Dövlət Turizm Agentliyinin təşkil etdiyi “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur çərçivəsində bir neçə gün öncə dünyanın ən yüksək yaşayış məntəqələrindən olan Xınalığa səfərimiz baş tutdu.
Təxminən 40 həmkarımız ilə birgə Xınalıq səfərimiz həm maraqlı, həm çətinliklərlə zəngin olan bir səfər kimi yaddaşımıza yazıldı.
Bir neçə ay öncə aramsız yağışlar və daşqınlardan sonra Qudyalçayın üzərində olan, daşqın nəticəsində çayın apardığı körpü yolun yararsız hala düşməsinə və Xınalığa birbaşa gedişə əngəl yaratmışdı. Səfər zamanı biz də kənd sakinləri və digər turistlər kimi Xınalığa çatmaq üçün Qudyalçayın içərisi ilə keçməyə məcbur olduq. 2700 metr yüksəklikdə yerləşən, Bakıdan 240 km, Qubadan isə cəmi 57 km məsafədə olan Xınalığa çatmağın heç də asan məsələ olmadığını öz gözlərimizlə gördük.
Xınalığa səfərimizlə bağlı bu bağlantıda məlumat edə bilərsiz.
Səfər zamanı ən diqqətimi çəkən məqamlardan biri də çətinliyə, yerləşdiyi relyefə və hündürlüyə baxmayaraq, Xınalığa yerli turistlərlə yanaşı, əcnəbi turistlərin də böyük maraq göstərməsi idi ki, buna özümüz də canlı şahid olduq.
Kənddə gəzərkən İtalyadan olan turistlər Valerio Fazio və onun yanındakı xanımla qarşılaşdıq. Valerio müsahibəsində və söhbət əsnasında Xınalıq haqqında məlumatları internetdən öyrəndiyini, səfərlə bağlı araşdırmalar etdiyini və bura gəlməyin çatmağın çətin olmasına baxmayaraq səfər etməyə qərar verdiyini bildirdi. İtalyan turist həmçinin gecəni burada necə keçirdiyini, kənd sakinlərinin onlarla necə xoş rəftarını, yüksək qonaqpərvərliyini ağız dolusu danışması onun Azərbaycanda olmasından məmnunluğunu ifadə edirdi.
O, Xınalıqla yanaşı Azərbaycanın digər görməli yerləri haqqında da araşdırma apardığını bildirdi və söhbət əsnasında mütəmadi olaraq Şamaxı, Gəncə, Naxçıvan, Şəki və digər bölgələrimiz haqqında da suallar soruşması onun ölkəmiz haqqında yetərincə məlumatlı olduğunu nümayiş etdirdi. Bizlə sağollaşıb kənddə gəzməyə davam etdilər.
Kənd sakinləri də italyan turistlərlə yanaşı, ilboyu dünyanın müxtəlif nöqtələrindən turistlərin mütəmadi Xınalığa səfər etdiklərini təsdiq etdilər. Turistlərin səfəri sakinlər üçün əlavə gəlir olmaqla bərabər, kəndin təbliğatı üçün də əhəmiyyətlidir.
Və axşama doğru səfər proqramına uyğun olaraq biz Xınalıqla istəməsək belə sağollaşmağa məcbur olduq və yenidən Qudyalçaydan keçərək üzü Qubaya doğru irərilədik…
Sonda dəvətə və “Xınalıq UNESCO-da 1 il” mövzusuna həsr olunmuş mediatura görə Dövlət Turizm Agentliyinin kollektivinə minnətdarıq!
Necə deyərlər: “Növbəti görüşlərədək…”.
Rəşad Bayramov
İctimai.az