Dövlət İmtahan Mərkəzi (DİM) I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə 9 iyun 2024-cü il tarixində keçirilmiş əlavə imtahanın nəticələrini elan edib.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
RK və Rİ altqruplarının hər ikisini seçən 11804 abituriyentdən 1079 nəfər informatika, DT və TC altqruplarının hər ikisini seçən 6636 abituriyentdən 1412 nəfər coğrafiya imtahanında iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 2 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu imtahanda Rİ altqrupu üzrə ən yüksək nəticəni (400 bal) Bakı şəhər 74 saylı orta məktəbin məzunu Süleymanov Nəsib Asif oğlu göstərib (ümumi imtahan nəticəsi isə 691.7 baldır).