İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdirbackend

XXI əsrin üçüncü onilliyində dünyanın mənzərəsi olduqca ziddiyyətlidir. İqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, ictimai münasibətlərdə xaos, ideoloji boşluq, xarici müdaxilələr və digər mənfi hallar müxtəlif ölkələrin real mənzərəsini təşkil edir. Səbəblər müxtəlifdir. Siyasi hakimiyyətin nüfuzunun olmaması, səmərəli idarəetmə sisteminin yaradılmaması, xarici siyasətdə çoxsaylı qüsurlar və s. Ona görə də “rəngli ssenari”lər, xaos planları, iğtişaşlar, inqilablar, çevrilişlər, üsyanlar bir sıra ölkələr və regionlar üçün siyasi ənənəyə, “milli” adətə çevrilib, yaxud xroniki geosiyasi xəstəlik halını alıb.

Çox uzağa getməyək. Regionumuzda da iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, ictimai münasibətlərdə ziddiyyətlər və digər problemlər ölkələri öz ağuşuna alıb. Cənubi Qafqazın 3 ölkəsindən ikisi – Gürcüstan və Ermənistanda zaman-zaman (və tez-tez) siyasi və hakimiyyət böhranı, iqtisadi problemlər, xarici siyasətdə krizis halları müşahidə edilir. Azərbaycanın digər bir sıra qonşuları da milli təhlükəsizliyə təhdid yaradan hallardan (iqtisadi geriləmə, ictimai münasibətlərdə etimadsızlıq, beynəlxalq müstəvidə problemlər və s.) əziyyət çəkirlər. Bu, əslində, daxili və xarici siyasətin düzgün prinsiplər, hədəflər əsasında qurulmamasından qaynaqlanır.

Azərbaycan nümunəsi isə müsbət təcrübəni, mütərəqqi modeli ifadə və ehtiva edir. İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan xaos və anarxiya meydanına, geosiyasi mübarizə poliqonuna, “demokratiya laboratoriyası”na, dini, etnik müstəvidə qarşıdurma sahəsinə çevrilən region ölkələrindən fərqli olaraq öz milli qüdrətini artırıb. İstər siyasi ekspertlərin şərhlərində, istər müxtəlif araşdırma mərkəzlərinin strateji tədqiqatlarında, istərsə də reytinq institutlarının hesabatlarında diqqət yetirilən ümumi məqam var: Azərbaycanın sabitlik adası – təhlükəsizlik məkanıdır.

Ölkəmizdə bərqərar olmuş təhlükəsizlikdən bəhs edərkən bir sıra “ekspert”lər, “siyasətçilər”, hətta bəzi ölkələrin rəsmiləri qərəzli yanaşmalara və subyektiv mülahizələrə yol verirlər.  Amma əslində, yaxşı bilirlər ki, Azərbaycanın öz təhlükəsizlik modeli var. Ölkəmiz heç bir dövlətdən, regional və beynəlxalq güc mərkəzindən, hansısa təşkilat və qurumdan asılı deyil, öz təhlükəsizliyini təmin edir, yaxın və ya uzaq ölkələrin təsirinə məruz qalmır: Liderin uğurlu daxili və xarici siyasəti hesabına. O Lider ki, adı inkişaf və sabitlik anlayışları ilə assosiasiya olunur, islahatçı və yenilikçi yanaşması ilə fərqlənir, mükəmməl geosiyasət bilicisidir, milli həmrəyliyin qarantıdır. Ən əsası, İlham Əliyevin güclü dövlət konsepsiyası konyuktur maraqları ehtiva etmir, hakimiyyətin mühafizəsinə deyil, dövlətçiliyin qorunmasına  hədəflənib.

Siyasi təkamülə nail olmaq üçün yenilənən islahat kursu ilə yeniləşmək, ictimai münasibətlərdə keyfiyyət dəyişikliklərinə nail olmaq, idarəetmə standartlarını yüksəltmək və digər innovativ metodlardan istifadə etmək lazımdır. Azərbaycanın güclü dövlət mexanizminin əsasını təşkil edən mühüm amillərdən biri davamlı islahatların həyata keçirilməsi, dövlət idarəçiliyində yeni və təkmil standartların tətbiq olunmasıdır. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında və rəhbərliyi altında görülən işlər nəticəsində ölkənin idarəetmə sistemi təkmilləşdirilir, yeni kadr siyasəti idarəetmədə bir sıra neqativ halların aradan qalxmasını təmin etməklə yanaşı, hakimiyyət komandasının monolitliyini daha da gücləndirib. İdarəetmə orqanlarında, qanunvericilik sahəsində, parlamentdə, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində həyata keçirilən islahatların cəmiyyət tərəfindən təqdirlə qarşılanması İlham Əliyevin güclü dövlət konsepsiyasının uğurla reallaşdırılmasından xəbər verir. Bu, həm də ictimai etimada əsaslanan yeni münasibətlərin təşəkkülüdür.

İlham Əliyevin strateji təmkinə, milli maraqlara əsaslanan, müasir geosiyasi çağırışlara adekvat cavab verən strateji kursu nəticəsində Azərbaycan, hətta bir-biri ilə əks mövqelərdə dayanan qütblər – güc mərkəzləri tərəfindən perspektivli tərəfdaş kimi qəbul edilir, Bakının mövqeyinə üstünlük, İlham Əliyevin rəyinə önəm verilir. Bakı Avrasiya geosiyasətində diplomatik trafikin ən vacib və mühüm halqalarından biridir. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi, hazırda da həm regionumuzda, həm də Avrasiyada sülh, sabitlik – təhlükəsizlik, əməkdaşlıq və inteqrasiya məsələləri Azərbaycan Prezidenti ilə müzakirə olunur. Azərbaycanın geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması isə regional təhlükəsizlik faktoru olmaqla yanaşı, mühüm siyasi və iqtisadi dividendlər, perspektivlər vəd edir. Şübhəsiz ki, postkonflikt mərhələsində Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni işbirliyi platformasının əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostrateji proyektin reallaşmasında maraqlıdır. Sadəcə olaraq, bu imkanlardan yararlanmaq üçün konstruktiv mövqe, praqmatik davranış ortaya qoymaq lazımdır. İndi ölkəmizin təşəbbüsü ilə yaranan təhlükəsizlik mühiti regional və qlobal güc mərkəzlərinin ortaq maraqlar əsasında səmərəli əməkdaşlığı üçün geniş imkanlar açır.

Bu gün dünyada həm siyasi, həm iqtisadi, həm də hərbi bir böhran yaşanan vaxtda Azərbaycan öz iqtisadiyyatını dirçəltməklə yanaşı işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti quruculuq işləri aparır, minalardan təmizləmə işləri həyata keçirir. Bütün bunlar isə milyardlarla dollarlara başa gəlir. Hər şeyi isə heç bir kənar qüvvənin təsiri, dəstəyi olmadan öz daxili imkanlarımız hesabına edirik. Əlbəttə iqtisadi göstəricilərimiz bununla yekunlaşmır. Azərbaycan öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır.

Azərbaycan hökuməti dünya iqtisadiyyatında gedən prosesləri diqqət mərkəzində saxlayaraq baş verə biləcək neqativ iqtisadi tendensiyaların ölkə iqtisadiyyatına mənfi təsirlərinin neytrallaşdırılması üçün preventiv tədbirlər planlarına malikdir. Belə ki, neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyə balansına təsirlərinin proqnoz ssenariləri hazırlanmışdır. Bu ssenarilərə uyğun olaraq, zərurət yarandığı hallarda müvafiq sabitləşdirici tədbirlər paketi həyata keçiriləcəkdir.

Qeyd edək ki, dünyada baş verən neqativ iqtisadi meyillər fonunda belə Azərbaycan iqtisadiyyatı dayanıqlıq nümayış etdirir, iqtisadiyyatimiz inkişaf edir, ölkənin mailyyə imkanları genişlənir. Bu gün ölkə iqtisadiyyatı 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikası davam edir. Belə ki, yanvar-fevral aylarında qeyri-neft ÜDM-i 6,7%, ÜDM isə 2,8% artmışdır.

Neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. 2019-cu ilin yekunlarına görə, strateji valyuta ehtiyatlarımız ÜDM-in 100%-ni ötür, valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfə üstələyir.

Valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə zəruri tədbirlər görülməsi üçün bütün imkanlar vardır. Həm monetar, həm də iqtisadi siyasətin digər istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər inflyasiyanın hədəflənən səviyyədə saxlanılmasını təmin edəcəkdir.

Eyni zamanda, dövlət büdcəsinin maliyyə dayanıqlığının daha da gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək, xərclərin optimallaşdırılması və səmərəli istifadəsi üzərində ciddi nəzarət davam etdiriləcəkdir.

Vurğulanmalıdır ki, 2020-ci il üçün qəbul edilmiş dövlət büdcəsinin xərcləri, o cümlədən bütün sosial layihə və öhdəliklər nəzərdə tutulan qrafik üzrə tam həcmdə və vaxtında icra olunur, heç bir sosial layihənin təxirə salınması nəzərdə tutulmur.

Hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkədə iqtisadi artıma və məşğulluğa mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə olunacaqdır.

Bununla yanaşı, istehlak bazarına ciddi nəzarət edilir və vəziyyətdən sui-istifadə etməklə baş verə biləcək süni qiymət artımına və əsassız qıtlığa qarşı sərt tədbirlər görüləcəkdir.

Bu gün müstəqil, qalib, nüfuzlu, qüdrətli, güclü Azərbaycana qarşı informasiya təxribatları, qara piar kampaniyası aparılsa da, ölkəni xaos meydanına çevirmək mümkün deyil. Azərbaycan 4 sütun üzərində öz sarsılmazlığını təmin edib: İlham Əliyevin siyasəti; xalqın iradəsi; xalq-Lider birliyi və ya milli həmrəylik; tarixi Qələbə – möhtəşəm Zəfər! Nəhayət, Azərbaycanın sabitlik və təhlükəsizlik modeli “Özümüzə güvənirik, öz gücümüzlə təmin edirik” formulu və prinsipi üzərində qurulub. Bunun fərqində olan bəziləri qəbul etmək istəməsələr də… reallıq budur!

Bakı Slavyan Universitetinin müəllimi Cəfərli Elvin İsa oğlu