Karantin dövründə ailə həyatı – “LOQOS”UN PSİXOLOQU YAZIRbackend
Məqalə Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  ilə birgə keçirdiyi qrant müsabiqəsində qalib olmuş “Regionlarda ailə dəyərlərinin təbliği və gənc ailələrə psixoloji yardımın göstərilməsi” layihəsi çərçivəsində yazılıb.
Karantin dövründə ailə həyatı
Bəşəriyyət üçün pandemiya yeni olmasa da cari dövrdə yaşayan insanlar üçün xoşbəxt, rahat və ya adi yaşadıqları dövrdə bu tip xəstəlik xəbərinin yayılması xoşagəlməz sürpriz oldu. Sözsüz ki, insanların psixologiyasına təsirsiz ötüşmədi.
Yaşam boyunca ölüm qorxusu insanı təqib edir, pandemiya ilə əlaqədar bu qorxunu yaşayanların sayı artdı. Virusla bağlı evdə qalmaq və virusun yaratdığı qorxu zamanla insanların psixoloji durumuna təsir göstərdi. Bu səbəbdən insanlarda panik atak, stress, depressiya və müxtəlif fobiyalar müşahidə olunur. Psixoloji baxımdan ən çox əziyyət çəkənlərin əksəriyyəti ya əvvəllər psixoloji gərginlik yaşamış, ya da indi yaşamaqda davam edənlərdir. Gərginliyin aradan qaldırılması üçün “El ilə gələn toy-bayramdır” atalar sözünü xatırlayıb, pandemiyanın fərdi yox, kütləvi xarakter daşıdığını anlamaq lazımdır. Bu virusla tək şəxsin özü yox, dünya mübarizə aparır. Virusun ziyansız ötüşməsinin qarşısı alınması üçün müvafiq qaydalara riayət etmək lazımdır. Qorxmaq yox, ehtiyat etmək gərəklidir. İnsan psixologiyası fərdi olduğu üçün hadisələrə göstərdiyi münasibət də fərdidir. Bu münasibət insanın yaşına, cinsinə, təhsil və yaşayış səviyyəsinə və s. görə dəyişir.
Ailə insanın psixologiyası üçün təbii tələbatlardan hesab olunur. Heç kəs tək başına xoşbəxt olmaz. Qadının kişiyə , kişinin qadına , hətta qadın və kişinin onlardan törəyən övladlarına ehtiyacı var. Bu ehtiyac evlilikdə psixoloji vaciblik yaradır. Bəzən insanlar evlənməsə də belə birlikdə yaşamağın ehtiyacın duyarlar, daha sonra isə qarşıdakı illərdə ən böyük çətinlik yalnızlıq olduğunu anladıqları üçün müvəqqəti birgə yaşayışı rəsmiləşdirirlər. Şərqdə, xüsusən də vətənimizdə evlilik olmadan birgə yaşayış qəbul olunmur və adət halını almış hesab olunmaz. Çünki, Azərbaycan mədəniyyətində ailə başlıca-mərkəzi anlayışdır, ailəyə münasibət isə şəxsiyyətin sosial əhəmiyyətinin qiymətləndirməsinin və özünətəsdiqin vacib amilidir.
Yalnız olmaq istəmirik, bəs birgə yaşamağı necə bacarırırqmı? –bu sual hər zaman diqqət mərkəzindədir. Hər adamın öz həyat məkanı vardır-bu digər insanlarla qohum, dost, qonşularla olan münasibətlərdir. Onlardan ən yaxınları ilə münasibət artıq bilavasitə belə düzülür,”ev” “ailə”-bu insanların yaşadıqları yerdir, yalnız burada onlar özünü yaxşı hiss edir, etməlidir. Ancaq hər zaman gözlədiyimiz nəticəni vermir. Pandemiya dövrünə kimi birgə yaşayış probleminin müxtəlif səbəbləri araşdırılmış, bəzi həlli yolları göstərilmiş, bəzilərinə çarə tapılmamış olsa da pandemiya dövründə bu səbəblərin üzərinə daha bir çox səbəblər gəlmişdir. Adətən insan münasibətlərini zədələyən xüsusiyyətlər sırasında aqresiyyanı ön planda görürük. Pandemiya dövründə də səhhəti ilə bağlı narahatlıq, iqtisadi çətinlik , sosial münasibətlərdə durğunluq, azadlığın qismən məhdudlaşdırılması aqresiyanın artmasına daha böyük zəmin yaratdı. Əgər postpandemiya dövründə ailə və ailə üzvləri aqresiyalarını evdən kənarda olan münasibətləri ilə, iş həyatları ilə, gəzməklə, əylənməklə çıxara və ya yüngülləşdirə bilirdilərsə , pandemiya dövründə bu mümkün olmadı. Aqresiyanın mənbəyi də, elə çıxarılması nöqtəsi də ailə və ev oldu.
Ev və ailə ailə üzvlərinin hər birinin komfort zonası olmalıdır. Ancaq müasir dövr olmağına baxmayaraq sanki əksər ailələrdə ataxaqanlıq hələ də hökm sürür. Azərbaycanda kişi hər zaman evdə xüsusi hörmətə sahib olub, atanın yeri özünəməxsus bilinib. Ancaq bəzi ailələrdə bu hörmətdən sui istifadə olunur. Belə ki, ev bütün ailə üzvlərinin rahat ola biləcəyi bir yerdir. Ancaq kişinin rahatlığı təmin olunursa ana və övladlar ikinci plana keçir. Postpandemiya dövründə bu hallar ailə üzvləri biri-birini az görürdü deyə az yaşandığı halda pandemiya dövründə günün bütün hissəsini bir yerdə keçirmək məcburiyyəti olduğu üçün tərəflər arasında narazılıq və hətta münaqişələr yaşanır. Bu amillərin içərisinə ən kiçik pulyt davasından tutmuş, yemək şəkilləri, yuxudan durma, iş görmə, yemək bişirmə, siqaret çəkmə, hamamdan uzun zaman istifadə etmə, hətta telefonla danışma hallarına kimi aid etmək olar. Əslində kiçik görünən hər amil böyük problemə gətirib çıxarır. Tərəflər biri-birini nəzərə almır.
İnsanın həyatda ən böyük xoşbəxtliyi sağ olmasıdır, daha sonra sağlam olması. Televiziya və sosial mediada gedən xəbərlər gündəlik olaraq insanların maariflənməsi üçün böyük vasitədir. Ancaq ardıcıl olaraq yayımlanması insanlara mənfi təsir göstərir. Hal-hazırda bütün dünyanın diqqəti “COVID-19”la bağlı yayılan xəbərlərdədir. İnsanların məlumatlı olması lazımdır, ancaq psixikası zəif insanlar deyilən xəbərləri yüksək həssaslıqla qəbul edir və günboyu onun təsirində olurlar. Bu isə həm şəxsin özünün gündəlik həyat və davranışına, həm ətrafına təsir edir.
Sağlamlıqla bağlı sosial təcrid olunan insan eyni zamanda özü –özünü, ətrafını qorumalıdır. Yaşlı nəsil buna daha çox əməl edir, gənc nəsil isə etinasız yanaşa bilir. Belə olan halda da nəsillər arasında fikir ayrılığı yaranır. Evə girərkən düzgün dizinfeksiya qaydalarına əməl etməyən, sosial izolyasiyaya xüsusi fikir verməyən ailə üzvləri həssas olan üzv tərəfindən pis qarşılanır, irad bildirdikdə isə münaqişələr yaranır. Sosial təcrid zamanı cəmiyyətə ən çox təsir edən faktor bu dönəm ərzində sosial fəaliyyətin məhdudlaşdırılması və pandemiyanın gedişatı ilə əlaqədardır. Bunun qarşısını almaq üçün, ilk olaraq mövcud şəraitin fövqaladə hal olduğunu  qəbul etmək gərəkdir. Eyni zamanda ailəmizdə yaşlı insanlara həssas davranmalı onların bu təşvişin içərisində gizlətdiyi həyat eşqlərini görmək və pozitivə bağlamalıyıq.
İş , təhsil və ya digər səbəblərdən postpandemiya dövründə yalnız axşam saatlarında evə gəlib görüşən ailə üzvləri indi bir yerdə qaldıqları üçün biri-birilərinin davranışlarını görür, hətta özü də hiss etmədən qüsur axtarmağa başlayır. Belə olan halda qüsurlar tapır və bu münaqişələrə, daha sonra isə soyuqlaşmağa səbəb olur. Hər gün işə gedib gələn həyat yoldaşını gözəl geyimdə, bəzəkli görən bəzi həyat yoldaşı indi xanımını yalnız ev geyimində, bəzəksiz və yemək bişirdiyi halda görüb sanki ilk dəfə görürmüş kimi tamam aşağı dəyərləndirmədə yanaşa bilir. Eyni zamanda hər gün cibində müəyyən qədər pul ilə gələn kişini qadın artıq aylardır evdə pul qazanmamış görür. Sanki dəyərsiz və faydasız kimi başa düşə bilir.  Hətta başı işlərinə qarışan valideynlər belə övladlarının böyüdüyünü , əksəriyyətinin yeniyetmə olduğunu unudur. Övladlarında naqis davranış görüb korreksiya etmək əvəzinə problem yaradırlar.Valideynlərlə övladları arasında konflikt hər iki tərəfin əsəblərinin gərilməsinə zəmin yaradır.  Bir sözlə ailədə hər kəs öz eqosunu təmin etməyə çalışır, ancaq biri-birilərini incidərək, əzərək.  Ailə başqa birləşmə və qurumlar kimi deyil. Orda şəxsi eqo nəyin naminə olursa olsun təmin olunmamalı, təsdiqlənməməlidir. Ailədə öz mənafeyinlə yanaşı ailənin də maraq və mənafeyi qorunmalıdır. Çünki elə ailə insanın özüdür. Həm də ki, aşırı eqo bir insanın zəifliklərini gizləmək üçün istifadə etdiyi qalxan olduğu unudulmamalıdır.
Ümumiyyətlə, güclü insanların yüksək eqosu olmaz.Yüksək eqolu insanların davranışın əsasında özünəinamsızlıq , özünütəsdiq durur. Elə ailədə də əsas narahatlıqlar göstərilən səbəblər yox özünəinamsızlıq olan insanların şəxsiyyət kimi formalaşmasındakı qüsurlar durur. Əsl özünəinam insanın özünəhörmət olması ilə birlikdə özünü heç bir zaman yetərli görməməsidir. Ailədə də özünü yetərli görməyən üzvlər digər üzvlərə qarşı çox xoş və dürüst davranaraq həm özlərini həm də ailəni xoşbəxt etmiş olarlar. Yaxşı ailə olmaq üçün, düzgün valideyn olmaq üçün düzgün şəxsiyyət kimi formalaşmaq vacibdir. İnsanlar ilk öncə özünü, sonra münasibətlərini, daha sonra övladlarını tərbiyə edərlər. Ən böyük yanlış isə birinci övlad tərbiyəsindən başlamaq olur. O zaman bu proses çətin , həm də effektsiz olur. Nəzərə alınmalıdır ki, valideyn-övlad münasibətləri uşağın fiziki, emosional, psixoloji və sosial inkişafında mühüm rol oynayan faktorlardan biridir. Hər bir uşağın və valideynin yaşadığı, zövq aldığı və inkişaf etdiyi unikal bir bağdır. Bu münasibət uşağın şəxsiyyətinə , seçiminə və ümumi davranışına zəmin yaradır. Tədqiqatlar göstərir ki, sağlam valideyn-uşaq münasibətləri uşaqlar və ailə üçün müsbət nəticələr səbəb olur. Pozitiv valideyn-övlad münasibətləri uşaqlara dünya haqqında məlumat verir-dünyanın təhlükəsiz olub-olmadığını, onların sevilən olub-olmadığını, kimləri sevdiyini, ağlayanda, güləndə nələr baş verdiyini və s. öyrənməyə kömək edir.
Karantin dövrünü daha rahat keçirməyin ən birinci şərti “Sosial təcrid olunmuşam.”-deyə yox “Özüm özümə sağlam qalmaq üçün evdə qalmağa icazə verirəm” kimi yanaşmalıyıq. Daha sonra isə ailə üzvlərimizlə keçirdiyimiz zamanı, özümüzlə baş-başa qalmaq zamanını bir daha bu qədər uzun müddət yaşamayacağımızı düşünüb etməyə imkanımız olan davranışlarımızı edək. Unutmayaq, ən güclü qala evimizdir.
                                                                 Taciyə Mehdisoy
                  “Loqos” Psixoloji və Nitq İnkişafı mərkəzinin
                                     Gəncə filialının psixoloqu