“Kəpəz”: Məğlubiyyətsiz seriya, yüksələn qrafik və dəyişən mənzərəbackend

Azərbaycan Premyer Liqasının üçüncü dövrəsi “Kəpəz” üçün tam fərqli ovqatda keçir.

Mövsümün əvvəlində qeyri-sabit çıxışla yadda qalan Gəncə təmsilçisi artıq daha sistemli, daha inamlı və ən əsası – nəticə verən futbol sərgiləyir.

“Sarı-göylər” üçüncü dövrədə keçirdikləri 4 oyunun heç birində məğlubiyyət üzü görməyiblər. Komanda bu görüşlərin ikisində qələbə qazanıb, ikisində isə heç-heçə edib.

Toplanan 8 xal “Kəpəz”in yüksəlişinin ən real göstəricisidir. Bu mərhələdə Premyer Liqada yalnız bir komanda daha yaxşı nəticə ilə öyünə bilər.

Amma məsələ təkcə xallar deyil. “Kəpəz”in kimlərə qarşı bu nəticəni əldə etməsi daha çox diqqət çəkir.

Qələbələrdən biri “Sumqayıt” üzərində qazanılıbsa, digəri Azərbaycan futbolunun flaqmanı sayılan, Premyer Liqanın son çempionu və Çempionlar Liqasında tarix yazan “Qarabağ”a qarşı olub.

Xüsusilə “köhlən atlar” üzərindəki zəfər bu mövsümün ən diqqətçəkən nəticələrindən biri kimi qiymətləndirilə bilər. Belə ki, “Qarabağ”ı bir mövsümdə iki dəfə məğlub etmək hər kişinin işi deyil.

Ağdam təmsilçisini cari futbol ilində iki dəfə üstələyən yeganə yerli komanda məhz “Kəpəz”dir. Ümumiyyətlə isə “Qarabağ”la iki oyundan qalib ayrılan digər kollektiv İngiltərənin “Nyukasl” klubudur.

Bundan başqa, Ağdam klubunun ölkə çempionatında hegemonluğu ələ aldığı 2013–2014-cü il mövsümündən bəri bunu yalnız 3 komanda bacarmışdı.

“Kəpəz” son 12 mövsümdə Qurban Qurbanovun yetirmələrini iki dəfə məğlub edən 4-cü kollektiv olub.

Nəzərə alsaq ki, “sarı-göylər” sonuncu dəfə “Qarabağ”dan 2002-ci ildə 3 xal almışdı, bu nəticə xüsusi əhəmiyyət daşıyır.

24 illik uğursuz seriya klubun İdarə Heyətinin üzvü Fərman Əlizadə və baş məşqçi Azər Bağırovun birgə fəaliyyəti nəticəsində qırılıb.

Heç-heçələr də təsadüfi nəticə deyil. “Zirə” ilə oyunda rəqib son saniyələrdə məğlubiyyətdən xilas olub (2:2). “Turan-Tovuz” isə Yevlaxda keçirilən qarşılaşmada “Kəpəz”dən 1 xalı çətinliklə qoparıb (1:1).

Bu yüksəlişin arxasında isə, təbii ki, sistem dayanır. Yeni rəhbərliyin gəlişindən sonra klubda aparılan islahatlar artıq meydanda öz əksini tapmağa başlayıb.

Akademiyada infrastrukturun yenilənməsi, məşq şəraitinin yaxşılaşdırılması, komandadaxili nizam-intizamın gücləndirilməsi və ümumi idarəetmədə daha peşəkar yanaşmanın tətbiqi “Kəpəz”in inkişaf trayektoriyasını dəyişib.

Uzun müddət problemlərlə gündəmə gələn klub artıq nəticələri ilə danışır. Görünən odur ki, “Kəpəz” təkcə xallar qazanmır.

Gəncə təmsilçisi addım-addım öz nüfuzunu geri qaytarmağa doğru irəliləyir.

SPORTİNFO.AZ