İslahatçı parlamentbackend

2020-ci ilin mart ayının 10-da Milli Məclisin altıncı çağırış ilk iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etmiş və bir sıra məsələlərə toxunmuşdur. Prezident bildirmişdir ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirməkdir. Biz vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini yüksək səviyyədə təşkil etməliyik.

Məlumdur ki, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermiş və seçkilərin nəticəsini tanımışdır. Avropa İttifaqı yeni seçilmiş deputatlarla və Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Bu seçkilərdə bütün siyasi qüvvələr iştirak etməsi nəticəsində çoxpartiyalı parlament formalaşmışdır. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis olduğu üçün, onlar siyasi sistemin təkmilləşdirilməsi işində fəal iştirak etməlidirlər.

İlk dəfədir ki, müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük siyasi əhəmiyyətə malikdir. Ümumiyyətləs iyasi islahatlar partiyalararası dialoq aparılmadan həyata keçirilə bilməz. Bunu nəzərə alan Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirirlər.

İslahatların hüquqi bazasını təkmilləşdirmək üçün qanunvericilik sahəsində də Milli Məclis tərəfindən lazımi addımlar atılacaqdır. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulmalı və çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki aparılan islahatların mahiyyəti də budur.

Azərbaycanda aparılan islahatlar həm konseptual və həm də struktur xarakteri daşıyır. Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirdiyinə görə, bütün dövlət qurumlarında təmizləmə işləri aparılacaqdır.

Ölkədə aparılacaq islahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməz. Odur ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verməlidir. Mütamadi dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir.

Bildiyiniz kimi, Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiq edir. Minimum əməkhaqlarının və pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir və vergi bazasını genişləndirir.

Ölkə əhalisinin mütləq əksəriyyətini gənclər edir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar və xarici təsir altına düşməməlidirlər.
Bildiyiniz kimi, xaricdə anti-Azərbaycan qüvvələri kimi yeni beşinci kolonun yaradılması istiqamətində işlər aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrulda bilmədi. Onlar başa düşməlidirlər ki, əslində bu xəyanət iqtidara qarşı deyil, dövlətə qarşı edilən cinayətdir.

Millət vəkilləri beynəlxalq fəaliyyətin səmərəliliyini artırılmalıdırlar. O beynəlxalq təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var və ölkəmizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Onların qarşısında yox, dövlət və xalq qarşısında yaxşı olmaq lazımdır. Demokratiyadan dərs vermək istəyənlər özləri cinayətlər törədirlər. Avropanın “demokratiya beşiyi” sayılan ölkələrdə xalqın gözü qarşısında, dünyanın gözü qarşısında dinc nümayişçiləri vəhşicəsinə döyürlər, əzirlər, gözlərini çıxarırlar, öldürürlər və həbs edirlər.
Milli Məclisin iqtisadi sahədə görülən işlərlə bağlı rolu artmalıdır. Hökumət üzvləri və parlament daima xalqla daha sıx ünsiyyətdə olmalıdırlar. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini, həm də parlamentin rolunu artacaqdır. Ölkəmiz müasir, dünyəvi dövlət kimi güclənməlidir. Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş miqyasda aparılmalıdır.

Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir.

Ölkəmiz uğurlu xarici siyasət həyata keçirir. Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır. Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri vardır. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlərimiz mövcuddur. Müsəlman aləmində böyük nüfuzumuz var. Azərbaycanın xarici siyasəti situasiyadan asılı olmayan bir siyasətdir.

Oqtay Süleymanzadə

Azərbaycan Kooperasiya Universitetinin Tələbə gənclər təşkilatının sədr müavini