə, 286 kənd və Azərbaycan-İran sərhədini işğaldan azad etmiş, 10 noyabr tarixli birgə bəyanata əsasən, dekabrın 11-dək daha 3 şəhər Azərbaycana qaytarılmışdır. Bundan əlavə, 10 noyabr 2020-ci il tarixli birgə bəyanata əsasən, “Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadasına son qoyulmalıdır. Ermənistan Respublikası Azərbaycan vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verməlidir. Sözü gedən dəhliz Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcək, nəzəri cəhətdən Türkiyəni Naxçıvan, Azərbaycanın qalan hissəsi və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə birləşdirəcəkdir.
Yekun olaraq belə qənaətə gəlmək olar ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi Cənubi Qafqazda geosiyasi və geoiqtisadi ab-havanın dəyişməsi ilə yanaşı, bu regionda yeni qüvvələr balansının formalaşmasına da öz töhfəsini vermişdir. Əgər müharibə başlamazdan əvvəl ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bütövlükdə status-kvonu saxlamağa çalışırdılarsa, indi vəziyyət tamamilə dəyişmişdir.
Bundan əlavə, ikinci Qarabağ müharibəsinin daha bir regional nəticəsini qeyd etmək lazımdır. İran İslam Respublikası ilə dövlət sərhədimizin 132 kilometrlik hissəsi işğaldan azad edilmiş, orada sərhəd zastavaları yaradılmışdır. Bu, həm siyasi, həm də qeyri-siyasi baxımdan beynəlxalq aləmdə böyük hadisədir. Otuz ilə yaxındır ki, bu sahələrdə transmilli cinayətkarlığın bəzi təzahürləri, xüsusən də narkotik vasitələrin qanunsuz dövriyyəsi və logistikası kriminal əməkdaşlıq formasında geniş şəkildə təşəkkül tapmış və həyata keçirilmişdir. Artıq bu baxımdan da işğaldan azad olunmuş ərazilərdə qanunun gücü və hüquqi yurisdiksiya bərpa olunmuş, cinayət təzahürləri aradan qaldırılmışdır. Öz növbəsində, digər nəticə beynəlxalq terrorizmin qarşısının alınması ilə bağlıdır. İşğaldan azad edilmiş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyət, eləcə də terrorçu cinayətkar qrupların məskunlaşdırılmasına son qoyulmuşdur.

Bakı Slavyan Universiteti,
müəllimi Rüstəmova Sevda Xaqani qızı