Kəlbəcər tarix və arzu kontekstindəbackend

Azərbaycan sivilizasiyanın ən qədim mərkəzlərindən biri olmaqla yanaşı zəngin və qədim tarixə malikdir. Bu zəngin, qədim tarixə malik xalqın taleyində əzəli və əbədi Azərbaycan torpaqları olan Qarabağ xüsusi əhəmiyyət kəsb edir.
İlk insan məskəni olan, 1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları Kəlbəcəri işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər. Dağıdılmış mədəni abidələr — Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və s. Bütün bu tarixi abidələrin, inzibati ərazi vahidlərinin işğalı könüllərin edamı olmuşdur.Bu xalqın başına nələr gətirilmədi ki,..1930-cu ilin 8 avqust tarixində inzibati rayon statusu almış Kəlbəcər, 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Sülahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Biz bir xalq olaraq bütün tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin məhv edilməsinin çox böyük itkilər naminə şahidi olmuşuq. Bu şahidlik biz Azərbaycan gəncliyini hər bir zaman ayıq olaraq yenidən özümüzə qayıdış siqnalı ilə tariximizə nəzər salmağa və bu qanlı tariximizi yaddaşımızın daş evinə hörərək gələcək nəsillərə layiqli ötürməyə çiynimizə böyük vətəndaşlıq məsuliyyəti qoymuşdur.
Qarabağın digər inzibati ərazi vahidləri ilə yanaşı Kəlbəcər məkan olaraq daha çox maraq kəsb edir.Ona görə ki, Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri (daşdan) meydana gəlib. İnsanın özünə qayıdışı bu tarixi məkanda daha çox həssaslıq və tədqiqat aparacaq faktlarla aşkarlanır. Eramızdan əvvəl IV minilliyin sonu-III minillik Tunc dövrü və ya Kür-Araz mədəniyyəti adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yayılma sahəsi Kür-Araz ovalığıdır. Bu dövrdə əhalinin həyatında əkinçiliklə yanaşı maldarlıq da böyük rol oynayıb və dağlıq ərazilərdə də yaşayışa ehtiyac yaranıb. Yeni heyvan növlərinin əhliləşdirilməsi, xüsusilə də təsərrüfatda atdan istifadə olunması böyük əhəmiyyət kəsb edir. Kür-araz mədəniyyətinin son inkişaf mərhələsində artıq Azərbaycanın bütün dağlıq zonalarında (Xoşbulaq kurqanları və Xoləzək (Kəlbəcər), İstisu yaylaqlarında yaşayış məskənləri) məskunlaşma başa çatıb. Orta tunc dövrü Azərbaycanda qədim incəsənətin çiçəklənmə mərhələsidir. Saxsı qablar üzərində çəkilmiş naxışlar bunu bir daha təsdiqləyir. Qobustan (Böyükdaş,Yazılıtəpə), Gəlinqaya və Kəlbəcərin digər ərazilərində (Qoçdaşda) qayaüstü rəsmlərdə heyvanat aləmi, məişət və ov səhnələri, əyləncə və Magiya (şamanlıq) təsvir olunub. Kəlbəcər də qədim insan məskənlərindən biri olub. Burada ilk məskən salan albanların izləri də, onun qayaüstü təsvirlərində və küp qəbirlərində son illərə kimi, ermənilər bu müqəddəs yerləri tapdaq altına alana qədər, qalmaqda idi. Kəlbəcər antik dövrün abidəsi kimi də maraqlı ərazidir. Rayonun “Qaragöl” və “Zalxa gölləri” sahillərində, “Ayıçınqıllı” və “Pəriçınqıllı” dağlarında qayalarda həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanılıb. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılıb. Mürəkkəb quruluşlu bu tikilinin divarları (qalınlığı 2 metrə qədər) qaya parçalarından və çay daşlarından hörüldüyü bir daha bizə əsas verir deyək ki, bura ilk insan məskəni olub. Çünki o cür nəhəng qaya parçalarını sonrakı nəsil çətin ki, yerindən tərpədə bilsin. Həmin yaşayış yerlərində o dövrə aid, yəni b.e.ə. III minilliyə dair gil qab qırıqları, dən daşları, dəvəgözü və çaxmaqdaşından hazırlanmış bıçaqlar, ox ucluqları və s. də tapılıb. Burada aşkar edilmiş qaya təsvirləri ilə bir dövrdə (Tunc dövrü) yaşayış yerli tayfaların iqtisadi, sosial və mədəni həyatı haqqında təsəvvür yaranır və bir xalqın tarixinin yeni-yeni açılacaq zaman səlnaməsində faktlar sərgiləyir. Torpaq bizim ana laylamızdır, işıqlı həyata göz açdığımız və üstündə möhkəm mənəvi təməllərlə mətin addım atdığımız məkandır.İllərlə mətin addımlarımız sanki zəncirlənmişdi.Amma sabaha bir ümidimiz var idi.Bilirdik ki, bizim olan bizə çatacaq.Rəhmətlik ulu öndər Heydər Əliyevin söylədikləri xalqın ürəyinə ümid toxumu səpmişdi : “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”.
Bəli, nəhayət 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edildi. Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil oldu və nəzarəti ələ aldı. Bir xalqın tarixində bundan böyük qürurverici nə ola bilərdi ki?Bütövləşdikçə güclənirik.Gücləndikcə tam oluruq. Tam olan xalqı isə heç bir natamamlıq parçalaya bilməz!

Bakı Slavyan Universitetinin dosenti,
filologiya üzrə fəlsəfə doktoru Sədaqət Əsgərova