Kibertəhlükəsizlik Mərkəzinə mediatur təşkil olunub – FOTOLARbackend

28 mart tarixində açılışı baş tutan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İsrailin texnologiya üzrə ən nüfuzlu ali təhsil müəssisəsi – “Technion” İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə media-tur təşkil olunub.

İctimai.az xəbər verir ki, “PAŞA Holding” şirkətlər qrupunun dəstəyi ilə qurulan mərkəz ölkənin kibertəhlükəsizlik imkanlarını gücləndirmək məqsədilə yaradılıb. Mərkəz bu sahədə yüksək ixtisaslı mütəxəssis və təlimçilərin yetişdirilməsində əsas mərkəz rolunu oynayacaq. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 3 il ərzində 1000-dən çox şəxsə təlim verilməsi nəzərdə tutulub. Eyni zamanda mərkəzdə 15 təlimçinin yetişdirilməsi sayəsində gələcəkdə ölkəmizdə kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması planlaşdırılır.

Kibertəhlükəsizlik sahəsində regionda lider ölkələrdən hesab edilən İsrailin peşəkar müəllim heyəti mərkəzdə ən müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş sinif otaqları, təlim otaqları, simulyasiya otaqları və laboratoriyalarda təlim iştirakçılarına dərs keçirlər.

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində dərslərə artıq start verilib. 2000 nəfərin müraciət etdiyi seçimlərdə imtahan və müsahibə mərhələlərindən uğurla keçən 60 nəfər dərslərə cəlb olunub. Tədris müddətində ixtisaslaşmış kadr hazırlığı, məlumatlandırma təlimləri, yüksək vəzifəli kibertəhlükəsizlik mütəxəssislərinin ixtisas artırması üzrə təlimlər, kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı olmaqla 4 istiqamətdə təlimlər keçirilir.

“Technion” İnstitutunun təlim proqramına əsasən keçiriləcək təlimlərdə nəzəri və praktiki biliklər öyrədiləcək. Hər təlim periodu üçün 60 nəfər mütəxəssisin hazırlanması nəzərdə tutulur. Təlimlərdə 3 növ mütəxəssislərin hazırlanması planlaşdırılır: “Red Team” (hücum), “Blue Team” (müdafiə), “SOC Team” (analitika). Hər birində 20 nəfər olmaqla 3 növ ixtisasda hücum, müdafiə və analitiklərdən ibarət komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər.

Təlimi uğurla bitirənlərə “Technion” İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.