Kamran Bayramov: Kəlbəcərin 71000-dən çox əhalisi doğma yurda qayıdış gününü səbirsizliklə gözləyirbackend

« Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilib, dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. Ermənistan silahlı birləşmələrinin Kəlbəcəri işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Beynəlxalq təşkilatın qətnaməsində bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunub. Lakin digər qətnamələr kimi, bu sənəd də kağız üzərində qalıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin daha aktiv şəkildə məskunlaşdırılmasına başlanılmışdır. Dünyanın yüzlərlə ölkəsinin cəmləşdiyi beynəlxalq təşkilatın 27 ildə sadəcə kağız üzərində qalan qətnaməsinin tələblərini Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırdı.»
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin hərbi qələbəni, siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Kəlbəcər qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Dövlət başçımız Kəlbəcər istiqamətində aparılan hərbi əməliyyatlar haqqında danışarkən bildirib: «İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər gedirdi, şəhidlər vermişdik. Ancaq strateji yüksəklikləri götürdük və bu yüksəkliklər bizə imkan verirdi ki, ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna da nəzarət edək. Beləliklə, biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bu, hərbi əməliyyatın, əks-hücum əməliyyatının tərkib hissəsi idi. Biz əks-hücum əməliyyatını bir neçə istiqamətdə aparırdıq və hər istiqamət önəmli idi. Çünki biz artıq bəzi istiqamətlər üzrə müdafiə xəttini yararaq işğalda olan torpaqları azad edirdik, bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq. Bəzi istiqamətlər üzrə, sadəcə olaraq, hərbi manevrlər apararaq erməni silahlı birləşmələrinin başqa yerə göndərilməsinin qabağını alırdıq. Beləliklə, Kəlbəcərin bir hissəsi, kiçik olan hissə döyüş meydanında azad edildi. Ancaq əksər hissəsi, böyük hissə Ermənistan kapitulyasiya aktına imza atandan sonra azad edildi».
Deputat diqqətə çatdırıb ki, Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. Qeyri-qanuni yaşadıqları əraziləri – Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Öz xislətlərinə daim sadiq qalan erməni vandalları Kəlbəcəri tərk edərkən evləri yandırıb, meşələrə od vurub, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. İşğaldan azad edildikdən sonra Kəlbəcərə səfər edən Prezident İlham Əliyev buradakı erməni vəhşiliyi ilə bağlı deyib: «Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar».
K.Bayramov diqqətə çatdırıb ki, 2020-ci il noyabrın 26-da «Kəlbəcərin azad olunmasına görə» medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu «Kəlbəcərin azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə inkişaf edir. 26 iyun 2022-ci ildə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasiminin təşkili ölkəmizin müdafiə potensialının göstəricisidir.
Deputat əlavə edib ki, hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. Kəlbəcərin 71 000-dən çox əhalisi doğma yurd-yuvalarına qayıdış gününün başlamasını böyük səbirsizliklə gözləyirlər.