Kənan Qubadzadə: Azərbaycanda gənclər müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edirlərbackend

“Hər bir ölkənin inkişafını təmin edən mühüm amillərdən biri müasir çağırışlara uyğun gənclər siyasətinin həyata keçirilməsidir. Bu siyasət təkcə gəncliyin fiziki və mənəvi inkişafını təmin etmir, eyni zamanda, dövlətin gücünü artırır. Bu baxımdan, Azərbaycan nümunəsi müsbət örnək kimi diqqəti cəlb edir”. Bu fikirləri Gənclər Mərkəzi İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə deyib.

Azərbaycanda uğurlu dövlət gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən K. Qubadzadə bu siyasətin son 17 il ərzində müvəffəqiyyətlə davam etdirildiyini bildirib: “Prezident İlham Əliyev gəncliyin inkişafına xüsusi diqqət göstərir. Bunun nəticəsidir ki, ölkəmizdə milli maraqların ətrafında sıx birləşmiş sağlam gənclik mövcuddur və gənclər müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edirlər”.

Gənclər Mərkəzi İctimai Birliyinin icraçı direktoru əlavə edib ki, Azərbaycan gəncliyi Vətən müharibəsində öz borcunu şərəflə yerinə yetirib və torpaqlarımızın işğaldan azad olunmasında misilsiz şücaət nümayiş etdirib: “Bu, gələcəyə nikbin baxmağımıza əsas verən qürurverici reallıqdır”.