Yanvarın 5-də Şimali Koreya lideri Kim Çen In Kursk vilayətinin azad edilməsində iştirak etmiş Koreya Xalq Ordusunun əsgərlərinin şərəfinə Memorial Muzeyin tikintisinə baş çəkib. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Agentlikdən verilən məlumata görə, dövlət başçısı tikintinin bütün mərhələlərində yüksək keyfiyyəti təmin etmək istəyinə və fədakar əməyinə görə inşaatçı əsgərlərə minnətdarlığını bildirib. O, hərbçilərlə birlikdə muzeyin ərazisində ağac əkilməsində iştirak edib.
Kim Çen In qeyd edib ki, “ədalət və ləyaqət uğrunda müqəddəs müharibə”də döyüşçülərin göstərdiyi şücaətlər ölkənin qüdrəti üçün möhkəm təməl olacaq və vətəndaşların qəlbində vətənpərvərlik ruhunu aşılayacaq. O, Memorial Muzeyi hərbçilər üçün “partiya və xalqın əbədi minnətdarlıq və ehtiramının kristalı”, habelə Koreya əsgərlərinin şücaətini simvolizə edən abidə kimi səciyyələndirdi.















