Kimliyindən asılı olmayaraq hər kəs karantin məhdudiyyətlərini tənzimləyən qaydalara riayət etməlidirbackend

Sonuncu prezident seçkilərindən sonra dövlətimizin başçısı Azərbaycanda yeni dövrün başlandığını elan etdi. Bütün sahələrdə islahatlara start verildi. Korrupsiyaya, vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslərə qarşı kəskin münasibət ortaya qoyuldu. Bu sahələrdə işlər bu gün də davam edir və ən əsası odur ki, bunun üçün siyasi iradə mövcuddur.

Bu fikirləri  açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin bu qətiyyətli mövqeyi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir və insanlar bu siyasəti dəstəkləyirlər. Azərbaycan dövləti qlobal pandemiya dövründə də ölkədə vəziyyəti nəzarətdə saxlamaq, insanların sağlamlıqlarını qorumaq istiqamətində bütün imkanlarından istifadə edir. Təbii olaraq dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da məhdudiyyətlər tətbiq olunur. Bu məhdudiyyətlərin yeganə səbəbi insanları daha böyük fəsadlardan qorumaqdır. Məhdudiyyətləri tənzimləyən qaydalara isə hər birimiz riayət etməliyik. Burada kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq hər kəsdən çox sadə bir tələb var – qaydalara əməl etmək. Pandemiya başlanan zaman ölkə başçısı xalqa çox dəqiq və düşünülmüş bir mesaj verdi – biz birlikdə güclüyük. Birlikdə güclü olmağın bir tərəfi insanların qaydalara əməl etməsidirsə, digər tərəfi məmurların qlobal pandemiya dövründə düşünülmüş həllər təklif etmələri, Operativ Qərargahın işinə öz səlahiyyətləri çərçivəsində dəstək vermələri və ən əsası, qaydalara daha ciddi əməl etmələridir. Əfsuslar olsun ki, bu hallardan düzgün nəticə çıxarmayan və ya çıxarmaq istəməyən bəzi vəzifəli şəxslər özlərini xüsusi imtiyazlı hesab edərək pandemiya dövründə qaydaları pozurlar. Ölkə başçısının siyasi iradəsi hər kəsdən qanunlara əməl etməyi və vəzifə səlahiyyətlərini düzgün icra etməyi tələb edir. Çox təəssüf ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev öz övladına karantin dövründə toy məclisi təşkil edib. Bu, qətiyyən yolverilməz haldır. Karantin dövründə yüzlərlə gəncin toy mərasimləri təxirə salındı. Əgər sadə insanlar bu qaydalara əməl edirlərsə, deməli, vəzifəli şəxslər, dövlətinə, xalqına, Prezidentinə sadiq olan və dəyər verən adamlar daha ciddi şəkildə əməl etməlidirlər. Onlar nümunə olmaq əvəzinə nümayişkaranə şəkildə sanki Azərbaycan dövlətinə meydan oxudular. Bu da nəticəsi. Məhkəmə qarşına çıxdılar və qanuna uyğun olaraq cəzalarını aldılar. Yeri gəlmişkən, toy məclisindən yayılan kadrlardan məlum olur ki, orada müxtəlif siyasi söhbətlər də gedir. O söhbətləri edənlər də, Azərbaycan xalqı da yaxşı bilir ki, müasir Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin, hazırkı dövrdə isə Prezident İlham Əliyevin adı ilə bağlıdır.

İctimai.az