Kənan Qubadzadə: “Vətən müharibəsinin başlandığı ilk dəqiqələrdən Azərbaycan gəncliyi həmrəylik nümayiş etdirdi”backend

Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olan 2020-ci il 27 sentyabr rəşadətli Ordumuzun torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistanın növbəti təxribatına cavab olaraq əks-hücuma keçdiyi və 44 günlük Zəfər salnaməsini yazmağa başladığı tarixi gündür. İki il əvvəl baş verən bu möhtəşəm hadisə Azərbaycan xalqının əzilmiş qürurunu sağaltdı.

Xatırladaq ki, iki il öncə məhz 44 günlük Vətən müharibəsinin elə ilk günündən etibarən Azərbaycan gənclərinin vətənpərvərlik hissi hər kəsə bir daha məlum oldu. Azərbaycan gəncləri orduya qatılmaq, torpaqların işğaldan azad olunması üçün könüllü olaraq orduya yazıldı. Bütün bunlar onu göstərdi ki, torpaqlarımız uğrunda canından keçməyi üstün tutan vətənpərvər gənclərimiz var. Bu, hər birimiz üçün qürurlu, sevindiricidir və fərəhli bir hiss idi.

Xatırladaq ki, 2020-ci ilin 27 sentyabr tarixində hərbi komissarlıqların qarşısına yığışan yüzlərlə gənc, hətta ilk Qarabağ döyüşçüləri müharibəyə getmək istədiklərini açıq şəkildə bəyan edirdilər. Onların bu əzmi, istəyi sayəsində torpaqlarımız əsl sahibinə qovuşdu.

Iki il əvvəl Azərbaycan gənclərinin müharibəyə könüllü getmək arzusu, istəyi barədə fikir bildirən Gənclər Mərkəzi İctimai Birliyinin İcraçı direktoru Kənan Qubadzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Vətən müharibəsinin başlandığı ilk dəqiqələrdən Azərbaycan xalqı, dünya azərbaycanlıları həmrəylik nümayiş etdirdilər və torpaqlarımızın azad edilməsi uğrunda böyük birlik nümayiş etdirdilər: “44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlət başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı”.

Birlik sədrinin sözlərinə görə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun əsgərlərinin, zabitlərinin, bir sözlə, bütün şəxsi heyətinin qəhrəmanlığı, şücaəti nəticəsində 44 günlük Vətən müharibəsi bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini bir daha nümayiş etdirdi. Ordunun böyük bir qismini təşkil edən gənclərimiz Ali Baş Komandanın rəhbərliyi altında sözün həqiqi mənasında möhtəşəm bir tarix yazdı.

Həmsöhbətimiz onu da vurğuladı ki, Azərbaycan müharibə şəraitində yaşadığından, cəmiyyətimizdə vətənpərvərliyin təbliğatı ən ümdə məqsəd və ən ali vəzifələrindən biri idi: “İşğalçı Ermənistan tərəfindən artıq illərdir elan olunmamış müharibəyə cəlb edilmişdik və nəticə etibarilə, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdı. Əlbəttə ki, belə bir şəraitdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir. Belə ki, vətənpərvərlik kimi ülvi və ali bir hissin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə, bütöv bir xalqın gələcəyini təmin edən amillərdən ən vacibidir. Təbii ki, gənc nəslin buna yiyələnməsi, bütövlükdə, dövlətin ümummilli azərbaycançılıq ideologiyasının qorunması baxımından müstəsna əhəmiyyətə malikdir”.

K.Qubadzadə bildirdi ki, 44 günlük Vətən savaşının ilk günlərindən etibarən ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) çoxsaylı müraciətlər etdilər. Xeyli sayda Azərbaycan gənci könüllü olaraq döyüşə qatılmaq istəyirdi: “Xatırladım ki, zamanla  gənclərimizin unutqan olduğunu, döyüş, hərbi-vətənpərvərlik ruhlarının olmadığını deyirlər, amma 2020-ci ildə bunun əksi müşahidə olundu, əsl reallıq göründü. Azərbaycan gəncliyinin böyük əksəriyyəti Qarabağın azadlığı üçün döyüşməyə və yeri gəlsə, canını fəda etməyə hazır vəziyyətdə dayandığını bütün dünya gördü. Xatırladım ki, İkinci Qarabağ müharibəsi zamanı gənclər axın-axın cəbhə bölgəsinə döyüşə getmək üçün meydanlara çıxdı. Ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətlər ediblər. Bu bir daha göstərdi ki, xalqımız mübarizə əzmindədir və Ali Baş Komandanın əmrini gözləyirdi”.