Klinik psixoloq Narınc Rüstəmova: “Valideynlər hər şeydə mükəmməllik axtarırlar” – (MÜSAHİBƏ – FOTOLAR)backend

Klinik Psixoloq Narınc Rüstəmova: “Valideynlər hər şeydə mükəmməllik axtarırlar. Bu mükəmməllik sonda uşaqlarda məsuliyyətsizliyə gətib çıxarır. Artıq avtoritar ailə modeli arxada qaldı. Yeni və gənc nəsildə güvənli ailə modeli təsəvvür edə bilirik. Çünki, gənc valideynlər daha məlumatlıdırlar. Biz informasiya əsrində yaşayırıq”.

“NARINC” Uşaq Psixologiya Mərkəzinin təsisçisi və rəhbəri, Klinik psixoloq Narınc Rüstəmovanın “İslahat.az” xəbər portalına müsahibəsini təqdim edirik.

Narınc xanım, sizi artıq tanımayan yoxdur demək olar ki… Amma, istərdim ki, təqdimatınızı sizin özünüzdən eşidək.

Əlbəttə, adımın qarşısına çox uzun-uzadı sözlər, titullar, elmi dərəcəm, müəllifi olduğum kitabları və s. vurğulamaq olar. Amma mənim ən çox sevdiyim təqdimat forması “çoxuşaqlı ana”, Klinik Psixoloq Narınc Rüstəmovadır. Mən həqiqətən də özümü sadəcə Məsud və Elnarın deyil, psixi sağlamlığına qovuşdurduğum, nitqini açdığım, yeritdiyim bütün balalarımın anası kimi hiss edirəm, bu ailələrin bir üzvünə çevrilirəm. Onların ən xırda irəliləyişlərinə, uğurlarına elə anaları kimi ürəkdən sevinir, sevinc gözyaşları tökürəm. Ona görə də elə ən yaxşısı “çoxuşaqlı ana”, Klinik Psixoloq Narınc Rüstəmova.

Psixologiya sahəsinə bağlılığınızın səbəbi nələrdir? Hər şey haradan başlayıb?

Məndə insanlara qarşı sevgi, diqqət uşaqlıqdan olub. Həmişə bu cəhətdən ailəmdə fərqlənmişəm. Bu gün də valideynlərim mənə həmişə insanlara qarşı, ailə üzvlərinə qarşı diqqətli olduğumu, dinləməyi xoşladığımı mütəmadi olaraq xatırladır. Və tale elə gətirdi ki, mən Psixologiya fakultəsinə qəbul oldum. Ondan sonra da artıq birinci kursdan başlayaraq bir çox fakultətiv tədbir və seminarlarda aktiv iştirak edirdim. Bu sahəyə sevərək gəlməyim sonradan bir mütəxəssis olaraq yetişməyimdə çox böyük rol oynadı.

Uşaqlarla işləməyin hansı çətin tərəfləri var?

Bizim həmişə Elnur müəllimlə bu barədə maraqlı müzakirələrimiz olur. Elnur müəllim daha çox böyüklərlə işləyir. Mən həmişə deyirəm ki, böyük insan konsultasiyaya gələn zaman öz məsuliyyətini dərk edir. Və ən azından fikirləşir ki, mən psixoloqla artıq görüşdəyəmsə, demək ki, problemimi həll etməliyəm. Uşaq üçün isə vəziyyət bir qədər fərqlidir. Maddiyyat tərəfi ümumiyyətlə ona maraqlı deyil. Onun əsas motivi oyun və əyləncədir. Gördüyünüz kimi, bizim mərkəzimiz çox rəngli, maraqlı, uşaqlar üçün diqqətcəlbedici bir dizayndadır. Uşaqlar buranı xəstəxana, iynə vurulan və ya hansısa qorxulu bir yer kimi təsəvvür etməsinlər deyə, bu ab-havanı yaratmaq istəmişik. Düşünürəm ki, uşaq sahəsi daha çətindir. Çünki, uşaqla işləyən zaman evdə ana ilə işləməliyik, ata ilə işləməliyik, nənə, baba, əmi, bibi və s. kim varsa, ailədə onlarla da psixoloji iş aparmalıyıq. Və yaxud da bağçaya gedirsə, bağça müəllimləri ilə, məktəbə gedirsə, məktəb müəllimləri ilə, yəni, uşağın çevrəsini əsas kim əhatə edirsə, uğurlu korreksiya üçün onları da hədəfimizə almaq məcburiyyətindəyik. Bəlkə də hər bir istiqamətin dərinliyinə getdikdə daha çətin hesab olunur. Amma, yenə də mən hələ ki, bu fikrimdə qalıram.

Psixoloq kimi ehtiyac olduqda öz övladlarınıza da konsultasiya keçirsinizmi?

Əlbəttə ki. Bizim hər anımız belədir. Övladlarımın düzgün tərbiyə olunmasında Elnur müəllimin  və eləcə də özümün psixoloji bilik və bacarıqlarımız çox köməyimizə çatır. Heç bu sahədə işləməsəydim belə, psixoloji biliklərin mənə ən azı bir valideyn kimi faydalı olacağına inanırdım. Və oldu da! Düzdür, insanlar hər zaman daha idealını gözləyir və bizdə ideal anlayışı da əsgər kimi nizamlı durmaq, oturmaq kimi qəbul edilir. Amma xeyr! Yeri gəldikdə mənim oğlum hiperaktivdir. Bunlar ən çətin olan uşaqlardır, hansı ki, onlar dayanmırlar, davamlı olaraq hərəkətdədirlər, istədiklərini edirlər, istədiklərini deyirlər. Belə uşaqlarla necə davranmaq lazım gəldiyini bildiyim üçün, hələ ta çağalıq dövründən onda korreksiya işləri aparmağa başlamışam. Oğlum çox şən uşaqdır, heç vaxt tərbiyəsizlik etməz, amma, olduqca enerjilidir. Mən bunu bilirəm və qəbul edirəm. Mənim gözləntilərim də oğlumun xarakterinə uyğundur. Əgər mən ondan sakit olmağı gözləsəm, onun üzərinə düşəcəm, onu da, özümü də incidəcəm. Bunu bir psixoloq olaraq öyrənmişəm. Və bir psixoloq birinci özünə və öz ailəsinə faydalı ola bilməlidir. Əks təqdirdə seanslarda da faydalı ola bilməz, işin keyfiyyətinə mənfi təsir göstərər.

Sizcə, ən çox psixoloji problemlə böyüklər rastlaşır ya uşaqlar?

Hazırda vəziyyət belədir: Psixoloji problem yaşayan böyüklərin böyütdüyü psixoloji problemli uşaqlar. Sadəcə olaraq valideynlər hər zaman övladlarının sağlamlığını ön plana çəkdikləri üçün öz reabilitasiyalarını arxa plana atır.

Ailə və iş mövzusunda qızıl qaydanız nədir?

Burada ən önəmli nüans “Yaxşı həyat yoldaşı”nın olmasıdır. Təbii ki, bu prosesə həm də yaxşı uşaq, yaxşı iş kriteriyaları da daxildir. Çünki, mən işə gələndə də ailəmdəyəm kimi hiss edirəm, burda belə iş görərkən dincələ bilirəm. Və ən önəmlisi qeyd etdiyim kimi, işin başı yaxşı və anlayışlı həyat yoldaşıdır. Qarşılıqlı anlaşma, sevgi və sayğı əhatəsində olduqda hər bir çətinlik baş əyir qarşınızda. Və eyni zamanda gününü düzgün planlaşdırma, saatlarını düzgün bölə bilmək də mühüm rol oynayır. Həm ailəyə, həm də işə kifayət qədər zaman ayırmaq lazımdır.

Mərkəzinizə müraciətlər içərisində uşaqlarda daha çox rast gəlinən psixoloji problemlər hansılardır?

Bu gün uşaqlarda rast gəlinən psixoloji problemlər dəyişkəndir. Əgər biz uşağı tərbiyə ediriksə, cəmiyyətin bugünkü psixologiyasına uyğun etməliyik. Təbii ki, valideynlər çox zaman indiki dövrü öz dövrləri ilə müqayisə edirlər. Bu da müəyyən problemlər yaradır. Bizim ən çox rast gəldiyimiz problem uşağın anaya bağlı olmasıdır. Bu da valideynin uşağa diqqətinin artmasına gətirib çıxarır. Bizdən əvvəlki dövrlərdə çoxuşaqlı ailə dedikdə, 8-9 uşağa sahib olan nəzərdə tutulurdu. Amma bu gün isə çox uşaqlı ailə dedikdə, ən çox 3 uşaq nəzərdə tutulur. Qayğılar artıqca, valideynlər uşaqlarını daha da sərbəstliyə meylləndirirdi. Ancaq, günümüzdə uşaqların az olması valideynlərin övlada olan qayğısını artırır. Düşünürlər ki, 1 övladım var, hər şeyin yaxşısını onun üçün edim. Bu da uşaqlarda ərköyünlüyə, şıltaqlığa və davranış pozuntusuna səbəb olur. Uşaqlar valideynlərin zəif nöqtəsini biləndə, artıq öz istədiklərini etməyə başlayırlar. Yəni, kompyuterə, televizora yönəlirlər. Hətta elə analar var ki, 8 yaşlı uşağını hələ özü çimizdirir, yedizdirir, geyindirir. Bu da uşaqlarda tənbəllik, öz məsuliyyətini dərk etməmək problemi yaradır. Ana göstəriş vermədən uşaq heç bir iş görmür. Davamlı şəkildə nəzarət normal deyil. Bu, uşaqlarda özgüvənsizliyə səbəb olur və stressə davamsızlıq yaradır. Xüsusən də belə uşaqlar cəmiyyətə adaptasiya olmaqda çətinlik çəkirlər, sosial mühitə öyrəşə bilmirlər. Daha çox da onlarda davranış problemləri yaranır. Bu da uşaqlarda çəkingənlik və ağlamalarla müşahidə olunur. Bir sözlə, “evdə xoruz olurlar, çöldə fərə”.

Həmin uşaqların problemləri bağça dönəmində və məktəbdə daha çox özünü göstərir. Çünki sinifdə və bağçada uşaqların sayı çox olduğundan müəllim bütün diqqətini 1 uşağa yönəldə bilmir. Təbii ki, uşaqlar evlərində gördükləri qayğını bağçada və məktəbdə görə bilmirlər. Bu da zaman keçdikcə uşaqları aqressivləşdirir. Aqresiya yarandıqda isə uşaqlarda davranış pozuntusuna gətirib çıxarır. Uşaqlar anadan ayrıla bilmir. Analarını məcbur edirlər ki, onlarla birgə məktəbdə, bağçada otursunlar. Düşünürlər ki, analarının yanında güvəndə olurlar. Analar da uşaqlarını özgüvənsiz böyüdürlər. Valideynlər hər şeydə mükəmməllik axtarırlar. Bu mükəmməllik sonda uşaqlarda məsuliyyətsizliyə gətib çıxarır. Artıq avtoritar ailə modeli arxada qaldı. Yeni və gənc nəsildə güvənli ailə modeli təsəvvür edə bilirik. Çünki, gənc valideynlər daha məlumatlıdırlar. Biz informasiya əsrində yaşayırıq. Gənc valideynlər uşaq psixologiyası ilə tanış olurlar, ailələrimiz psixoloqlara gedirlər. Bu çox yaxşı haldır ki, gənclər uşaqlarını tərbiyə edən zaman psixoloq yardımı alırlar.

Hansı növ psixoloji problemin həlli mərkəzinizdə yoxdur?

Sırf ağır psixiatrik problemi olan pasientlər, hansı ki, mütləq stasionar müalicə almalıdır.

Gənc xanımlar üçün hansı mesajları vermək istərdiniz?

İndi dövr dəyişib, karyera quran, işgüzar xanımların sayı get-gedə artır. Bu məni çox sevindirir və qürurlandırır bir xanım olaraq. Amma, ən birinci tövsiyəm bu olardı ki, bütün zamanı karyera, təhsilə ayırıb, ailə həyatını arxa planda qoymasınlar. Bəzən insanın başı işinə, təhsilinə elə qarışır ki, bir də gözünü açıb görürsən ki, yaş ötüb, ömrün yarısı gedib, amma, hələ də sığınacağın, güvən duyacağın bir həyat yoldaşın, can parçan olan balalar əksikdir həyatında. Mütləq bunu balanslaşdırmağı bacarsınlar. İnanın düzgün zaman bölgüsü edəndə həm işə, həm təhsilə, həm dosta, həm də ailəyə yetərli vaxt ayırmaq mümkün olur. Bax gənc xanımlarımıza bu qızıl ortanı tapmağı və daim saxlamağı tövsiyyə edirəm.

Səma Qurban

İslahat.az